AYNA-nın Bakı-Sumqayıt ekspres avtobusları ilk buraxıldığı zamanlar çox yaxşı olsa da, hazırda bəzi şikayətlər var. Belə ki, avtobus intervalı əvvəl daha tez-tez idi, indi insanlar gözləyir, bu da sıxlıq yaranmasına səbəb olur.
Bəs ekspres avtobuslarda interval probleminin səbəbi nədir?
Məsələ ilə bağlı AYNA-dan sorğumuza cavab olaraq bildirildi ki, Sumqayıt və Bakı avtovağzallarını birləşdirən 595 nömrəli ekspres avtobusları sərnişinlərin ixtiyarındadır. 8 avtobus 8-10 dəqiqəlik intervalla sərnişinlərə xidmət göstərir.
Vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq Sumqayıt şəhər avtovağzalını metronun “20 Yanvar” stansiyası ilə əlaqələndirən 594 nömrəli marşrut xətti də yaradılıb. Xətt üzrə gündəlik olaraq 22 avtobus 6 dəqiqə intervalla fəaliyyət göstərir. Sumqayıt şəhərinin Sülh küçəsini metronun “Azadlıq Prospekti” stansiyası ilə əlaqələndirən 123 nömrəli marşrut xətti üzrə 21 avtobus 8-10 dəqiqə intervalla fəaliyyətdədir.
Eyni zamanda, Bakı-Sumqayıt istiqamətində gündəlik olaraq 502 və 533 nömrəli müntəzəm marşrut xətləri üzrə 10 avtobus sərnişinlərə xidmət göstərir. Qeyd edək ki, paytaxtın çıxışında müşahidə edilən nəqliyyat sıxlığı avtobusların hərəkət intervalının artması ilə nəticələnə bilir.
Qeyd edək ki, sərnişinlər sərnişindaşıma sahəsində qarşılaşdıqları müxtəlif məsələlərlə bağlı AYNA-nın “141” Çağrı Mərkəzi və ya sosial şəbəkə hesabları üzərindən müraciət edə bilərlər. Hər hansı bir fakt varsa, araşdırılaraq vətəndaşa məlumat veriləcək.
Müzakirə qapadılmışdır.