Ümumilli Lider Heydər Əliyev 1993- 2003-cü illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə iqtisadi müstəqilliyi əsas hədəf kimi qarşıya qoymuşdur. Onun milli iqtisadi inkişaf modeli ölkənin iqtisadi müstəqilliyinin əsası kimi qiymətləndirilir. Heydər Əliyevin milli iqtisadi inkişaf modeli ölkəmizin iqtisadi inkişafı sahəsində böyük nəticələr əldə etməyə imkan yaratmışdır.
Ulu Öndər Heydər Əliyevin prezidentlik dövründə ölkə iqtisadiyyatı dinamik şəkildə inkişaf etdi. 1993-cü ildə qəbul edilmiş “Azərbaycan Sahibkarlığının İnkişafı” (1993-1995) adlı Dövlət proqramı Azərbaycanda kiçik və orta sahibkarlarının sayının artmasına, xarici ölkələrə iqtisadi ticarət əlaqələrinin yaranmasına və inkişafına müsbət təsir göstərmişdir. Bu proqram bütövlükdə ölkənin iqtisadi inkişafına müsbət töhfə vermişdir.
Heydər Əliyev Azərbaycanın neft və qaz sənayesinin inkişafında da əhəmiyyətli bir rol oynadı. Azərbaycan xalqının ümummilli lideri xarici iri neft şirkətlərini Azərbaycana dəvət etmək qərarına gəldi və “Yeni neft strategiyası” tez bir vaxtda işlənib hazırlandı. Həmin dövrdə Azərbaycan Prezidentinin sərəncamı ilə Azəri-Çıraq-Günəşli yataqlarının işlənməsi üzrə xarici şirkətlərlə danışıqlara başlandı. 1994-cü ilin sentyabrın 20-də Azəri-Çıraq-Günəşli (dərin sulu hissəsi) yataqlarının işlənməsi üzrə dünyanın 7 ölkəsinin 11 məşhur neft şirkəti ilə “Məhsulun Pay Bölgüsü” sazişi — “Əsrin müqaviləsi” imzalandı.
Heydər Əliyevin neft strategiyası çərçivəsində iri neft şirkətlərinin ARDNŞ-lə apardıqları müştərək tədqiqatlar, kəşfiyyat-axtarış işləri nəticəsində bir sıra yeni neft və qaz yataqları üzə çıxarılmışdır. Bunlardan biri də “Şahdəniz” yatağıdır. “Şahdəniz” dünya dənizlərində indiyədək aşkarlanıb istismara verilmiş ən böyük qaz-kondensat yatağıdır. “Şahdəniz” qazının Avropaya nəqli məqsədi ilə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin inşası reallaşmışdır. Beləliklə, böyük dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi neft strategiyası təkcə Azərbaycanı deyil, Gürcüstanı, Xəzəryanı ölkələri də Avropanın maraq dairəsinə daxil etmişdir.
5 fevral 1994-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərləri, neftçi alim və mütəxəssisləri ilə görüşdəki çıxışında Ulu Öndər deyirdi: “Neft sənayesi Azərbaycan iqtisadiyyatında mühüm yer tutur. Müstəqil Azərbaycanın gələcək iqtisadiyyatının inkişafı neft sənayesindən çox asılıdır. Ona görə də dövlət bu sahəyə xüsusi fikir verir”.
Elə həmin il 26 avqust tarixində Suraxanı neft yatağının sənaye üsulu ilə istismarına başlanmasının 90 illiyinə həsr olunmuş təntənəli mərasimdə də ölkəmizin yeraltı sərvətlərinə diqqət çəkərək deyirdi: “Azərbaycanın neft yataqları xalqımızın ən böyük milli sərvətidir və ondan bu gün də, gələcəkdə də çox ehtiyatla istifadə etmək lazımdır. Düşünmək lazımdır ki, bizim sərvətlərimiz təkcə bugünkü nəsillər üçün deyil, nəvə-nəticələrimiz, gələcək nəsillərimiz üçün də gərəkdir”.
İllər sonra 20 sentyabr 1999-cu ildə Ulu Öndər Heydər Əliyev espublika sarayında “Əsrin Müqaviləsi”nin beşinci ildönümünə həsr edilmiş təntənəli mərasimdəki çıxışında bu mövzuya toxunmuşdur: “Məhz böyük dövlətlərin, böyük ölkələrin, onların neft şirkətlərinin müstəqil Azərbaycan dövlətinə göstərdiyi etimadın nəticəsində “Əsrin müqaviləsi” imzalanmışdır. Ondan sonra isə tərəfdaşlarımızla, Beynəlxalq Əməliyyat Şirkətinə daxil olan şirkətlərlə və başqa xarici şirkətlərlə bizim gördüyümüz işlər dünyaya bir daha sübut etdi ki, birincisi, Xəzər dənizi, onun Azərbaycan sektoru zəngin neft və qaz yataqlarına malikdir, ikincisi, Azərbaycan dövləti ilə uzunmüddətli, etibarlı iş görmək olar”.
Ulu Öndər bu sahədə Azərbaycanın insan kapitalına da xüsusi diqqət yetirirdi. Çıxışlarından birində bildirirdi ki, Azərbaycanın ən böyük sərvəti Xəzərdən külli miqdarda çıxarılmış neft və qaz deyil. Məhz neftçıxarmanın müxtəlif sahələri üzrə toplanmış zəngin təcrübə, təşəkkül tapmış böyük alim və mütəxəssis ordusu, insan potensialı olmuşdur.
29 dekabr 2000-ci il tarixində yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətində Azərbaycan iqtisadiyyatının inkişafında neftin roluna toxunaraq bildirirdi: “Neft özü-özlüyündə bizim üçün heç də məqsəd deyildir. O, Azərbaycan Respublikasının müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadiyyatın digər sahələrinin inkişaf etdirilməsi, yeni sahələrin yaradılması, xalqın rifah halının yüksəldilməsi kimi ali məqsədlərimizin uğurla həyata keçirilməsi üçün güclü bir vasitədir, əlverişli bir mənbədir”.
22 sentyabr 2001-ci il tarixində “Neftçilər günü”nə həsr olunmuş təntənəli mərasimdə nitqində Ulu Öndər qeyd edirdi ki, neftin və qazın Avropa istiqamətində ixrac olunması – təkcə iqtisadi, kommersiya məsələsi deyildir. Bu, siyasi məsələdir. Bu, bizim Qərb ilə inkişaf etmiş ölkələrlə inteqrasiyamızın əsasıdır. Bu, eyni zamanda bizim bölgəmizdə təhlükəsizliyin təmin olunmasının əsasıdır. Demək, bu eyni zamanda böyük bir siyasi məsələdir.
Mövcud resurslardan səmərəli istifadə edilməsi, dünya iqtisadiyyatına inteqrasiya, vətəndaşların rifah halının yüksəldilməsinə hesablanan sosialyönümlü bazar iqtisadiyyatının yaradılması dahi siyasətçi Heydər Əliyevin müəyyən etdiyi strategiyanın əsasını təşkil edirdi.
Beləliklə, müxtəlif tarixi dövrlərdə çətin sınaqlardan çıxmış Azərbaycan müstəqil dövlət kimi beynəlxalq aləmdə artıq öz yerini tutmuş, siyasi və iqtisadi mövqelərini möhkəmləndirmişdir. Təbii ki, Azərbaycanın bu günkü iqtisadi inkişafında ümummilli lider Heydər Əliyevin böyük rolunu xüsusi qeyd etmək lazımdır. Ulu Öndər tərəfindən yaradılmış davamlı iqtisadi inkişaf modeli Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Vüsalə Qurbanova, Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin direktoru
Müzakirə qapadılmışdır.