1994-cü ilin oktyabr – 1995-ci ilin mart aylarında xaricdən yönəldilən və idarə olunan hərbi-siyasi müxalifətin çevriliş cəhdlərinin qarşısının alınmasından, “Azərbaycanda zor gücünə, silahlı dəstələrdən istifadə etməklə hakimiyyətə gəlmək ənənəsinə son qoyulduqdan” sonra ölkəmizin ən yeni tarixinin artıq keyfiyyətcə yeni mərhələsi başlanırdı. Yeri gəlmişkən, biz “Yeni Aərbaycan” qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlunun belə bir fikri ilə razıyıq ki, “əgər 1991-1993-cü illər ərəfəsində edilmiş çevriliş cəhdləri hakimiyyət boşluğu və böhranından, ölkəyə rəhbərlik edən şəxslərin irrasionallığından qaynaqlanırdısa, 1993-cü ildən sonrakı cəhdlər Ümummilli lider Heydər Əliyevin siyasi sabitliyi və ümummili bütövlüyü təmin etmək üçün gördüyü tədbirlərə əks reaksiya idi”.
Yeni mərhələnin səciyyəvi xüsusiyyətləri kimi sabitliyin tamamilə bərqərar olması, siyasi və dövləti institutların, hakimiyyət strukturlarının formalaşmasının başa çatdırılması çıxış edirdi. Məhz bu mərhələdən etibarən Heydər Əliyev böhran meneceri missiyasını uğurla başa vurur və sözün tam mənası ilə dövlətçiliyimizin memarı vəzifəsini şərəflə həyata keçirir; dünyanın analoji problemlərlə üzləşən bir çox ölkələri üçün örnək sayıla biləcək işlək idarəçilik mexanizmlərinə, daim inkişafda olan sosial-iqtisadi strukturlara malik, qlobal kolliziyalar şəraitində optimal xarici siyasi kurs yürüdən və müxtəlif növ təhdid və çağırışlara adekvat cavablar təqdim edən, qlobal, regional və daxili siyasi trendlərin düzgün təhlilinə əsaslanan dövlətçilik modelinin – Üçüncü respublikanın institusional əsaslarının və fəaliyyət prinsiplərinin yaradılması məhz Ulu Öndərin yeni – dövlət quruculuğu strategiyasını müvəffəqiyyətlə gerçəkləşdirməsinin bariz ifadəsi idi.
Beləliklə, 1993-2003-cü illərdə Heydər Əliyev böhrandan effektiv çıxış kursunu həyata keçirməyə, eləcə də keyfiyyətcə yeni funksional sistem, başqa sözlə Azərbaycan dövlətçiliyinin yeni modifikasiyasını yaratmağa müvəffəq olmuşdur; bu zaman o, siyasi yaradıcılıq subyekti kimi fəaliyyət göstərərək, məzmun və mahiyyət etibarı ilə yeni idarəçilik metodlarını və üslublarını işləyib hazırlamış və tətbiq etmişdir.
Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də hüquqi dövlətin Azərbaycan modelini yaratması olmuşdur. Bu istiqamətdə ən mühüm addım 1995-ci ilin noyabrın 12-də müstəqil Azərbaycan dövlətinin konstitusiyasının ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi idi. Prezident İlham Əliyevin 21 yanvar 2013-cü il tarixli “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” sərəncamında vurğulandığı kimi, “Ölkəmizin Əsas Qanunu – Konstitusiyanın qəbul edilməsi, hakimiyyətlərin bölünmə prinsiplərinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissəsidir”. Bu konstitusiya Azərbaycan tarixində ilk dəfə olaraq müasir demokratiya standartlarına tamamilə cavab verməklə, ölkədə gedən institusional dəyişiklikləri dünyanın qabaqcıl ölkələrinin hüquqi-normativ təcrübə və praktikalarına uyğun məcraya yönəltmişdi. Lakin demokratiya ideyası bu zaman mexaniki yox, yaradıcı surətdə emal edilərək, Azərbaycanın milli-mənəvi dəyərlər sistemi ilə mütənasiblikdə götürülmüşdür.
Yeri gəlmişkən, bir məsələyə münasibətimizi bildirmək istərdik.
Heydər Əliyev demokratik inkişafın, yeni siyasi və sosial gerçəkliyin doğurduğu transformasiyanın önəmini və zəruriliyini şüurlu surətdə qəbul etmiş və bu istiqamətdə nəhəng işlər görmüşdü. Fəqət onun analitik zəkası demokratiyanı ehkamçı, müəyyən “universalist” şablonlar üzrə epiqonçu mənimsənilməsinin xalqımızın və dövlətimizin strateji mənfəətləri nöqteyi-nəzərindən son dərəcə yararsız və hətta zərərli olduğunu anlamağa imkan verirdi. Ulu Öndər “Yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətində” özünün demokratiya haqqında təsəvvürlərini aşağıdakı şəkildə xülasə edirdi: “demokratiya xaos, hərc-mərclik, özbaşınalıq deyildir. Demokratiya ictimai-siyasi sabitliyin, qanunların aliliyinin hökm sürdüyü şəraitdə yaranıb inkişaf edə bilər. Demokratiyanın hüdudları genişdir. Odur ki, o, hər xalqın mentalitetinə, hər bir cəmiyyətin, hər bir dövrün tələblərinə uyğun olaraq inkişaf edir”. Heydər Əliyevin diskursu üçün səciyyəvi olan bu qısa fraqmentdə böyük dövlət xadiminin siyasi fəlsəfəsinin bir sıra əsas yönəlişliklərini görüb sezmək mümkündür. Əvvəla, burada “demokratiya” kateqoriyası politoloji anlayış kimi anarxiyanın, hakimiyyətsizliyin antitezisi olaraq çıxış edir. Yəni bir siyasi rejim qismində demokratiya, bəzilərinin hesab etdiyi kimi, cəmiyyətdə dövlət hakimiyyətinin zəiflədilməsinin (onun mühüm atributları kimi “hərc-mərclik” və “özbaşınalıq” işarələnmişdir) sinonimi olaraq deyil, yeni, yüksək təşkilatlanmış siyasi toplumun daha qabaqcıl düzəni olaraq anlaşılır. Bu zaman “demokratiya” kateqoriyası “inkişaf” konsepti ilə korrelyasiyada götürülür. Yəni demokratiya sadəcə özü üçün məqsəd ola bilməz; o məhz inkişaf və tərəqqinin daha optimal şərtlərini təmin edəcək siyasi düzən olaraq nəzərdən keçirilir.
İkincisi, qlobal neoliberal həmlə kontekstində 1980-90-cı illərdə hakim təmayülə çevrilmiş demokratiyanın “universalist” (daha doğrusu, unifikasiyaedici) təfsiri əslində Qərbdə unikal şərtlər daxilində təşəkkül tapmış siyasi və sosiomədəni institutların mexaniki şəkildə dünyanın digər regionlarına “nəql edilməsini” nəzərdə tuturdu. Həqiqətdə belə bir təfsir faktiki olaraq demokratikləşməyə milli dövlətlərin zəiflədilməsinə, qlobal və tarnsmilli aktorların ağalığının möhkəmləndirilməsinə yönəlmiş bir alət kimi baxışa haqq qazandırırdı. Bu baxımdan Heydər Əliyevin “Müraciətində” və ümumən diskursunda demokratiya haqqında tərifi faktiki olaraq yuxarıdakı təmayülə qarşı çevrilmişdir. O, bir tərəfdən milli dövlətlərin özünəməxsusluğunu, suveren hüququnu dəstəkləyir, digər tərəfdən demokratiyanın siyasi və sosiomədəni müxtəliflikdən qaynaqlanan variativliyi ideyasına haqq qazandırır. Demokratiyanın H. Əliyev tərəfindən verilmiş tərifi daşlaşmış rəyi – doksanı (doksa yunanca ümumi yayılmış rəy deməkdir) sarsıtmaqla, eyni zamanda siyasi quruluş və rejimlərin mənsub olduqları məkan və zaman kontekstində təhlili zərurəti üzərinə diqqəti yönəldir. Heydər Əliyev dövlətçilik məktəbinin görkəmli nümayəndələrindən hesab edilən Ramiz Mehdiyev düzgün olaraq qeyd edir ki, “öz qanunvericiliyini, dövlət və cəmiyyət həyatını beynəlxalq standartlara uyğunlaşdıran Azərbaycan xalqı bu qanunları kor-koranə, digər ölkələrin nümunəsini təqlid etməklə yaratmır, əksinə, onları Azərbaycan reallığına, milli xüsusiyyətlərinə, xalqımızın adət-ənənələrinə uyğunlaşdıraraq qəbul edir”.
Ulu Öndərin nəzəriyyəsində demokratiya (və istənilən siyasi düzən) dinamik sistem kimi nəzərdən keçirilirdi, fəqət bu zaman invariantların da önəmi vurğulanırdı; hər bir sistem digərləri ilə ümumi qanunauyğunluqlar aşkara çıxarsa da, bəlli fenomenal, təkrarolunmaz xüsusiyyətlərə də malikdir. Digər tərəfdən, belə bir baxış demokratiyanın fundamental prinsipi kimi qanunun aliliyi ideyasını ön plana çəkirdi: həqiqi demokratik üsul-idarə yalnız qanunlar əsasında idarə olunan dayanıqlı siyasi sistemdə fəaliyyət göstərə bilər.
Sevda Ağamirzə qızı Əliyeva,
Azərbaycan Dillər Universitetinin dosenti
Müzakirə qapadılmışdır.