“Mövsümi olaraq müşahidə edilən kəskin respirator virus infeksiyalarının (KRVİ) yayılma riskinin artması fonunda əhalinin sağlamlığının qorunması məqsədilə profilaktik tədbirlərə ciddi əməl olunması vacibdir. KRVİ tənəffüs yollarını zədələyən, əsasən hava-damcı yolu ilə yayılan virus mənşəli xəstəliklər qrupuna daxildir və daha çox payız–qış aylarında geniş yayılır. Xəstəliyin əsas əlamətləri qızdırma, burun axması, boğaz ağrısı, öskürək, halsızlıq və ümumi zəiflikdir. Qeyd etmək lazımdır ki, KRVİ virus mənşəli olduğu üçün antibiotiklər bu xəstəliklərin müalicəsində təsirli deyil. Müalicə əsasən simptomatik xarakter daşıyır və həkim nəzarəti altında aparılmalıdır”.
Bu fikriləri sumqayitxeber.com-a açıqlamasında Sumqayıt Tibb Mərkəzinin 2 saylı Ailə Sağlamlıq Mərkəzinin həkim-terapevti, terapiya şöbəsinin müdiri Rəsmiyyə Məhərrəmova bildirib.
Rəsmiyyə Məhərrəmova qeyd edib ki, İnfeksiyanın yayılmasının qarşısının alınması üçün xüsusilə epidemioloji dövrlərdə kütləvi tədbirlərdən və qapalı, yaxşı havalandırılmayan məkanlardan uzaq durmaq, xəstə şəxslərlə yaxın təmasdan çəkinmək tövsiyə olunur. Əllərin tez-tez və düzgün şəkildə yuyulması, şəxsi gigiyena qaydalarına riayət edilməsi, mümkün hallarda tibbi maskalardan istifadə olunması mühüm profilaktik tədbirlər sırasındadır. Eyni zamanda, yaşayış və iş məkanlarının mütəmadi havalandırılması da infeksiyanın yayılma riskini azaldır. Xüsusilə risk qrupuna aid olan şəxslərə – yaşlılara, xroniki xəstəlikləri olanlara və zəif immun sisteminə malik insanlara qrip mövsümündə peyvənd olunmaları tövsiyə edilir. Peyvəndləmə xəstəliyin ağırlaşmalarının qarşısının alınmasında mühüm rol oynayır. Vətəndaşları öz sağlamlıqlarına diqqətlə yanaşmağa, hər hansı simptomlar müşahidə edildikdə vaxtında tibb müəssisələrinə müraciət etməyə çağırırıq.


Müzakirə qapadılmışdır.