Azərbaycanın dilbər guşələrindən biri olan Laçın rayonu sərhədlərini Dəlidağ, İşıqlı, Qırxqız dağ silsilələri əhatə edir və rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi vardır. Ümumi sahəsi 1835 kvadrat kilometr olan Laçın rayonu 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir. Tarix boyu torpağımıza göz dikən yadellilər Laçını “Aranın-Qarabağın qara qapısı” adlandırıblar.
Zəngəzurda, onun Laçın bölgəsində yaşayan xalqımızın qədim tarixi, soy kökü ilə bağlı tədqiq olunmasına zərurət duyulan çox toponimlər mövcuddur. Qaradağlı, Bayındır, Bozlu, Küllü təpə, Qızıl qaya, və s. kimi coğrafi adlar bu qəbildəndir. Rayonun yaşlı nəslinin nümayəndələrinin sözlərinə əsaslanaraq demək olar ki, Minkənd çayı əvvəllər Ağoğlan çayı adlandırılmışdır. Hətta çayın sahilində bu günə qədər qalmış Ağoğlan məbədi həmin adı özündə yaşadır. Bəzi adlar isə qədim tayfaların adlarını özündə əks etdirir. Məsələn, Bayandır və yaxud Bayındırlı adları “Kitabi Dədə Qorqud” dastanında oğuz elinin ağsaqqalı Bayındır xanı xatırladır.
Tarixə nəzər saldıqda məlum olur ki, 1822-ci ildə Qarabağ xanlığı ləğv olunana qədər rayonun ərazisi həmin xanlığın tərkibində olmuşdur. 1874-cu ildən sonra Quberniyanın tərkibində yeni bir qəza – Zəngəzur qəzası yaradılır və Laçın rayonunun ərazisi həmin qəzanın tərkibinə daxil edilir. Laçın şəhəri 1930-cu ildən Laçın rayonunun mərkəzi elan edilir və inzibati ərazi vahidi statusu alır. Laçın rayonu 18 may 1992-ci ildə mənfur qonşularımız tərəfindən işğal edilmişdir. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vasitəsilə əraziyə daxil olub. Laçın rayonunun işğal altına düşməsi faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdır. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Rayonun əhalisi 79.1 min nəfər olmaqla respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb. İşğalın nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb.
Həmçinin Ermənistan işğalçı tərəf olaraq Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər həyata keçirtmişdir. Bu cür əməllər bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edilir və bu cinayət dünya ictimaiyyətinin gözü qarşısında baş vermişdir. Lakin, təəssüf ki, bu kimi konvensiyalar və BMT-nin mövcud qətnamələri dogma yurdumuzun işğaldan azad olunması yolunda ciddi dönüş yarada bilməmişdi. Nəhayət, 44 günlük Vətən müharibəsində cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun əldə etdiyi qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 1 dekabr 2020-ci il tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. Bundan öncə isə, 9 noyabr 2020-ci il tarixində Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdi. Daha sonar, 2022-ci ilin avqust ayının 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürülmüşdür.
Qeyd etmək lazımdır ki, 26 noyabr 2020-ci ildə “Laçının azad olunmasına görə” medalı təsis edilmişdir və Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8397 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
İşğaldan azad olunmuş digər ərazilər kimi Laçın rayonu da yeni inkişaf dövrünə qədəm qoymuşdur. Belə ki, rayonda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi ilə Qubadlı rayonunun Xanlıq kəndinin, Laçın rayonunun cənub hissəsinin və ərazidə yerləşən digər infrastruktur layihələrinin elektrik enerjisi ilə təmin ediləcəyi nəzərdə tutulmuşdur. Prezident sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometr, eni isə 9-16 metr olacaq. İki və dörd hərəkət zolaqlı olacaq yol üzərində altkeçidlər və körpü inşa olunacaq. Yol üzərində 3 tunelin tikintisi aparılacaq. Tunellərin ümumi uzunluğu 9450 metr olacağı planlaşdırılmışdır. Bu yol rayonun iqtisadi-sosial və mədəni inkişafında mühüm rol oyanayacaq. Çünki qədim dövrlərdən bu günümüzədək gəlib çatmış ifadədə də deyildiyi kimi yol mədəniyyətdir.
“Böyük Qayıdış” Dövlət Proqramına uyğun olaraq ərazidə aparılacaq abadlıq-quruculuq işləri bununla məhdudlaşmır. Həmçinin 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Laçın rayonunun Qorçu kəndinin ərazisində inşası planlaşdırılan hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. Belə ki, hava limanının tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək və turizm potensialının artırılmasına səbəb olacaq, eyni zamanda logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək.
Laçın rayonunda mövcud yaylaq sahəsi və meşə massivi fonunda heyvandarlığın inkişafı üçün böyük imkanlar var. Artıq ikinci ildir ki, çobanlar ilə qoyun sürüləri oraya göndərilib və yüzlərlə arıçı öz təsərrüfatını qurub və bol məhsul götürür.
Qeyd etmək lazımdır ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev azad olunmuş Laçın rayonu ərazisinə dəfələrlə səfərlər etmiş və görülən işlərlə şəxsən tanış olmuşdur. Belə ki, 2021-ci ilin fevral ayında Güləbird kəndində Azərbaycan bayrağının ucaldılması və su elektrik stansiyasının açılışı, avqust ayında Laçın Beynəlxalq Hava Limanının təməlqoyma mərasimi, 2022-ci ilin iyununda Kəlbəcər-Laçın avtomobil yolunun inşası prosesi ilə tanışlıq, “Qorçu” elektrik yarımstansiyasında görülən işlərlə tanışlıq, “Həkəriçay” su anbarı layihəsi ilə tanışlıq, Laçın Beynəlxalq Hava Limanında aparılan tikinti işləri ilə tanışlıq, sentyabr ayında isə Kəlbəcər-Laçın avtomobil yolunda yeni inşa edilən tunellə tanışlıq, Laçın şəhərində Azərbaycan Bayrağının ucaldılması və Laçın şəhərində inşa ediləcək “Laçın” qovşaq yarımstansiyasının təməlqoyma mərasimi çərçivəsində səfərlər həyata keçirilmişdir.
Yuxarıda sadaladığımız faktları nəzərə alaraq əminliklə deyə bilərik ki, yaxın illərdə işğaldan azad edilmiş digər bölgələrimizlə bərabər Laçın rayonu da çiçəklənərək ölkəmizin əsas iqtisadi və mədəni mərkəzlərindən birinə çevriləcək.
Süsən Məmmədova, Sumqayıt şəhər Gənc Müəllimlər Şurasının üzvü
Müzakirə qapadılmışdır.