İstiqlaldan keçib gəldik-Milli məfkurədən müstəqil dövlətə

301

1918-ci il, mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti tarixi, ideoloji və siyasi fakt olaraq yalnız tarixi şəraitin məhsulu deyil, XIX əsrin sonu XX əsrin əvvəlləri boyu davam edən milli siyasi, ədəbi və fəlsəfi düşüncənin nəticəsidir. Çünki həmin illərdə bizdə milli dövlətçilik ideyasının tarixi uzağa getməsə də, milli mənlik şüurunun yaranmasının aspektləri bədii düşüncəyə söykənirdi.
Onlar hamısı, Cümhuriyyəti yaradanlar – M.Ə.Rəsulzadə, Ə.Ağaoğlu, Ə.Hüseynzadə, Ə.Topçubaçov, Ü.Hacıbəyli, N.Nərimanov, N.Yusifbəyli, C.Hacıbəyli, S.Məmmədzadə, habelə C.Məmmədquluzadə, M.Hadi, Ə.Cavad, H.Cavid və başqa millət çəfakeşləri soy, qan və gen birliyini hər şeydən uca tutub “elmə, mədəniyyətə öz dilimizin, öz mədəniyyətimizin ruhu, rəngi ilə pərvərdə edilmış  bir millət çıxardaq” (M.Ə.Rəsulzadə) məramı ilə ölkə insanlarının  sərbəst yaşayışının əldə olunmasına, xalqın milli-mənəmi dəyərlərinin, ədəbi irsinin qorunmasına, türklük və azərbaycançılıq ideallarının təbliğinə, islami dəyərlərin təlqin olunmasına  ömür sərf edən mənəviyyat sahibləri idilər.
Tipik hadisələr tipik şəraitdə, onun  varlığını gerçəkləşdirən zaman və məkan hüdudunda yetişir. 1918-ci ilin 28 mayında  Azərbaycan Xalq Cümhuriyyətinin də yaranışını şərtləndirən müəyyən tarixi şərait gəlmişdi. Mirzə Cəlilin məşhur ifadəsini bir balaca dəyişib desək, Azərbaycan Demokratik Respublikasını zəmanə özü yaratmışdı.
1918-ci il aprelin 22-də yaradılan Zaqafqaziya Federativ Demokratik Respublikası cəmi bircə ay mövcud oldu. 1918-ci ilin mayın 26-da Federasiyanı Gürcüstan, 28-də isə Azərbaycan tərk etdi. Zaqafqaziya Seyminin Müsəlman Milli Şurasının sədri M.Ə.Rəsulzadənin simasında Azərbaycanın müstəqilliyi elan olunub müvəqqəti Milli Şura yarandı. Qeyd edək ki, 1918-ci il mayın 28-də Azərbaycanın dövlət müstəqilliyi elan olunsa da, istiqlala qovuşma məqamı, bu işi gerçəkləşdirmək haqqı həmin ilin 15 sentyabrında mümkün olmuşdur. Bildiyimiz kimi,  həmin il erməni vəhşiliyinin tüğyan elədiyi bir dövr idi. Erməni-rus sövdələşməsi nəticəsində 1918-ci ildə 31 mart hadisələri – kütləvi genosid törədilmiş, iki gün ərzində otuz min azərbaycanlı öldürülmüşdür. Azərbaycan və Türkiyə arasında 1918-ci il 4 iyun tarixində bağlanmış “Daimi sülh və möhkəm dostluq münasibətləri” müqaviləsinə əsasən Nuru paşanın rəhbərliyi ilə Türkiyə ordusu və Azərbaycanın milli ordusu 15 sentyabr 1918-ci ildə Bakını bolşevik və daşnak qüvvələrindən azad etmişdir. Milli Şuranın sədri M.Ə.Rəsulzadə “Haqq yerini tutan gün” adlı məqaləsində həmin tarixi günü mayın 28-nə bərabər tutmuş,  hətta “Eylülün 15-i olmasa, mayısın 28-i  bir sənəsini doldurmadan yox olub gedərdi. Azərbaycan üçün bir baş şəhər deyil, əfsanələrdəki “can şişəsi” kibi olduğunu nəzərə alaraq, həqiqi istiqlal gününün eylülün 15-i olduğunu qəbul etməliyiz. Mayısın 28-də böyük bir haqq elan edilmiş, eylülün 15-də isə bu haqq gerçəkləşdirilmişdir”, – deyə daha artıq dəyərləndirmişdir.
Hər bir dövlətin qurulması, yaşaması üçün istiqlal təfəkkürünü formalaşdıran ciddi təməl olmalıdır. Bu təməlsiz dövlətçilik təfəkkürünün gerçəkləşməsi mümkün deyildir. Bununla bağlı bəzi məqamları xatırlatmağa ehtiyac var. Böyük mütəfəkkir Əhməd bəy Ağaoğlu “Üç mədəniyyət” əsərində Fransa inqilabının arxasında  güclü fransız ədəbiyyatının dayandığını, dunyanı sarsıdan rus bolşevik inqilabının isə XIX əsr rus ədəbiyyatının ədalət çağırışlarından qaynaqlandığını yazır. Azərbaycan Cümhuriyyətinə də bu prizmadan yanaşılarsa, eyni qənaətə gəlmək olar. Çünki onun arxasında tarixin heç bir dönəmində təsadüf edilməyən nəhəng bir ədəbi-mədəni potensial dayanır: F.Köçərli, C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, N.Vəzirov, Y.V.Çəmənzəminli, M.Ə.Rəsulzadə, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Hadi, H.Cavid, S.Hüseyn, Ə.Cavad, C.Cabbarlı, Üzeyir Hacıbəyli, Ceyhun Hacıbəyli və başqaları. Qısa bir zaman kəsiyində yetişmiş bu qüdrətli yazarlar nəsli olmasaydı, Cümhuriyyət məfkurəsi formalaşmaz, əsla qələbə çalmazdı. Məhz bu yazarların ciddi yaradıcılığı sayəsində ədəbiyyatın sadəcə əyləncə deyil, bütün böyük dəyişikliklərin təməlində duran vasitə olduğu aşkara çıxarıldı.
O da maraqlıdır ki, bizdə heç vaxt intellekt və emosiya potensialı o dönəmdəki kimi  toplu şəklində üzə çıxmadı. Vahid ədəbi-estetik qayəyə xidmət mənasında yəni.XX yüzilin əvvəlləri, Cümhuriyyət öncəsi ədəbiyyatın millətə ən çox yaxınlaşdığı dövrdür. Azərbaycan xalqının milli problemləri bu illərdəki qədər heç zaman fundamental şəkildə bədii ədəbiyyatın mövzusuna çevrilməyib. Ədəbiyyat tarixçiliyi, ədəbi tənqid, janrların dinamikası, teatr sənəti kimi ən müxtəlif sahələrdə böyük uğurlar qazanılıb. Təkcə F.Köçərlinin yazılarına diqqət yetirmək kifayət edər. O, təkcə ədəbiyyat tarixi yaratmaqla qalmadı, ədəbiyyata yön verən mütəfəkkirlərdən birinə çevrildi. Bir də onların taleyi ilə yazdıqları arasında hədsiz  dərəcədə yaxınlığın olması mühüm məqamlardan sayılmalıdır. Hekayəsi yəni! Bütün bunlar göstərir ki, Cümhuriyyət zəminsiz, təməlsiz yaranmamışdır və onun ən əsas təməli mədəniyyət, ədəbiyyat olmuşdur. M.Ə.Rəsulzadənin1925-ci ildə Türkiyədə çap olunan “İstiqlal məfkurəsi və gənclik” adlı əsərində ədəbiyyatda istiqlal mövzusuna ciddi önəm verilir. Məhəmməd Əmin bəy həmin əsəri Finlandiyada olduğu qısa müddət ərzindəki müşahidələri əsasında  yazıb. Orda qeyd olunur ki, fin folklorunda İsveç  və rus köləliyinə qarşı saysız-hesabsız xalq nəğmələri var. Bu xalqın təfəkkürünə istiqlal məfkurəsi o qədər yerləşib ki, o heç bir zaman köləliklə barışıq yolunu tutmaz. Məhəmməd Əmin bəy müqayisə də aparır, bizim xalq ədəbiyyatımızda istiqlal mövzusunda əsərlərə daha çox ehtiyac oluduğunu yazır. Həmçinin”Əsrimizin Səyavuşu”nda qeyd edir ki, “Cümhuriyyət xalqın ruhundan, öz istəyindən doğdu”.
Ancaq məlumdur ki, onun yaranması asanlıqla başa gəlməmişdi. Cümhuriyyətin – dövrün mürəkkəb siyasi şərtləri, xarici və daxili düşmənlərin müqaviməti şəraitində hansı çətinliklər bahasına yarandığını Məhəmməd Əmin bəyin o zaman söylədiyi bir fikir daha sərrast ifadə edir: “Ah! Azərbaycan! Biz sənin haqqını tələb etmək deyil, yalnız sənin adını soyləmək üçün necə məruzələrə rast gəldik, nə qədər töhmətlərə məruz qaldıq”.
Cəmi bir il on bir ay ömür sürən Azərbaycan Cümhuriyyəti xalqa nə verdi, yaxud milli yaddaş tarixində hansı xidməti, tarixi haqqı ilə iz qoydu, hansı əhəmiyyətli addımları ilə seçildi?Fəaliyyət göstərdiyi qısa vaxt kəsimində Azərbaycanın ərazisi bərpa olundu, güclü və mətin milli ordu yaradıldı, Azərbaycan dili dövlət dili elan edildi, onun milli simvolikası – gerbi, bayrağı, himni müəyyənləşdi.  Milli Hökumətin önəmli addımları onun elm, təhsil, mədəniyyət sahəsində daha funksional olmuşdur. Bu bəlkə də onunla əlaqəli idi ki, Milli Hökumətin tərkibində təmsil olunanların böyük əksəriyyəti elm və sənət xadimləri, ziyalılar idilər. Belə ki, 1919-cu ildə Bakı Dövlət Universiteti yaradıldı, Azərbaycan Dövlət Teatrı, “Teatr xadimləri cəmiyyəti”, “Müsəlman Mühərrir və Ədiblər Cəmiyyəti”, “Yaşıl qələm” ədəbi birliyi açılmışdır. Rəsmi statistikaya görə, Azərbaycanda 1919-cu ildə 700 məktəb açılmış və  təxminən 48780 şagird bu məktəblərdə təhsil almışlar.
Əlbəttə, bütün bu xidmətlərin miqyası bizim sadaladığımız faktlardan daha dərin və genişdir. Lakin  Cümhuriyyət dövrünun tarixi əhəmiyətli addımı ilk növbədə, xalqın milli şüurunun oyanışına, milli kimliyinin tanınmasına, onun özgürlük meyvəsini dadmasına verdiyi əvəzsiz xidməti ilə ölçülməlidir. Bədnam Sovetlər İmperiyası  xalqın bu istiqlal və azadlıq haqqını 1920-ci ilin aprelindən etibarən yetmiş ilə yaxın bir vaxt ərzində əlindən aldısa da zamanın azacıq  imkan yaratdığı məqamda xalq öz istiqlalına qovuşdu,Azərbaycan 1991-ci ilin oktyabrında yenidən müstəqilliyini elan etməklə əsrin əvvəllərində qazanmış olduğu hürriyyətin  tarixi varisi olduğunu isbatladı.        Xalqın milli mənlik şüurunu dirçəltmədən, ona böyük əxlaqi keyfiyyətlər -milli vətənpərvərlik, milli ovqat, mili ləyaqət hissi aşılamadan vahid ortaq məxrəcə – milli birliyə səsləmək müşkül məsələdir. Bunu XX əsrdə dərindən duyan şəxslərdən biri Ümummilli lider Heydər Əliyev oldu. XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan məhz onun sayəsində suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Heydər Əliyevin həyata keçirdiyi siyasət qlobal mahiyyətinə görə bənzərsiz tarixi mərhələdə Azərbaycanın gücünə və Azərbaycan ictimai fikrinin təməl daşına çevrildi. XX yüzilliyin sonunda Ərəbistandan Qafqaza qədər dalğalanan siyasi ziddiyyətlərin Azərbaycana yansımaması, Azərbaycanın Şərqdə də, Qafqazda da müstəsna bir dünya dövləti kimi öz sabitliyini və hər mənada, müstəqilliyini qoruyub saxlaması, Azərbaycanın Şərqdə unikal, tolerant bir Avropa dövləti kimi təzahür etməsi Heydər Əliyev tərəfindən irəli sürülmüş milli məfkurənin ümummilli mahiyyətinə ən mükəmməl və etibarlı sübutdur.
Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində Azərbaycan dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi və yalnız bu böyük dövlət xadiminin hakimiyyətə qayıdışından sonra Azərbaycan özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə nail oldu.Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı. İbrətamiz faktdır ki, 1993-cü ildə Azərbaycan xalqı Heydər Əliyevi hakimiyyətə təkcə Azərbaycanı hərbi-siyasi böhrandan qurtarmaq üçün deyil, həm də Ümummilli liderin 25 il əvvəl başladığı Azərbaycançılıq əsərinin ən ciddi səhifələrini yaratmaq üçün dəvət edirdi.
Ulu Öndər Azərbaycançılıq ideyalarının yenidən təşəkkül tapması və praktiki surətdə həyata keçirilməsi uğrunda mübarizənin beşiyi başında dayandı, ən çətin sınaq dövrlərində belə milli ideyanı heç bir gücün, doktrinanın ayağına vermədi. Azərbaycan Demokratik Cümhuriyyətini təmsil edən yüksək zəka sahiblərinin ötürdüyü yüksək mənəvi irs Heydər Əliyevin tərcümeyi-halında ləyaqətlə qorundu, böyük siyasətçi bu mühüm tarixi-mənəvi missiyanın fəal və layiqli daşıyıcısı olmaq prioritetini nümayiş etdirdi. Bu gün də Heydər Əliyev idealları, onun azərbaycançılıq ruhu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlətçilik siyasətində qorunaraq xalqın və dövlətin şərəf tarixinin ifadəsinə çevrilməkdədir.

Prezident İlham Əliyevin düşüncə tərzində və siyasi üslubunda irsə hörmət, varislik haqqına tapınaraq yola çıxmaq məqamı aparıcı xətti təşkil edir. Bəlkə buna görə rəhbərlik etdiyi iyirmi ildən artıq zaman kəsimində ölkə başçısı İlham Əliyevin diplomatik səriştəsi sayəsində xalq öz milli kimliyindən ayrılmadı, keçmişindən qopmadı, dəyərlərini itirmədi, özünə, meyarlarına sadiqliyi qorudu. Milli məfkurə, suveren şüur, istiqlal ruhu İlham Əliyevin sədaqətlə qoruduğu ən böyük sərvət oldu. Ölkə başçısı 2008-ci ildə Bakıda İstiqlal Bəyannaməsini abidələşdirdi,  türk qanlı, İslam imanlı, Avropa fikirli yeni gəncliyin öz varlığından, milli kimliyindən ayrılmaması üçün bayraq meydanlarını qurdu. Türk ruhunu mənəviyyatında daşıyan millət fədailərimizin irsinin qorunması, təbliği və təqdimi ilə bağlı ardıcıl sərəncamlar imzaladı. Əlimərdan bəy Topçubaşovun Parisdəki məzarını ziyarətgah halına gətirməsi, Məhəmməd Əmin Rəsulzadənin, Əli bəy Hüseynzadənin, Əlimərdan bəy Topçubaşovun, Fətəli Xan Xoyskinin, Əhməd bəy Ağaoğlunun ölkə miqyasında və dövlət səviyyəsində yubileylərinin keçirilməsinə, Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasının nəşrinə rəvac verməsi, hər biri böyük mədəni hərəkatın göstəricisinə çevrilən “İslam Həmrəyliyi ili”, “Multikulturalizm ili”, “Azərbaycan Cümhuriyyəti ili”, “Nizami Gəncəvi ili”, “İmadəddin Nəsimi ili”, “Şuşa ili”, “Heydər Əliyev ili”, “Konstitusiya və suverenlik ili” ilə bağlı qərarları da həmin humanitar düşüncə strategiyasının gerçəkləri sırasındadır. Bunlar Prezident İlham Əliyevin fikir həyatımızda oynadığı müstəsna məqamlar olmaqla yanaşı, bügünkü uğurlarımızın genetik kodlarını daşıyan, Cümhuriyyət yaddaşımızı qoruyan amillərdir.

Elnarə Akimova,
Milli Məclisin deputatı,YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər