İqlim Maliyyəsi və “Yeni Kollektiv Kəmiyyət Hədəfi” nədir?

368

İqlim Maliyyəsi və “Yeni Kollektiv Kəmiyyət Hədəfi”  (New Collective Quantified Goal) nədir?

– İqlim dəyişikliklərinin təsirinin azaldılması (mitigation) və gözlənilən təsirlərə mövcud və yeni sistemlərin uyğunlaşdırılması (adaptation) tədbirlərinə yönəlik tədbirlərin maliyyələşməsi “iqlim maliyyəsi” (climate finance) termini ilə ifadə edilir.

– 2009-cu ildə inkişaf etmiş ölkələr razılaşdılar ki, 2020-ci ilə qədər inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliklərinə yönəlik uyğun fəaliyyətlərini dəstəkləmək üçün kollektiv şəkildə hər il 100 milyard dollar maliyyə vəsaitini səfərbər edəcəklər.

– BMT-yə üzv dövlətlər 2015-ci ildə Paris Sazişini imzalayanda, 100 milyard dollarlıq mövcud hədəfi daha böyük həcmli maliyyələşmə ilə əvəz etmək üçün iqlim maliyyəsi üzrə “Yeni Kollektiv Kəmiyyət Hədəfi” (New Collective Quantified Goal – NCQG) təyin etmək qərarına gəliblər.

– Hal-hazırda Bakıda təşkil edilən COP29-da iqlim maliyyəsinin 2025-ci ildən sonrakı dövr üçün bu yeni mexanizmi və hədəfləri aktiv şəkildə müzakirə olunmaqdadır.

– NCQG mexanizmi çərçivəsində inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrin iqlim maliyyəsi ehtiyaclarının qarşılanmasına dəstək xarakterli töhfəsinin 2025-ci ildə 0,89 trilyon ABŞ dolları, 2030-cu ildə isə 1,46 trilyon dollar ola biləcəyi UNCTAD tərəfindən proqnozlaşdırılır.

– İnkişaf etməkdə olan ölkələrin iqlim maliyyəsi ehtiyacı isə 2025-ci ildən etibarən təxminən 1,1 trilyon dollar olaraq qiymətləndirilir ki, bu məbləğ 2030-cu ilə qədər təxminən 1,8 trilyon dollara yüksələ bilər.

– Başqa sözlə desək, 2025-ci ildən 2030-cu ilə qədər inkişaf etmiş ölkələrin ümumi daxili məhsulunun (ÜDM) ildə təqribən 1,4%-nin inkişaf etməkdə olan ölkələrin iqlim dəyişiklikləri üzrə ehtiyaclarını ödəmək, yəni iqlim maliyyəsi üçün hədəflənməsi nəzərdə tutulur.

– ÜDM-nin ildə təqribən 1,4%-nin iqlim maliyyəsinə ayrılması nəzərdə tutulan inkişaf etmiş ölkələr ÜDM-lərinin 1,9%-ni hərbi xərclərə, 3,6%-ni hidrokarbon mənşəli yanacaq növlərinin qismən subsidiyalaşmasına ayırırlar.

Mənbələr: UNCTAD; World Resources Institute; EEA.

Kənan Aslanlı, (Ankara Yıldırım Beyazıt Universitetinin müəllimi, enerji və iqtisadiyyat eksperti)

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər