MƏHƏBBƏTİN SƏSİ – HEKAYƏ

3010

sumqayitxeber.com yazıçı Altay Məmmədovun “Məhəbbətin səsi” hekayəsini təqdim edir: 

altay memmedov223
…Kimsəyə işıq verməyən günəş, kimsəyə

görsənməyən gözəllik kimə və nəyə lazımdır?
C.Cabbarlı

Qızım radionu açdı, mənə sarı çevrilib, dəcəl gözlərini qıydı.

– Ata, bilirsənmi kim oxuyacaq?

Ürəyim yerindən oynadı.

– Söndür, qızım.

– Ata, mən də, anam da düz dörd gündür bu konserti gözləyirik. Sən onun səsini xoşlamırsan? Niyə xoşlamırsan?

– Söndür, gülüm, başım ağrıyır.

«Axı mən bu səkkiz yaşlı uşağı necə başa salım, ürəyimin ağrısını necə anladım?»

– Ata, sənin başın indiyə kimi heç ağrımırdı, niyə konsert başlayanda ağrıdı? Onun elə qəşəng səsi var ki, başının ağrısı da kəsər.

Uşaqların anası mətbəxdəki işini yarımçıq qoyub, əllərini dəsmalla silə-silə gəldi.

– Başlayırmı, qızım?

O, cavab gözləmədi, rəngimin dəyişdiyini sezdiyindəndir ki, «nə olub» – deyə mənə diqqətli bir nəzər saldı.

– Heç bir şey, xəstə kimiyəm.

– Ana, deyir ki, radionu bağla, necə bağlayım? Axı indicə başlayacaq…

– Bağla, qızım. – O, gözlərimin içinə baxdı, əlini alnıma dayadı, nəbzimi tutdu.

– Termometr verimmi?

– Lazım deyil.

Qızıma diqqət yetirdim, onu sanki istəkli bir dostundan ayırmışdılar. Gah mənə, gah da radioya baxırdı. Saf uşaq duyğusu! Qızım elə bil sövqi-təbii ilə mənim yalan dediyimi duymuşdu. Elə bu anda bizim evin qarşısındakı binanın açıq pəncərələrindən diktorun gur səsi gəldi: oxuyur… Mən onun adını çəkməyəcəyəm. Qızım sevinclə küçəyə boylandı. Mən pəncərəmizi örtəndə az qaldı ağlasın, gözlərini yerə dikib dillənmədi. Lakin onun səsi, işıq şüşəni dəlib keçdiyi kimi, örtülü pəncərədən içəri axdı. Elə bil otaqda hər şey titrədi. Hər şey nəfəs aldı, hər şey canlandı. Bu, doqquz ildən bəri mənə əzab verən o ecazkar, məlahətli səs idi; hamının sevdiyi, dinləmək istədiyi, mənimsə eşitmək istəmədiym o narahat səs! Mənim bütün bədənimi lərzəyə salan, yuxusuz gecələrimə bais olan o amansız səs! Axı qızım o səsə qulaq asanda mənim kədərləndiyimi, dərdləndiyimi nə biləydi? Axı xəstəliyimə şübhə etməyən qadınım nə bilsin ki, məni həyəcanlandıran, «xəstələndirən» onun sevdiyi, həmişə ehtirasla dinlədiyi səs idi. Qızım pəncərəyə baxdı. O, yəqin ki, radiosunu yuxarı ayaqda qoyub səsini bütün küçəyə yayan qonşudan çox razı idi. Onun bəxtindən divarın o tərəfindəki qonşunun da radiosu gurladı; bayaqdan pəncərəmiz oxuyurdu, indi divar da oxumağa başladı. Qızımın sifətinə qonan məmnun ifadə gözlərimdən yayınmadı. Uçunurdum. Arvadım maraq və qorxu ilə mənə baxırdı.

– Bəlkə uzanasan?..

– Yox, gedirəm, – şlyapamı götürdüm, – qızım, aç, qoy oxusun.

– Qurban olum sənə, ata! – O, cəld radionu açdı.

Lampalar qızıncayadək otaqdan çıxıb pillələri endim. Toxuculuq kombinatında usta köməkçisi işləyən ikinci mərtəbədəki qonşum dəhlizə çıxdı. Açıq qapıdan radionun səsi hər yanı başına götürdü, tezliklə çıxıb qaçmaq istəyirdim, qonşum saxladı.

– Hara belə, konserti qoyub hara tələsirsən?

– Vacib işim var.

– Bu oxuyan yerdə nə vacib iş? Görürsən zalımın qızı nə oxuyur?! Xalqımın fəxridir.

Dinmədim, başımla razı olduğumu bildirib tez çıxdım. O səs ovxarlanmış xəncərə dönüb ürəyimi doğrayırdı. Onun səsi küçənin hər tərəfini bürümüşdü, bütün evlərin pəncərələrindən gəlirdi. İndi «Sevgilim» oxuyurdu, şirin və acı xatirələrin şahidini. O bilirdi ki, mən bu mahnını çox xoşlayıram. Bəlkə də qəsdən həmişə konsertlərinin repertuarına bu mahnını daxil edirdi. Hər dəfə eyni sözlü, eyni motivli mahnı qulaqlarımda başqa cür səslənirdi. Xatirələr məni öz qanadlarına alır, gah dərdləndirir, gah acıqlandırır, gah da qırmaclayırdı. Elə indi də məni qabağına qatıb qamçılaya-qamçılaya hara isə qovurdu. Alışıb yanırdım. Dincəlmək, rahat nəfəs almaq üçün mahnıdan uzaqlaşmalıyam. Lakin hara gedim?.. Mərkəzi küçəyə buruldum, amma səs daha da qüvvətləndi; indi mağazalar da oxuyurdu, dirəklərdəki reproduktorlar da oxuyurdu. Hər şeyi unutmaq, dərdimi dağıtmaq üçün restorana girdim. Oradakı çalğıçıların ifaçılıq səviyyəsi aşağı olsa da, hər halda onun səsini unutdura bilərdilər. Amma çalğıçıların dördü də alətini yerə qoyub, bir stol arxasında oturmuş, əlləri qulaqlarının dibində, radioya, onun səsinə qulaq asırdı. Qayıdıb çıxdım. Hara gedim? Göyəmi çıxım? Radio dalğaları məgər göyü bürüməmişmi? Başım üzərindəki göylər də oxuyur, ayağımın altındakı yer də oxuyur. Gəncəçay körpüsünün yanındayam, iynə salmağa yer yoxdur, reproduktorun altında ona qulaq asırlar. «Dinləyin, xoşbəxtlər! Qulaq asın, bəxtiyarlar!» Hamısının üzündə heyranlıq, hamısının üzündə mehribanlıq, məmnuniyyət, sevinc! Yüyürürəm, o məni qovur, yüyürürəm, oxuyur, evlər oxuyur, arxlar oxuyur, çiçəklər oxuyur, Gəncə çayı oxuyur, çinarlar oxuyur, sərvlər oxuyur, insanlar oxuyur, şəhər oxuyur! Yüyürürəm, baş alıb gedirəm. Hara? Bilmirəm. Şəhərdən qaçımmı, hara qaçım? Kimsəsiz bir yerə, sakitliyə, meşələrə! O oxuyub qurtarana qədər. Hacıkənd meşələrinə qaçmalı! Qaçmaq! Əl eləyib taksi saxladım. Hesablayıcını şırıqqıltı ilə açan bukle kepkalı, mavi gözü, bir cüt qızıl dişi işıldayan şofer:

– Hara buyurursunuz? – deyə xəbər aldı.

– Sür bir tərəfə, şəhərdən çıxaq.

– Yenə, hansı səmtə?

– Hacıkənd tərəfə.

– Dünən Çaykəndə getmişdim. Hacıkənd hələ soyuqdur.

– Quraqlıqdırmı?

– Bəli.

– Sür…

Küçələri adlayıb şəhərdən çıxanda bir az rahatlandım. İndi hər yan sakitlik idi. Yalnız aramla işləyən «Volqa» motorunun asta səsi gəlirdi. Nəfəs almaq olardı. Gözlərim önünə gələn xatirələri qovmağa çalışıram. Maşın şose yolla yuxarı, meşəli təpələrə doğru şütüyür… Hərdən çala-çuxura da düşür. Birdən şofer saatına baxdı, çox qiymətli bir şey itiribmiş kimi «vay səni!..» deyə çığırdı. «Gör necə yadımdan çıxıb, gör ha!..» O, radionu açdı. Səs maşina doldu. Dəli oldum. İstədim çığırım ki, «söndür!»

Şofer:

– Səsinə qurban olduğum neçə vaxt idi oxumurdu, getmişdi, heç olmazsa siz də dinmirsiniz, bayaqdan açam, axır vaxtlar yaddaşım bir az xarab olub.

Şoferin sifətinə elə şadlıq, elə razılıq ifadəsi qonmuşdu ki, cəsarət edib dillənə bilmədim, deyə bilmədim ki, «söndür, başım ağrıyır», bircə xəbər aldım:

– Qozluğa nə vaxt çatırıq?

– Bərk sürsəm altı-yeddi dəqiqəyə, amma asta sürərəm, qulaq asa-asa gedərik, qovmurlar ki…

– Bərk sür, qardaş! Nə qədər bacarırsan bərk.

– Baş üstə.

– Qardaş.

– Buyurun.

– Əgər səni istəyən qızın belə səsi olsaydı, qoyardınmı oxusun, konsertlərdə çıxış eləsin?

Mən güzgüdə oğlanın irişdiyini gördüm, onun qızıl dişləri parıldadı.

– Əşşi, mən haranın bəxtəvəri oldum? Təbiət səsi olanı oxumaqçın yaradıb, qoyardım da sözdür!.. Xalqa böyük savab olardı ki… Bir də indi hansı zəmanədir?!

Bəli, indi hansı zəmanədir? Yəqin mahnıdan qaçmağımın səbəbini kim bilsə, məni qınayar. Maşın hamar yolla yüyürürdü, elə bil onu da mahnı hərəkətə gətirmişdi. Bir anlığa gözlərimi yumub, keçmişləri unudaraq, oxuyanı şəxsən tanımırmış kimi qarşımdakı şofersayağı onun nəğməsinə qulaq asmaq istədim. Onun səsi bu doqquz il ərzində ildən-ilə, aydan-aya deyil, bəlkə də gündən-günə dəyişmişdi. Yolun qırağında otlar hələ yenicə göyərirdi, o oxuduqca otlar elə bil adam boyu qalxır, güllər, çiçəklər hər yanı bürüyürdü. Qarşımızda uzanan boz-qara yol da yaşıl xiyabana dönürdü. O oxuyur, elə bil şəlalələr tökülür, çeşmələr şırıldayır, bulaqlar çağlayır, bəzən sanki şimşək şaqqıldayır, sinəmdə şırımlar açılır. O oxuyur, elə bil bal kimi buzlu şərbət içirəm. Bu həzzim uzun çəkmədi, içimdə illərdən bəri məni gəmirən qurd yenə baş qaldırdı. Az qala radionu sındırmaq istədim, konsert də qurtarmaq bilmirdi. Elə bil radio işçiləri uzun müddətli fasilənin əvəzini çıxırdılar. Maşın dolamalarda idi. Kükürdlü mədən daşı yüklənmiş hava vaqonetkaları görünürdü. Ətrafa baxmaqla diqqətimi radiodan yayındırmağa çalışırdım. Lakin əbəs yerə. Bu, mümkün deyildi. Qozluq körpüsünə çatan kimi maşını saxlatdım, təəccübdən gözləri böyüyən, lakin heç bir söz deməyən şoferin haqq-hesabını verib, onun hara getməsini gözləmədən, dərə ilə başyuxarı, ağacların sıx yerinə, yoldan uzaq yerə yan aldım. Yer nəm, otlar nəm, ağaclar nəm. Özümü meşənin lap qalınlığına, səsdən, səmirdən uzaq bir yerə verib dincəlmək istəyirdim. Kiçik bir bulağın yanında dayanıb nəfəsimi dərdim. Köhnə ocaq yeri də vardı. Keçən ilki ocaqdan qaralmış daşların rəngini, hisini aramsız yağışlar yuya bilməmişdi. Nədənsə gözlərimi hisli daşdan çəkə bilmirdim. O qaralmış daşla mənim aramda elə bil yaxınlıq vardı. Cib dəsmalımı daşlardan birinin üstə salıb oturdum. Ağaclar yenicə göyərirdi. Yarpaqlar saf yaşıldı, elə buradaca, nəmişlik olsa da, arxası üstə uzanıb göylərə baxmaq, təbiətin seyrinə dalmaq, hər şeyi tamam unutmaq, yaddan çıxarmaq! Qoy lap soyuq dəysin… Nə yaxşı sakitlikdir! Bax, belə… Birdən düz başımın üstdəki ağacdan arası kəsilməyən sürəkli bir bülbül zənguləsi qopdu, meşə cana gəldi. Əsdim. Onun səsi bülbülün zənguləsinə qarışıb qulağıma gəldi. «Sus, bülbül, sus!.. Qoy dincəlim, sus! Mənə yazığın gəlsin, yalvarıram, sus!..» Bülbül susmaq bilmir, onun səsini öz səsinə daha çox qatırdı. «Qadan alım, sus, bülbül, mənə niyə əzab verirsən?» Bülbül susmadı… Elə bu andaca doqquz il bundan əvvəlki əhvalat xəyalımda canlandı. O qız nəzərimdə aydın göründü, gözlərimi yumdum, sifəti mənə daha da yaxınlaşdı, uzun kirpikli iri gözlərini açıb yumdu. Hər şeyi doqquz il yox, lap doqquzca dəqiqə bundan əvvəl baş vermiş kimi xatırlayıram. Bülbülün amansız zənguləsi də başımın üstə!

Bahar idi, şəhər üzərinə qaranlıq yenicə çökür, elektrik işıqlarına çatıb parçalanırdı. Gecə növbəsinə dayanmaq üçün xəstəxanaya gedirdim. Müstəqil işlədiyimin birinci ili tamamlanırdı. Xəstəxanada hər şey mənə maraqlı görünürdü. Saatıma baxıb addımımı yeyinlətdim. «Əmək» küçəsinə çatanda qışqırtı qopdu. Dəhşətdən gözlərimə qaranlıq çökdü. Küçənin düz ortasında bir qız maşının altına düşmüşdü. Oraya toplaşanların səsi eşidilirdi: «Vay, yazıq», «Anan ölsün», «Anası ölmüş lap cavandır», «Şofer keflidir», «Təcili yardım çağırın». Adətən, belə hadisə yerlərində maraq insana tez qərar çıxarmaqda mane olur. Adamları yarıb irəli keçdim. Maşın qızı vuran andaca dayanmışdı. Qız maşından azacıq aralı yanı üstə yıxılmışdı, zil qara saçları dağılmış, ağ ipək köynəyi qana bulaşmışdı. Gözləri örtülmüşdü. Tez əyildim, nəbzini tutdum, üst-başını sahmanladım, onu rahat uzatmağa çalışdım. Ölməmişdi. Tanıdım. O oxuyan qızı çoxdan tanıyırdım. Onunla tanış olmağı çox arzulamışdım. Qızı tezcə elə onu vuran maşına qoyub xəstəxanaya çatdırmalı! Lakin kabinənin yanında dayanan rəngi kağız kimi ağ, orta yaşlı şoferin gözlərində küt bir ifadə donmuşdu. Nitqi qurumuşdu, nə hərəkət edə, nə də danışa bilirdi. Qızı qollarımın üstə alıb xəstəxanaya tərəf yüyürdüm. Hiss edirdim ki, küçədən keçənlər təəccüblə mənə baxırlar. Yüyürürdüm. Bəlkə də qızı xəstəxanaya təcili yardımdan tez çatdırdım. Bütün tibb işçiləri ayağa qalxdı. Ciddi, qaradinməz adam kimi tanıdıqları bir həkimi belə vəziyyətdə görəcəklərini yəqin ki, təsəvvürlərinə gətirməzdilər. Onlar qızı mənim yaxın, doğma adamım hesab edirdilər. Birbaş cərrahiyyə otağına getdim. Gözə dəyən yaraları tikib sarıdıq. Səhərə qədər gözləyib, rentgenə salmaq, zədələnmiş yerlərini müəyyənləşdirmək istəyirdim. Sol gözünün üstü bərk zədələnmişdi. Hələ özünə gəlməmişdi, yəqin beyni də titrəmişdi. Şəfqət bacısına tapşırıq verib, o biri palatalara baş çəkməyə getdim. Növbətçi otağına gəldim. Lakin qərar tuta bilmədim. Qayıtdım, stul qoyub çarpayısının yanında oturdum. Doymaq bilmədən sifətinə tamaşa eləyirdim. Sağalacağına əmin olduğumdan, rahat idim. Ahəstə-ahəstə nəfəs alırdı, sinəsi qalxıb-enirdi. Alnını sarımışdım. O, yenə gözəl görünürdü. Bəxtimdən bu yekəlikdə xəstəxanada hər şey öz qaydasında idi. Lap səhərəcən burada otura bilərdim. Bilmirəm bir saat idi o oturduğum, yoxsa iki saat idi, bir kişi ilə bir qadının gəldiyini, ağlayıb qızlarını görmək istədiyini xəbər verdilər. Onları qarşılamağa getdim. Şəfqət bacıları da, kişi də nə qədər çalışırdılarsa, qadını sakitləşdirə bilmirdilər. O, donunun yaxasını cırmışdı. Ağlı-qaralı saçları çiyinlərinə tökülmüşdü. Məni görüb, növbətçi həkim olduğumu biləndə, qollarını açıb üstümə gəldi.

– Əllərinə qurban olum, gözlərinin qadasını alım, cavan həkim, balamı səndən istəyirəm, bülbül balamı.

– Arxayın ol, xala, qorxulu bir şey yoxdur. Beş-on günə tamam sağalıb durar ayağa.

– Yox, cavan həkim, bu gözlərimnən görməsəm, inanmaram.

Onu qapıda saxlamağın mümkün olmadığını yəqin etdikdən sonra:

– Bir şərtlə, – dedim.

– Nə şərt, oğul?

– Qətiyyən səsinizi çıxartmayacaqsınız.

– Baş üstə, oğul, baş üstə.

Qadın xeyli toxdamışdı, daha hıçqırmırdı. Kişi də sakit görünürdü. Onlara xalat verdirib palataya apardım. Qızının nəfəsini eşidən andan qadının rəngi yerinə gəldi. Amma yenə ağlamamaq üçün dodaqlarını gəmirirdi.

– Həkim, qadan alım, bir şikəstliyi yoxdur ki, balamın?

– Yox, ana, qorxma, – hərçənd mən bunu hələ qəti yəqinləşdirə bilməmişdim, nə etməli, başqa əlac yox idi.

– Olarmı, həkim bala, mən elə buradaca qalım?

– Olmaz, ana, siz rahat, lap rahat gedin.

– Görüm səni Tur dağına dönəsən, cavan həkim, muğayat ol mənim bülbül balamdan.

– Arxayın ol, ana!

Öz təmkinini saxlayan kişi də razılığını bildirdi.

Bir təhərlə onları yola saldım. Səhər növbəni təhvil verdim. Evə getməzdən əvvəl yenə ona baş çəkdim. Hələ özünə gəlməmişdi. Evdə yata bilməyib yenə xəstəxanaya qayıtdım. Sonra evə, yenə xəstəxanaya. Qəribə idi, iki günü xəstəxanada keçirtdim, həkim qızlar da, şəfqət bacıları da məni görəndə pıçıldaşırdılar. İkinci gün qızın ayıldığını xəbər verdilər. Yüyürə-yüyürə yanına getdim. Göz qapaqları örtülü idi. Hənirti duydu, kirpiklərini yavaş-yavaş qaldırdı. Məni görüb gözlərini geniş açdı, elə bil o iri bəbəklərdə bütün dünya yerləşmişdi. Çat-çat olan qaralmış dodaqlarını tərpətdi.

– Məni buraya gətirən doktor sizsiniz?

– Hə.

– Çox sağ olun, doktor, sizə əziyyətim çox dəyib, böyük zəhmət çəkmisiniz, günah məndə idi, yolu mən keçmişdim.

O elə bil danışmır, oxuyurdu. Dodaqlarını azacıq aralayanda inci kimi, dümağ dişləri, dodaqlarını isladan dili görünürdü. Öz hisslərimi boğmağa, ona bildirməməyə çalışırdım. Amma sarsılmaqda olduğum, üzümün ifadəsinin iradəmdən asılı olmayaraq dəyişdiyini hiss edirdim. Özümü ələ aldım.

– Mənə minnətdarlıq eləməyə dəyməz. Sizin yolunuzda da heç bir əziyyət çəkməmişəm. Mən olmasaydım da başqa birisi sizi buraya çatdırardı.

– Amma o, evə getməyib, hər gün burada qalmazdı. Öz zəhmətinizi kiçiltməyin, doktor.

Diksindim. Deməli, hər şeyi bilirmiş. İstəmirdim ki, bunları bilsin. O danışdıqca sarsılırdım. Qətiyyən istəmirdim ki, ürəyimdən keçənləri bilsin, əgər bilsəydi, çox pis olardı. Axı niyə bilsin? Deyər ki, yəqin mən məhz buna görə canfəşanlıq etmişəm. Nə isə bir qərəz, bir təmənna var. Rədd olsun təmənnalı məhəbbət! Getmək istəyirdim. Dili ilə qurumuş dodaqlarını isladır, gözəl dişləri yenə görünürdü. Ayrıla bilmirdim. Çətinlik çəksə də, çox şirin danışırdı.

– Tələsirsiniz, doktor?

– Xeyr, xeyr.

– Onda mümkünsə, sizə əziyyət olmazsa, əyləşin.

Oturdum. İkimiz də susduq.

– Çoxdan burada işləyirsiniz?

– Xeyr, birinci ildir.

– Uşaq vaxtı mən də həkim olmaq istəyirdim.

– Bəs indi?

– İndi yox! Başqa sənətə gedəcəyəm.

Mən bildim ki, konservatoriyanı nəzərdə tutur.

– Əlbəttə, sizin gözəl səsiniz var.

– O qədər də yox, doktor.

Onun müğənniliyini bildiyimi büruzə verməyimə peşman oldum. Amma artıq gec idi.

