Hamının “mümkünsüz” dediyi şey bir daha Azərbaycanda “mümkün” oldu.
Bunu “Report”a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Rusiya sülhməramlılarının Azərbaycanı tərk etməsi barədə xəbəri şərh edərkən deyib.
O qeyd edib ki, beynəlxalq platformalarda ünsiyyətdə olduqları xarici deputat və diplomat həmkarlarının hamısı Azərbaycanın bunu edə bilməyəcəyi, Rusiya qüvvələrinin Qarabağdan çıxmayacağını bildirirdilər: “Biz isə cavabında “yaşayarıq, görərik” deyirdik. Və hər kəs gördü. Hamının “mümkünsüz” dediyi şey bir daha Azərbaycanda “mümkün” oldu. Həm də, dost qalaraq, milli maraqları tam təmin edərək”.
Deputat bəyan edib ki, bu hadisə bir daha Azərbaycan Prezidenti İlham Əliyevin tək müdrik deyil, eyni zamanda, çox peşəkar, incə siyasət yürüdən və indiyə qədər heç kimin sahib olmadığı bir dövlət xadimi istedadına sahib olduğunu dünyaya sübut etdi!
“Bizdə buna zatən əmin idik…Qoy dünya da əmin olsun bir daha!”, – T.Mirkişili deyib.
Qeyd edək ki, Azərbaycan və Rusiya rəhbərləri ölkədə müvəqqəti yerləşdirilən sülhməramlıların vaxtından əvvəl çıxarılması barədə qərar qəbul ediblər və Rusiya kontingentinin Azərbaycandan çıxarılması prosesi başlayıb.
Müzakirə qapadılmışdır.