22 noyabr ədliyyə işçilərinin peşə bayramıdır
Hüquqi islahatların bəhrəsi
Dövlət müstəqilliyimiz yenidən bərpa olunduqdan sonra ədliyyə orqanlarının inkişafına xüsusi diqqət və qayğı göstərilmişdir. Bu qayğının təzahürü olaraq Ümummilli Lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 22 noyabr 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən edilmişdir. Bu müddətdə ədliyyə nazirliyinin fəaliyyəti üçün qanunvericilik əsaslı surətdə yenilənmiş, ədliyyənin müasirləşdirilməsi ilə bağlı dövlətimizin başçısı tərəfindən fərman və sərəncamlar imzalanmış, dövlət proqramları qəbul edilərək icra olunmuşdur.
Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövründə demokratik dövlət quruculuğu istiqamətində önəmli addımlar atıldı. Hüquqi islahatların aparılmasına xüsusi əhəmiyyət verildi. Ədliyyə orqanlarının və məhkəmələrin fəaliyyəti ilə bağlı bir sıra qərarlar qəbul olundu. Belə ki, 1918-ci il noyabrın 14-də Azərbaycan Məhkəməsinin Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilmişdir. Həyata keçirilən hüquqi islahatlar nəticəsində dövlət təsisatları formalaşdı.
AXC cəmi 23 ay yaşasa da xalqımız öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya çatdıra bildi. Tarixi proseslərin təsirinə tab gətirməyən respublikanın süqutu bir daha göstərdi ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətindir.
Respublikamız ikinci dəfə dövlət müstəqilliyinə qovuşsa da elə ilk dövrdə ciddi sınaqlarla üzləşdi. Cəmiyyətdə xaos və anarxiya hökm sürürdü.
Əlbəttə ki, dövlətçiliyi qorumaq üçün zəngin siyasi təcrübəyə malik rəhbərin olması mühüm şərtdir. Belə bir vaxtda xalq öz xilaskarına üz tutdu, dahi şəxsiyyət Heydər Əliyevi yenidən hakimiyyətə dəvət etdi. Məhz Ulu Öndərimizin siyasi uzaqgörənliyi, böyük zəhməti sayəsində Azərbaycan öz müstəqilliyini qoruyub saxlamağa müvəffəq oldu.
Əbədiyaşar insanın hakimiyyətə qayıdışı ilə müstəqilliyimiz möhkəmləndirilmiş, ölkəmizdə demokratik, hüquqi dövlət qurulmuş, ictimai-siyasi həyatımızın bütün sahələrində böyük inkişafa nail olunmuşdur. Onun rəhbərliyi altında qısa vaxt ərzində ölkədə məhkəmə-hüquq islahatları aparıldı, 1995-ci ildə ilk milli Konstitusiya qəbul edildi, Hüquq İslahat Komissiyası yaradıldı. Cəmiyyətdə ədalətin bərpası başlıca prinsipə çevrildi, hüquqi dövlət quruculuğunun inkişaf mərhələləri müəyyənləşdirildi. Hüquq-mühafizə orqanlarının fəaliyyətini tənzimləyən yeni qanunvericilik aktlarının qəbulu ədliyyə sisteminin sürətli inkişafına zəmin yaratdı, nəticədə nazirlik dövlətin hüquq siyasətini həyata keçirən əsas orqanlardan birinə çevrildi.
Qürurverici haldır ki, bu gün Heydər Əliyevin dövlət quruculuğu xəttini layiqincə davam etdirən ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızda aparılan məhkəmə-hüquq islahatları çərçivəsində ədliyyə və məhkəmələrin fəaliyyətinin müasirləşdirilməsinə, əhalinin müraciətlərinin asanlaşdırılmasına xüsusi diqqət yetirilir, bu məqsədlə infrastruktur yaradılır. Qəbul olunmuş yeni qanunlar və dövlət proqramları, həyata keçirilən mütərəqqi islahatlar ədliyyə orqanlarının fəaliyyətinin müasir səviyyədə qurulmasına geniş imkanlar açmışdır. Uğurlu məhkəmə-hüquq islahatlarının aparılması, hakimlərin şəffaf seçimi, penitensiar sistemin müasirləşdirilməsi sahəsində qazanılmış müsbət təcrübə beynəlxalq aləmdə yüksək dəyərləndirilir və böyük maraq yaradır.
Vurğulamaq lazımdır ki, cənab İlham Əliyevin prezidentliyi dövründə ədliyyə təşkilatlarının məsuliyyəti daha da artmış, bu quruma qayğı və diqqət yüksəlmişdir. 2006-cı ildə cənab İlham Əliyevin təşəbbüsü ilə ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı bir sıra mühüm sənədlər qəbul olunmuş, nazirliyə yeni vəzifələr həvalə edilmiş, strukturu təkmilləşdirilmişdir. Müstəqillik dövründə ilk dəfə olaraq dövlət başçısının 18 aprel 2006-cı il tarixli Fərmanı ilə Ədliyyə Nazirliyi haqqında əsasnamə təsdiq edilərək ona hüquq-mühafizə orqanı statusu verilmiş, habelə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli Qanunu qəbul olunmuş, üç ay sonra Prezidentimiz tərəfindən “Ədliyyə orqanlarının inkişafı haqqında” Fərman imzalanmışdır. Bir sözlə, ədliyyə sistemi islahatlar yolu ilə müasirləşir.
Bu gün Azərbaycan xalqı hərb tarixinin şanlı günlərini yaşayır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və diplomatik məharəti sayəsində otuz ilə yaxın işğal altında qalan torpaqlarımız azad olunmuşdur. Qırx dörd gün davam edən Zəfər yürüşündə şanlı ordumuz nəyə qadir olduğunu bir daha göstərdi. Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə sentyabr ayının 19-20-də, cəmi bir gün ərzində Qarabağda aparılan uğurlu lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü, konstitusiya quruluşu bərpa olundu. İndiyə kimi həyatını itirmiş bütün şəhidlərimizin qisası alındı. Regional idarənin əməkdaşları dövlət başçımız cənab İlham Əliyevin ətrafında sıx birləşməklə ölkəmizin müasir inkişafına uyğun olaraq öz vəzifələrini hər zaman layiqincə yerinə yetirmək və daha məsuliyyətlə çalışmaq əzmindədirlər.
Eyvaz MƏMMƏDOV,
Sumqayıt Regional Ədliyyə İdarəsinin rəisi, baş ədliyyə müşaviri
Hüquqi islahatların bəhrəsi
•
531
Müzakirə qapadılmışdır.