Dünyada baş verən iqtisadi, siyası təlatümlər dünya iqtisadiyyatının bir hissəsi olan Azərbaycan iqtisadiyyatına da təsirini göstərməkdədir. Bu da təbiidir, çünki son 20 ildə ölkəmiz açıq istisadiyyat modeli üzrə iqtisadi strukturlar formalaşdırmışdır. Hər bir modeldə olduğu kimi, açıq-bazar iqtisadiyyatının da çatışmayan cəhətlərindən biri dünyada baş verən ümumi problemlərin milli iqtisadiyyatlara təsiridir. Bu təsirlədən daha az zərərlə çıxmağın ən doğru yollarından biri isə şaxələndirilmiş iqtisadiyyatın, azad sahibkarlıq fəaliyyətinin yaranmasıdır. Son illər ərzdində Azərbaycanda dövlət tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qeyri-neft sektorunun inkişaf tempi xeyli yüksəlmiş, xüsusi çəkisi ilə xeyli artmışdır.
Dünya bazarında neftin qiymətlərinin aşağı düşməsi, bununla bağlı ölkəyə valyuta daxilolmalarının azalması diqqətləri daha sürətlə qeyri-neft sektoruna yönəltmiş, bu sektorda daha effektiv idarəetməyə, gəlirlərin daha şəffaf əldə edilməsinə və gəlirlərin artırılmasına nail olmaq təxirəsalınmaz prioritet kimi önə çıxmışdır.
Qeyri-neft sektorunun inkişafına ən çox birbaşa və dolayısı ilə təsir edən alətlər toplusu İnformasiya Kommunikasiya Texnologiyalarıdır. Əslində müasir dünyada İKT çoxdan bir sektor olmaq sərhədlərini aşmış, bütün sektorlarda effektiv, daha sərfəli, cəld və şəffaf idarəetmə alətinə çevrilmişdir. Təbii ki, ölkə özü nə qədər bu alətlərdən istehsal edə bilirsə o qədər də çox gəlir əldə edə bilir. Məsələn, Belarusun 2015-ci ildə tək proqram təminatının istehsalından və ixracından əldə etdiyi gəlir 900mln dollara çatmışdır.
Azərbaycanda da bu sahəyə dövlətin həmişə yüksək qayğısı olub. Prezident İlham Əliyevin 2003-cü ildə Beynəlxalq Telekommunikasiya İttifaqının Cenevrə sammitində elan etdiyi “qara qızılı insan kapitalına çevirəcəyəm” strategiyası hətta o zaman üçün çox uğurlu bir seçim idi. 2013-cü ilin İKT ili elan olunması, Azərbaycanın süni peyklərinin kosmosa göndərilməsi dövlətin İKT-yə yüksək dəstəyinin göstəriciləridir.
Azərbaycan Prezidenti Nazirlər Kabinetinin 10 yanvar 2016-cı ildə keçirilmiş 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyri-neft sektorunun və xüsusilə də İKT sektorunun inkişafı üçün çox mühüm məsələlərə toxunmuş və qarşıda duran vəzifələri müəyyən etmişdir.
Azərbaycanda təkcə son 5 ildə İKT sektoruna yatırılan investisiyaların həcmi 2 mlrd. dolları aşmışdır. 2014-cü ildə İKT sektorunun gəlirləri 1.6 mlrd manat təşkil etmişdir. Dünya təcrübəsinə görə İKT sektora yatırılan investisiyaların geri qayıtma müddəti (Return on İnvestment – ROİ) 3 ildən -5 ilədəkdir. Bu təcrübəyə və İKT sektorunun spesifik gəlir mexanizminə əsaslansaq, növbəti illərdə İKT sektorunun gəlirləri 2 dəfəyə yaxın ara bilər. Bunu üçün ən azından lazımi investisiyalar artıq qoyulub. Ölkə Prezidentinin sərənəcmi ilə bütün vergi və gömrük güzəştləri ilə əhatə olunmuş Yüksək Texnologiyalar parkı yaradılmışdır.
Bundan əlavə, İKT sektorunu inkişaf etdirməklə, Bilik İqtisadiyyatını formalaşdırmaqla iqtisadiyyatın digər sahələrinin də dolayısı yolla optimallaşdırmaq, idarəetməni effektivləşdirmək və əlavə gəlir əldə etmək mümkündür. Əslində, bu müasir dünyada sınaqdan çıxmış ən effektiv yol sayılır.
Bəs bu sahənin inkişafı üçün daha hansı addımlara ehtiyac vardır?
Əslində dünya təcrübəsi göstərir ki, İKT sektorunun inkişafı ilkin olaraq investiyadan daha çox “ideya və mühit”dən daha çox asılıdır. Bü gün dünyada dəyəri və gəlirləri milyardalarla dollar olan nəhəng İKT şirkətləri çox cüzi investiya ilə, ama ideyalar əsasında yaranmışdır. Ölkəmizdə də mühit formalaşsa da, ideya “cücərti”ləri kimi formalaşan Startap ların hərtərəfli dəstəklənməsinə ehtiyac vardır. Bu dəstək tək dövlət tərəfndən deyil, əsasən özəl sektor tərəfindən olmalıdır.
Vergi bazasını artırmaq, biznesi şəffaflaşdırmaq istiqamətində elektron ticarətin həcminin artırılması mühüm rol oynayır. Dünyanın bir çox ölkərində bu məqsədlə müddətli olaraq şirkətlərə vergi güzəştləri və digər güzəştlər təqdim edilir. Ölkəmizdə elektron ticarətin ümümi dövriyyədə payının 0.04% olması çox böyük potensialın olmasını göstərir.
Bü gün Azərbaycan İKT məhsullarının demək olar ki, 90%-dən çoxunu idxal edir. Bir çox ölkələrin təcrübəsi göstərir ki, bu məhsulların bir çoxunu Azərbaycanda istehsal etmək mümkündür (modemlər, TV qutular, şəbəkə avadanlıqları, kabellər və s) və bu məhsullara yerli bazarda, əhali arasında böyük tələbat vardır. Sahibkarlar tərəfindən istehsalın təşkili həm idxalı əvəz edə bilər, həm də ixrac etməklə ölkəyə valyuta gətirə bilər.
Ölkəmiz eyni zamanda böyük miqdarda valyuta ödənişləri hesabına xarici proqram məhsulları idxal etməkdədir. Bunların istehsalı üçün də ölkəmizdə yetərli sayda mütəxəssislər mövcuddur və ya yetişdirilə bilər. Bu həm də milli təhlükəsizlik baxımından çox vacibdir.
Qısaca desək, İKT sahəsinin inkişafı üçün ölkədə dövlət tərəfindən əsasən lazımı şərait mövcuddur. Təbii ki, islahatlar və həvəsləndirici tədbirlər hər zaman tələb olunur və bu tədbirlər multiplikasiya effekti yaradır. Tək tələb olunan özəl sektorun yüksək təşəbbüskarlıq göstərməsi və ideyalarla çıxış etməsidir. İnnovativ sahibkarığın inkişafına böyük zərurət vardır və bu fəaliyyət Azərbaycan ən yüksək səviyyəfə dəstəklənir. (Trend.az)
Müzakirə qapadılmışdır.