“Həmişə birinci olmaq istəyirəm” – Rafael Ağayev üçün özəl gün

1964

“Özümə arzu edirəm ki, həmişə birinci olum”

Bu gün Azərbaycanın tanınmış karateçisi, 5 dəfə dünya, 11 dəfə Avropa çempionu olmuş Rafael Ağayevin doğum günüdür. 35 yaşını qeyd edən karatenin “briliantı” ad günü təəssüratlarını Azvision.az-la bölüşüb.

– Rafael bəy, ömrün yeni çağına qədəm qoydunuz. Yaşınız çox olmasa da, hər halda bu sualıma cavab verə bilərsiniz: Deyirlər, yaş kişinin var-dövlətidir. Sizcə, yaşdan var-dövlət olar?

– Mən var-dövlətə ikinci planda baxıram. Allah nə ömür veribsə, onu da canla-başla yaşayacam. Bir arzum var ki, həmişə birinci olum və bayrağımızı yüksəklərə qaldırım.

– Keçmişi xatırlayanda ən çox hansı illəriniz üçün darıxırsınız?

– Məktəb illəri, sinif rəhbərim, sinif yoldaşlarım yada düşəndə darıxıram. Məktəb vaxtı çox dəcəl olmuşam. Məktəbdən qaçmışam, dərsə girməmişəm. Belə şeyləri xatırlayanda özüm-özümə gülürəm.

– Sizi necə təbrik etsələr, ürəyinizcə olar?

– Uzun ömür, can sağlığı, ailə səadəti və olimpiadanın qızıl medalını arzulasınlar. Bu, mənə bəs edər.

– Hansı idmançının sizi təbrik etməsini istərdiniz? Kimin zəngini gözləyirsiniz?

– Ağlıma elə bir idmançı gəlmir. Bir Hacı Əliyevdir, o da dünəndən təbrik edib, bu gün də telefonda danışmışıq.

– Doğum gününü necə qeydə edəcəksiniz?

– Adətən doğum günümü qeyd etmirəm. Ailəmlə birlikdə evdə yığışırıq. Bu ayın 25-i Avropa çempionatı keçiriləcək. Əgər qızıl medal qazansam, o zaman həm özümün və övladımın ad gününü, həm də olimpiadaya lisenziya qazanmağımı qeyd edəcəyəm. Bu münasibətlə yığıncaq təşkil edərəm və dostlarımı, qohumlarımı çağıraram.

Şahanə Rəhimli, Azvision.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər