Komitə sədri: “Elə şərait yaratmalıyıq ki, insan iş və ailə arasında seçim etməli olmasın”

148

“Bir çox ölkələrin əmək qanunvericiliyində olduğu kimi, Azərbaycan Respublikasının Əmək Məcəlləsində də qadınlar üçün güzəştlər, imtiyaz və əlavə təminatlar, həmçinin müəyyən məhdudiyyətlər nəzərdə tutulur. Belə məhdudiyyətlər ilk növbədə qadınların fizioloji xüsusiyyətlərini və reproduktiv sağlamlığın mühafizəsi məqsədi ilə tətbiq olunur”.

Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında qurumun sədri, deputat Hicran Hüseynova bildirib:

“Bununla yanaşı, ölkədə əmək münasibətlərinin gender bərabərliyi prinsipləri əsasında qurulması, qadınların məşğulluq imkanlarının genişləndirilməsi məqsədi ilə mövcud qanunvericilikdə onlar üçün əməyi qadağan edən 674 vəzifə və iş yeri azaldılaraq 204-ə endirilib. Eyni zamanda, qadağan edilən bu peşə, vəzifə və iş yerləri yalnız hamilə və ya bir yaşınadək uşağı olan qadınlara tətbiq edilir. Azərbaycanın da qoşulduğu bir sıra beynəlxalq konvensiyalara, eləcə də milli qanunvericiliyə görə analığın mühafizəsinə yönəldilən xüsusi tədbirlər görülməsi ayrı-seçkilik hesab olunmur. Bu baxımdan Əmək Məcəlləsinə edilən yeni dəyişikliklər analığın müdafiəsinin gücləndirilməsi, hamilə qadınların analıq məzuniyyətinin yenidən hesablanması müsbət bir haldır. Belə ki, hamiləliyə və doğuşa görə məzuniyyətin doğuşdan əvvəlki hissəsinin müddəti doğuş gözlənilən tarixdən uşağın doğumunadək olan günlər qədər ödənişli olaraq uzadılır. Bu halda məzuniyyətin doğuşdan sonrakı hissəsi qısaldılmır”.

Komitə sədrinin sözlərinə görə, layihəyə daxil edilən anlayışlardan biri də “ailə vəzifələri olan işçi” anlayışıdır:

“Ailə institutunun möhkəmləndirilməsi baxımından bu dəyişikliyi xüsusi ilə qeyd etmək istəyirəm. Biz ailələrimizin güclü və dayanıqlı, uğurlu olması üçün elə şərait yaratmalıyıq ki, insan iş və ailə arasında seçim etməli olmasın. Ailələr müxtəlifdir. Elə ailələrimiz var ki, orada davamlı baxıma ehtiyacı olan uşaqlar böyüyür, xəstə valideynlər var. Ya da ailə tək valideynlidir. Bu ailənin qayğıları ya qadının, ya da kişinin üzərinə düşür. Belə insanların əmək hüquqlarının qorunması və ailədə rahatlığın təmin olunması üçün imkanlar yaradılmalıdır. Yəni qanunvericilik ailə məsuliyyəti daşıyan şəxsləri dəstəkləməli, onların həm iş, həm də ailə öhdəliklərini balanslı şəkildə yerinə yetirməsinə şərait yaratmalıdır. Ailə vəzifələrinin bölüşdürülməsi qadın və kişilərin öz potensialından istifadə etməsi üçün maneələrin aradan qaldırılması deməkdir”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər