Azərbaycan tarixinin hər bir mərhələsində aparıcı qüvvəyə çevrilən gənclər müstəqilliyin qorunub saxlanması, möhkəmləndirilməsi və dövlətçiliyin inkişaf etdirilməsi prosesində yaxından iştirak etmişdir. Azərbaycan gənci öz həyatını qurarkən ilk öncə müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünür, fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir.
Gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır .Ümummilli lider Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Ulu Öndərimizin bu sahədə həyata keçirdiyi siyasət gənc nəslin mənəvi-əxlaqi tərbiyyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına və zəngin elmi potensialın yaradılmasına xidmət edib. Heç də təsadüfü deyildir ki, Heydər Əliyev hər zaman gənclərə qayğı ilə yanaşıb, onların problemlərini həll etməyə çalışıb.
Ulu öndər Heydər Əliyevin gənclər siyasəti 5 mühüm istiqaməti ehtiva edirdi. Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolunu artırmaq, gənc nəslin tarixi köklərimizə bağlı olaraq vətənpərvərlik ruhunda tərbiyələndirilməsini təmin etmək, gənclərin elmi, intellektual potensialının artırılması üçün ciddi təhsil və mədəni islahatlar həyata keçirmək, gənclərin təşkilatlanmasını təmin etməklə, onları müstəqilliyimizin keşiyində vahid qüvvə kimi birləşməyə səfərbər etmək, gənclərin dövlət idarəçiliyində rolunu əhəmiyyətli dərəcədə artırmaq və onların məsuliyyət hissini formalaşdırmaq, Azərbaycan dövlətinin beynəlxalq aləmə inteqrasiyasının yaratdığı imkanlardan gənclərin maksimum səviyyədə yararlanmasına möhkəm əsaslar yaratmaq ümummilli liderin müəyyən etdiyi strateji hədəflər olub.
Ümummilli Liderimiz həmişə gənclərimizə böyük ümidlər bəsləyir, dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Həyatı boyu, respublikaya rəhbərliyinin bütün dövrlərində Ulu Öndər sağlam, normal gəncliyin, bu dövlətə sahib dura biləcək bir nəslin yetişməsinə xidmət edirdi. Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verir, bu siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi.
Hələ XX əsrin 70-80-ci illərində Heydər Əliyevin diqqət və qayğısı sayəsində minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilmişdir. Gənc nəslə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrilmiş, Azərbaycan gənclərinin təşkilatlanması əsas məqsədlərdən biri kimi qarşıya qoyulmuşdur.
Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və bir çox vacib problemlərin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək məqsədilə ümummilli lider Heydər Əliyev tərəfindən hələ 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşəbbüsü irəli sürüldü. Beləliklə də, 2 fevral 1996-ci ildə gənclərin I Forumu keçirildi. Forumda gənclər və idman siyasəti sahəsində görülən işlərdən, gəncliyin qarşısında böyük məsuliyyətin dayandığından danışan ulu öndər Heydər Əliyev Azərbaycan gəncliyinin daha uğurlu sabahına inandığının vurğuladı. Həmin dövürdə gənclərin problemlərinin həllini təmin edən fərmanların imzalanması, qanunların qəbul edilməsi, gənclərin dövlət quruculuğuna fəal cəlb olunması dövlətin gənclər siyasətinə mühüm töhfə verdi. Bununla da Azərbaycan gəncinin tam hüquqlu vətəndaş kimi öz gələcəyinə sahib çıxması və ona göstərilən ehtimadı doğrultmağa çalışması üçün bütün şərait yaradıldı.
Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi necə tərbiyə edəcəyiksə , böyüdəcəyiksə , ölkəmizin , millətimizin, dövlətimizin gələcəyi də bundan asılı olacaqdır. Hər gündən , dəqiqədən səmərəli istifadə olunmalıdır ki, gənc nəslimiz yaxşı təhsil alsın , cəmiyyətdə özü və xalqı üçün faydalı olsun. Savadlı gənclik orta məktəbdən başlıyır. Bunun üçündür ki, Ümummilli lider Heydər Əliyev əsas istiqamət olaraq uşaq və gənclərin yüksək təhsil almasına böyük diqqət ayırmışdır. Azərbaycanda büdcənin ən böyük hissəsi təhsil xərclərinə yönəldilmişdir. Yeni məktəblərin tikintisi, təmiri, savadlı müəllimlərin təhsilə cəlbi uşaqların və gənclərin yaxşı şəraıtdə dövlət hesabına təhsil almalarına imkan yaradılmışdır.
1996-cı il yanvarın 26-da ulu öndər Heydər Əliyevin imzaladığı Sərəncama əsasən, fevralın 2-də Azərbaycan Respublikası gənclərinin ilk forumunun keçirilməsi qərara alındı. Bu forumun keçirilməsi ilə dövlət siyasətində gənclərə diqqət, qayğı daha da artırıldı. Forum müstəqil Azərbaycan Respublikasının gəncləri qarşısında duran mühüm vəzifələrin həyata keçirilməsində ölkə gənclərinin hər bir sahədə fəal iştirak etməyə hazır olduğunu nümayiş etdirdi və gənclərlə işin nəzərə çarpacaq dərəcədə canlanmasına səbəb oldu. Ümummilli lider Heydər Əliyev gənclər siyasətinin uğurla həyata keçirilməsi məqsədi ilə bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin etdi. Gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəldilən, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, dövlət proqramları bu qəbildəndir. Qanunlar, fərman, sərəncam və dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına son dərəcə müsbət təsir göstərib. Gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq üçün həyata keçirilən Dövlət Proqramının tətbiqi, idarəetmə orqanlarında gənc mütəxəssislərə üstünlük verilməsi ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş gənclər siyasətinin uğurlu nəticəsidir.
Müstəqilliyi elan etmək, onun qorunması və möhkəmləndirilməsi istiqamətində dövlət tədbirləri həyata keçirmək nə qədər vacib olsa da, əsl müstəqilliyi qazanmaq üçün bu, hələ azdır. Gərək hər bir insan və xüsusən gənc nəsil müstəqilliyin nə qədər müqəddəs olduğunu bütün varlığı ilə dərk etsin, onu qorumaq və möhkəmləndirmək üçün hər cür qurban verməyə hazır olsun. Bunun üçün isə o, ilk növbədə yüksək mənəviyyata malik olmalıdır, xalqımızın milli-mənəvi dəyərləri onun şəxsiyyətinin mahiyyətini təşkil etməlidir. Tarixinə, dövlətinə sadiq gənc nəsil ölkəsinin dünyaya tanıtmaqda və onun inkişafında əlindən gələni etməyə hazır olmalı və müstəqilliyin qorunub saxlanmasına öz töhfəsini verməlidir.
Respublika Ali Sovetində gənclərlə görüşündə Ümummilli lider Heydər Əliyev çıxış edərkən qeyd etmişdir ki, həm elm sahəsində, həm təhsil sahəsində, ədəbiyyat , mədəniyyət sahəsində, İslam dini sahəsində tarixi ənənələrimizdən istidadə edərək gənclərimiz üçün bütüb dünyaya geniş yol açmaq lazımdır. Gənc alimlərin yetişməsinə dəstək üçün dünyanın nüfuzlu təhsil ocaqlarına tələbələrin göndərilməsi, istedadlı gəncləri üzə çıxarmaq üçün ayr-ayrı müsabiqələrin keçirilməsi, onların önə çıxarılması mühüm addımlardır.
Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etmək hər bir Azərbaycan vətəndaşı üçün, hər bir gənc üçün böyük bir iftixar mənbəyidir, şərəfli bir vəzifədir. Orduda xidmət etmiş, öz vətəndaşlıq borcunu yerinə yetirmiş hər bir gənc bizim cəmiyyətdə, həyatımızın bütün sahələrində ən dəyərli insan hesab olunmalıdır. Gənclərin orduda xidmət etməyi, hərbi biliklərə yiyələnməyi ordunun yüksək səviyyəli kadrlarla təmin olunması və peşəkar ordunun yaradılmasına gətirib zəmin yaratmışdır.
Gənclərdə, gənc nəsildə vətənpərvərlik hissini, vətənə xidmət etməyi, orduda xidməti şərəf bilmək və Vətən yolunda həlak olmağa, özünü qurban verməyə daim hazır olmaq hisslərini daha da yüksəklərə qaldırmalıyıq. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə yetişən peşəkarlaşan, ixtisaslı hərbi kadrlara çevrilən vətənpərvər gənc nəsil ərazi bütövlüyümüzün qorunmasına öz töhfələrini vermişdir. Ümummilli Lider Heydər Əliyev hakimiyyətdə olduğu ikinci dövrdə də hərbi vətənpərvərlik işinin gücləndirilməsi məsələlərinə xüsusi diqqət yetirib. O, dəfələrlə hərbi hissələrdə, ön cəbhədə Silahlı Qüvvələrin heyəti ilə görüşüb, problemlərlə yerində tanış olub. Heydər Əliyev hərbi sahənin gücləndirilməsi işi ilə yanaşı, şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması məsələlərini də əsas vəzifə hesab edirdi. Ulu Öndər çıxışlarının birində Vətən təəssübkeşliyinin müqəddəsliyini vurğulayaraq bu ifadəni işlətmişdi: “Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir”. Bu gün cəmiyyətimizin ayrılmaz hissəsi olan Azərbaycan Ordusu sıralarında Vətənin müdafiəsi kimi müqəddəs bir vəzifəni şərəflə yerinə yetirən şəxsi heyətin böyük əksəriyyətini gənclər təşkil edir. Azərbaycan gənclərinə günü-gündən artan dövlət qayğısı nəticəsində bu gün orduda vətənpərvər, mənəviyyatca saf, fiziki cəhətdən sağlam gənclər xidmət edirlər. 2016-cı ilin aprelində təmas xəttində düşmənin hər cür təxribatına inamla cavab verən Azərbaycan əsgərinin hər an, hər dəqiqə xalqın dəstəyini hiss etməsi, gənclərimizin bir nəfər kimi Vətən torpağının müdafiəsi uğrunda mübarizəyə hazır olmasını əyani şəkildə nümayiş etdirməsi, gənclərə münasibətdə Heydər Əliyev kursunun, İlham Əliyev siyasətinin təntənəsidir.
Artıq Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənc nəsil formalaşıb. Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi həyatında rolu günü-gündən artır. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Gənclər də öz növbəsində dövlət qayğısını daim hiss edərək nailiyyətləri ilə onlara göstərilən etimadı layiqincə doğrultmağa çalışırlar. Son illər gənclər siyasətinə ayrılan diqqət və qayğının nəticəsidir ki, dövlət siyasətində gənclər sektoru önəmli yerlərdən birini tutur. Gənclər bu gün dövlət orqanlarında , parlamentdə , biznes strukturlarında və digər sahələrdə uğurla təmsil olunur və cəmiyyətin inkişafına öz töhfələrini verirlər.
Gülnar Hüseynova, Səməd Vurğun adına Sumqayıt şəhər Mərkəzi Kitabxananın əməkdaşı
Müzakirə qapadılmışdır.