– Təvazökarlıq nəyə lazım?

– Doktor, mən neçə günə dura bilərəm?

– Darıxmayın. Tamam sağalmayınca sizi buradan buraxan deyilik.

Minnətdarlıqla gözlərimin içinə baxdı.

– Anam da sizdən çox razılıq edirdi.

– Mənə heç bir razılıq lazım deyil, elə fövqəladə bir iş də görməmişəm. Adicə vəzifəmi yerinə yetirmişəm.

– Yox, doktor, siz mənim xilaskarımsınız.

O, «xilaskar» sözünü çox asta, amma çox da həyəcanla tələffüz etdi. Sözün üzərinə elə vurğu qoydu ki, etiraz etmək mümkün olmadı. Etiraz sanki onun uzun illər inam bəslədiyi şeyi puç eləməyə bərabər idi. Susdum. O danışdıqca müvazinətimi itirdiyim üçün qaçmağa çalışırdım.

– Sizə çox danışmaq olmaz, – dedim, – zərərdir.

– Baş üstə, doktor. – Gözləri güldü.

– Hələlik, – deyib dəhlizə çıxdım.

Fırtınalı, təlatümlü həyəcan məni çulğamışdı. Sərməst idim. Ömrümdə belə ümidli hisslər keçirməmişdim. Elə bil bitməz-tükənməz xəzinə kəşf eləmişdim. İçəri qayıtmaq istəyirdim, çıxmağıma peşman idim. Niyə çıxdım axı?!. İndi hünərin var, qayıt! Əlbəttə, qayıdası deyildim. Həyətə düşmək istədim. Ayaq saxladım, dönüb palatanın dəhlizə baxan pəncərəsindən içəri boylandım, sol tərəfdən profili görünürdü, deyəsən, gözləri yumulu idi, üzü elə bil mərmərdən yonulmuşdu. Tərpənməz idi. Pillələrdən enib həyətdəki skamyada oturdum, şirin xəyallara daldım… Evləndim, ailə qurdum. O zaman da başımın üzərində bülbül şaqqıldayırdı.

İndisə sus, bülbül, sus. Sus, qoy nəfəs alım. Bülbül kirimədi, əksinə, səsinə meşənin dərinliyindən min bülbül səs verdi. Neynək, bülbül!

Bülbül, o zaman mən qəribə hisslər keçirirdim. İstəyirdim ki, həm qız sağalsın, həm də xəstəxanadan gec çıxsın. Onu itirəcəyimdən, həmişəlik itirəcəyimdən qorxurdum. Yaman qorxurdum, bülbül! Elə gün olurdu yanına iki-üç dəfə gedirdim, danışmağa söz olmayanda bir-birimizin gözlərinə baxırdıq, yoruluncayadək baxırdıq. Gözlərimiz yaxşıca söhbət edirdi, dilin gücü çatmayan sözləri çox dəqiq, çox sərrast ifadə eləyirdi. Gözlərinin aynasında özümü görürdüm, duyurdum ki, o da gözlərimdədir. Onu gözlərimdə gizlədib evə aparırdım, istədiyim zaman baxırdım. Gözləri gözlərimdən silinməzdi, gözləri gözlərimə qatışmış, gözlərim gözlərində ərimişdi. Bəzən evdə olanda gözlərim məndən qopub onun yanına, palataya gedir, saatlarla başının üzərində dayanırdı. Günlər keçirdi. O lap sağalmışdı. Ayrılıq günü çatdı. Onu aparmağa anası gəlmişdi. Küçəyə qədər ötürdüm. Anası xeyli alqış elədi. Qız bir əli maşının qapısında, qanrılıb mənə baxdı. Bu baxış çox şey vəd edirdi, təskinlik verirdi, «qorxma, qorxma» deyirdi. Maşın getdi, ürəyim də getdi. Bilmirəm ayaq üstə necə dayanmışdım. Bütün bədənim elə bil taxtadan idi, elə bil azca külək əssə, yıxılacaqdım.

Həyatımın ahəngi pozuldu. Üç gündən sonra məni telefona çağırdılar. Onun səsini tanıdım. Məni evlərinə dəvət edirdi. Onu görməyə nə qədər can atsam da, dəvətdən nə qədər sevinsəm də, evlərinə getməyə çətinlik çəkirdim. Belə qarışıq əhvali-ruhiyyə ilə şəhərin mərkəz küçəsindəki evlərinə çatdım. Qapıda iki minik maşını dayanmışdı. Mənzilləri qırmızı kərpicdən tikilmiş kirəmitli köhnə Gəncə evlərindən birində yerləşmişdi. O məni qırmızı rəngli pilləkənin ayağında qarşıladı.

– Xoş gəlmisiniz, doktor, sizdən savayı hamı gəlib, hamı da sizinlə maraqlanır. Əlimi tutdu, pıçıltı ilə: – Axı onlar da bilirlər ki, siz mənim xilaskarımsınız, – dedi.

– Bir də mənə «xilaskar» deməyin. O sözün ağırlığı məni əzir, axı doğrudan deyirəm, mən xilaskar deyiləm.

– Doktor, siz mənim xilaskarımsınız, vəssalam. Bura xəstəxana deyil, sizin sözünüz ötməz.

Sarmaşıqlı eyvanda anası qarşıma çıxdı.

– Boyuna qurban olum, deyib yanaqlarımdan marçıltı ilə öpdü. – Sən bizim evin ən əziz qonağısan.

İri zalda uzun stol açılmışdı. İçəridəkilərin əksəri cavan qızlar, oğlanlar idi. Onların çoxunu xəstəxanada, yoldaşlarına baş çəkməyə gələndə görmüşdüm. Çox sıxılırdım, hamının diqqəti məndə idi. Sağlıqlardan sonra mavigözlü, qıvrımsaçlı zərif bir oğlan pianonun arxasına keçdi. Qız da «Sevgilim» mahnısını oxumağa başladı. Hamının gözü onda idi, onun gözü məndə idi. Səsi iliklərimə işləyirdi, əsirdim, deyirdim bu mahnı bitməsin, əbədiyyətin özü qədər uzansın. Gözlərimdə hər şey yoxa çıxır, hər şey, mən özüm də əriyib onun nəğməsinə qarışırdım. Səsi hələ cilalanmasa da, təbii idi. Çox hissiyyatla oxuyurdu. İndi də Qarabağ şikəstəsinə keçdi, sonra Ələsgərin «Çərşənbə günü»nü oxudu. Hamısını da eyni məlahətlə. Gözləri də gözlərimdə.

Sonra məni evlərinə bir də dəvət elədi… Sonra kinoya getdik, teatra getdik. Evə ötürdüm. Mən ona bir söz demədim, o mənə bir söz demədi. Bilmirəm necə oldusa, əllərini, ağ, göyçək əllərini öpdüm, dodaqlarını alnımda duydum, gözlərini, kirpiklərini dodaqlarımda. Məhəbbət danışıq sevmir, nə qədər isti söz olsa, məhəbbətdən soyuqdur. Məhəbbətin öz dili, öz ləhcəsi, özünün səssiz səsi var…

Başımın üstdəki bülbülün zənguləsi lap zilə qalxdı. «Sus, bülbül, sus!.. Bülbül, bəlkə sən elə çox oxuduğuna görə öz gülünün könlünü ala bilmirsən, sus, bülbül, sus!..» Bülbül susmadı…

Günlərimiz qayğısız keçirdi, o məni çox istəyirdi, lap çox istəiyrdi, hissini cilovlamırdı, ürəyini gizləmirdi, hər şeyi etiraf edirdi, mənim babat sifətimdə min cür gözəllik tapırdı, sərt çıxıntılı çənəmi də, iri qalın dodaqlarımı da, sifətimə ciddilik və kəskinlik verən qalın qaşlarımı da, hətta gözümün altındakı iri il yarası yerini də sığallayıb tərifləyirdi.

İlk məhəbbətimin ocağı çox gur yanırdı.

Həyatımdan, taleyimdən çox razı idim. Yalnız bircə hiss məni incidirdi.

Onun oxuduğu konsertlərə gedərdim. Səhnəyə baxardım. Piano çalan oğlanı görəndə ürəyim iynələnərdi, tar çalan oğlanı görəndə gözlərimə qaranlıq çökərdi. Deyərdim niyə pianonu, tarı, qavalı, kamanı mən çalmıram? Niyə onun dirsəkləndiyi piano mən deyiləm? Niyə onun addımladığı döşəmə mən deyiləm? Niyə onun üzünə toxunan hava mən deyiləm? Mən! Mən! Mən onu hər şeyə, hamıya qısqanırdım. Amma büruzə vermirdim. Bilmirəm bu vəhşi hiss haradan qəlbimə dolmuşdu? O, bir şey hiss etmirdi. Hər dəfə konsertdən çıxanda qoluma girərdi. Sərbəstcə addımlayardı. Deyərdi, gülərdi, qəlbimdən qara qanlar axdığını duymazdı.

Həyatımızda ən mühüm hadisə yaxınlaşırdı. Biz evlənməli idik.

Bir gün atam, qaraqabaq, zəhmli, işgüzar atam, evdə hamının qorxduğu atam, onuncunu qurtaran kimi qızlarının ərə getməsinə razılıq verən atam, oğlanlarına ali təhsil verməmiş rahatlanmayan atam, hamımızın hörmətini saxladığımız atam, həmişə namusdan, qeyrətdən danışan, papaq tikən, papağı namus hesab edən atam, məscidə gedən, məhərrəmlik təziyəsi saxlayan atam gözlərini qıyıb məndən xəbər aldı:

– Oğul, o qız bu evə gələndən sonradamı oxuyacaq, konsert verəcək?

Dinmədim.

– Ona bəri başdan qandır ki, sənə uşaq anası lazımdır, evinə dirək gərəkdir, müəllim məktəbinə-zada girsin…

Atamın sonrakı sözləri yox, yalnız «o qız bu evə gələndən sonradamı oxuyacaq?» sualı məni didirdi. O, konservatoriyada təhsil alacaq, oxuyacaq, qastrollara gedəcək, onu əlindən tutub səhnəyə çıxaracaqlar. Sənin şübhələrlə dolu ürəyin bunlara tablaya biləcəkmi? O, gec, gecəyarı gələcək, bəlkə ona məhəbbət məktubları yazacaqlar, bəlkə uzaq şəhərlərə gedəcək, sən bunlara dözəcəksənmi? Sənin həyat tərzinlə onunku arasında uçurum yaranmayacaqmı? Bəlkə o, məşhur, lap məşhur müğənni olacaq? Sənin onu yolundan döndərməyə haqqın varmı?! Sənin ona ixtiyarın çatırmı, sən nəyə arxalanırsan? Bəs o oxuyan müğənnilərin, oynayan rəqqasələrin, artistlərin ərləri, qardaşları, ataları yoxdurmu? İlk dəfə o qızın hansı məziyyəti səni cəlb edib? Səsi! Əgər elə idisə, bəs indi niyə belə? Sən atandan uzaqlaşa bilməzsənmi? Sən həyata yalnız dedi-qodu üçün gəlmiş çürük dişli adamlardan qopa bilməzsənmi? Sən ata-ana üçün evlənmirsən! Mən atamdan qaça bilərdim, lap onun gözündən iraq yerdə, başqa bir şəhərdə ailə qura bilərdim. Yox, bu, mümkün deyildi, atam mənim qan damarlarımda axırdı, atam mənim beynimdə, ürəyimdə idi, atamın xasiyyəti mənim varlığıma hopmuşdu. İnsan bəyəm özü-özündən qaça bilərmi? Dəfələrlə öz arzularını, gələcək planlarını söyləməsinə baxmayaraq, mən onun şəhərimizdən çıxıb gedəcəyini təsəvvürümə gətirə bilmirdim. Onu saxlayacağıma əmin idim, məni o qədər çox istəyirdi ki, sözümdən çıxacağını qətiyyən fikrimə gətirə bilmirdim. Özümə çox arxayın idim, çox. O məni özünün xilaskarı hesab eləyirdi. Mən də doğrudan da özümü xilaskar hesab eləməyə başlamışdım. Mən deyəcəyəm «getmə!». O nə qədər əzab çəksə də, getməyəcək. Bəyəm onun arzularının mərkəzində dayanan mən deyiləm? Mənim məhəbbətim deyil? Çox götür-qoydan sonra, çətin də olsa, fikrimi açıq söyləməyi qərara aldım. Bizim parkda idik, gözəl parkda, çinarlı parkda, palmalı parkda, hər yanda bülbül ötürdü. «Sus, bülbül, sus! Ürəyim parçalanır, sus!» Bülbül susmadı. Mən ehtiyatla danışmağa çalışırdım, qəribə idi, həm özümü haqlı sayır, həm də danışmağımın saxta olduğunu sezirdim. Bu saxta danışığı həqiqətə çatmaq üçün vasitə hesab etməklə özümə təskinlik verirdim.

– Olmazmı, – dedim, – sən heç Bakıya getməyəsən, şəhərimizin institutlarından birində oxuyasan?

O, hələ nə deyəcəyimi tam təyin edə bilmədiyi üçün güldü.

– Qorxursan ayrılığa dözməyəsən? Tez-tez gələrsən. Mən də gələrəm.

– Yox, mən istəyirəm sən heç getməyəsən.

– Yəni sən heç dözə bilməzsən?

– Yox, dözmək məsələsi deyil.

O tutuldu, əlini əlimdən çəkdi.

– Bəs nə məsələdir?

– Mən istəyirəm səninlə rahat, xoşbəxt ailə qurum.

– Buna kim mane olur?

– Sən!

– Məəən?..

– Sən gərək getməyəsən!

– Axı olmaz, mən təhsilimi tamamlamalıyam. İş təkcə «dalay-dalayda» deyil, bizim sənətin min bir sirri var. Ustadlar da hamısı Bakıda. Bəlkə hələ sən də mənimlə gedəsi oldun.

– Mən istəyirəm sən burada qalasan, həmişəlik bir yerdə olaq, heç ayrılmayaq!

– Bəs…

– Oxumağı deyirsən? Sən mənim üçün oxuyarsan, gələcək körpələrin üçün oxuyarsan.

Onun gözlərində elə bil çıraq yandırdılar. Bədəni əsirdi, qəzəblənmişdi.

– Sən məni yoxsa təzədən öldürmək üçün «xilas» etmişdin?

Birinci dəfə idi ki, onun «xilas» sözünü kinayə ilə dediyini eşidirdim.

– Niyə öldürmək, nə danışırsan?

– Sən məndən yaxşı bilirsən ki, cismani ölüm mənəvi ölümdən qat-qat yaxşıdır. Cismani ölü olan özünün ölülüyünü duymur, mənəvi ölən isə həmişə özünün ölümünü duyub əzab çəkir.

– Mən heç vaxt səni öldürmək niyyətində olmamışam.

– Sən mənim üzümə çadra da salmaq istəyirsən.

– Nə çadra? – Gözlərimi döydüm. – Nə danışırsan?

– Qara çadra yox! Doktor heç razı olarmı ki, onun qadını qara çadra örtsün, kənardan baxanlar nə deyərlər? Şəffaf, gözə görünməz çadra ki, baxanlar bilməsin, amma qara çadradan da möhkəm! Elə deyilmi?

O, hücuma keçmişdi. Mən onu belə bilməzdim. Mən başqa cür gözləyirdim, deyirdim, bəlkə məni dilə tutmağa çalışacaq. Ona cavab verə bilmirdim, söz tapmırdım. Odur ki, səbəbsiz-filansız dedim:

– Əgər məni sevirsənsə, getməyəcəksən!

Acı-acı güldü:

– İnam, etibar olmayan yerdə nə sevgi… Mən gedirəm. Amma səni gözləyəcəyəm.

Getdi, qəsdən heç arxasınca baxmadım. Amma onun ayaqqabılarının altında qalan qırmızı kərpic oxantılarının xırıltısını indi də eşidirəm, inanmırdım ki, o gedə, amma getdi, bəli, yanımda yox idi. Ürəyimdə «qayıdacaqsan!» dedim. Qayıtmadı. Həmişəlik ayrıldığımıza inanmırdım, ona da inandım. Bakıdan məktub yazdı. Birinci və sonuncu məktub: məni çağırırdı. Getmədim! Gözlədim ki, özü gəlsin. Gəlmədi. Dərdləndiyimi, iştahdan düşdüyümü, gic toyuq kimi hərləndiyimi duyan anam atama gileylənmişdi. Atam isə «özü bilər, hər kəs özünün ağasıdır, könlü necə istəyir elə eləsin» demişdi. Onun səsi radiodan gəlməyə başladı. Hələ məşhurlaşmamışdı. Mən əzabdan qurtarmaq, onunla bağlı xatirələri unutmaq üçün tezliklə, lap tezliklə evləndim. Tibb institutunu yenicə bitirmiş bir həkimlə odsuz-alovsuz ailə qurdum, «davasız-dalaşsız, sakit» bir ailə. O da tezliklə, lap tezliklə radio vasitəsi ilə milyonların ürəyini fəth elədi, hər evin, hər ailənin süfrəsinin əziz qonağı oldu. Hər yerdə söhbət ondan gedirdi. Radio proqramında hamı əvvəlcə onun adını axtarırdı. Bilirsənmi, bülbül, mənim qaraqabaq atam da dili ilə protez dişlərini oynada-oynada onun səsinə qulaq asardı, həzz alardı. Bilmirəm atam nə düşünürdü. Amma mən heç kəsə sezdirmədən onun səsindən qaçırdım. Nədənsə mən özümdə heç bir günah görmürdüm. Qəlbimdə onu «xilaskarına nankor baxan» adlandırırdım. O isə oxuyurdu, hamı da onu sevirdi. Mən qəlbimin lap dərinliyində hərdən öz-özümə deyirdim: «Axı deyəsən, sən onu öz xalqından, elindən, günündən oğurlamaq istəyirdin, elə deyilmi, ali təhsilli həkim?» Lakin bu sual çox dərinlərdə ilişib qalırdı. Onun səsi Orta Asiyadan, Moskvadan, Pribaltikadan gələndə yenə də qəlbimin lap dərinliyində deyirdim: «Deyəsən, sən onu ölkəmizdən oğurlayıb gizlətmək istəyirdin, həkim yoldaş?» Bütün radiolar onun ixtiyarında idi, hansı evdə olurdum, söhbət ondan gedirdi. Qadınım da onu çox sevirdi, lap çox! O məni sanki təqib edirdi. Şəhərimizə konsert verməyə gələndə mən kəndə qaçırdım. Mən onu unuda bilmirdim, bu mümkün deyildi. Bir bahar turist putyovkası götürüb Çexoslovakiyaya getmişdim. Yaxşı istirahət edirdim, gəzirdim, dincəlirdim, öyrənirdim. Onu da elə bil unutmuşdum. Axşamtərəfi bir bakılı yoldaşımla Praqanın Vatslav küçəsi ilə addımlayırdıq, küçənin təmizliyi, səliqəsi məni heyran etmişdi, sıra ilə əkilmiş körpə şabalıd ağacları yenicə tumurcuqlayırdı. Birdən dayandım. Gözlərimə inanmadım; özü deyildi, afişada böyük şəkli vardı. Yoldaşım sevindiyindən, fərəhindən, iftixarından yerə-göyə sığmırdı:

– Gör ha, azərbaycanlı qız Avropanın mərkəzində çıxış edir.

– Qayıdaq otelə, – dedim.

– Niyə, nə olub?

– Başım ağrıyır. – Mən əsas konsert salonlarının Vatslav küçəsində olduğunu bilirdim. Ona rast gələ biləcəyimdən qorxurdum. Biz «Flora» otelində idik. Qayıdanda vestibüldə onun nəğməsini eşitdim. Azərbaycandan gəlmiş turistlər televizorda onun konsertinə qulaq asırdılar. Bizi də çağırdılar, təbrik etdilər. Mən otağıma çəkilib yatağıma girdim. Səhərə qədər çapaladım. Vətənə qayıdandan sonra onun Bolqarıstanda, Polşada, Rumıniyada, Almaniya Demokratik Respublikasında konsertlər verdiyini eşitdim. Sonralar onun sorağı Çindən, Hindistandan, Həbəşistandan, Seylondan, Misirdən, Suriyadan, daha bilmirəm haralardan gəldi. Yenə də qəlbimin lap dərinliyində hərdən öz-özümə deyirdim. «Yoldaş ali təhsilli həkim, axı sən, deyəsən, onu bütün dünyadan oğurlamaq istəyirdin?» Lakin mən heç bir vaxt səhv elədiyimi qəti boynuma almırdım, daxilimdəki qurd hələ sağ idi.

Üç il bundan əvvəl onu Bakıda gördüm. Nizami küçəsi ilə Kirov prospektinə tərəf gedirdi. Qarşılaşdıq, ürəyim elə bil yoxa çıxdı, görməzliyə vurmaq istədim, o tanış gözlərə baxmağa cəsarətim çatmırdı.

– Doktor! – deyə məni saxladı. – Necəsiniz, doktor?

Cavab verə bilmədim. Qarşımdakı həm sadə, həm də məğrur görünən şöhrətli müğənni idi. O, xeyli dəyişmiş, daha da gözəlləşmiş, sifətində yeni mənalı cizgilər əmələ gəlmişdi. Yanımızdan məktəbli qızlar ötür, onu bir-birinə göstərib, adını çəkirdilər.

– Necəsiniz, doktor? Niyə susursunuz, yoxsa mənimlə küsü saxlayırsınız?

Diqqətlə gözlərinə baxdım, çıraq kimi yanan, gülən, parlayan gözlərin dərinliyində bir kədər, bir məhzunluq və məzəmmət ifadəsi gizlənmişdi, bunu yalnız mən duya bilərdim. Dizlərim əsirdi, qaçmaq istəyirdim.

– Yaxşıyam, – dedim, – çox sağ olun.

– Keçən il şəhərimizə gəlmişdim, doğma şəhərimizə! Sizi xəbər aldım, evləndiyinizi söylədilər, gözəl ailə qurduğunuzu dedilər. Təbrik eləməyə gəlmək istədim, sonra fikrimi dəyişdim. Düşündüm ki, yəqin siz öz xasiyyətinizə müvafiq bir qızla evlənmisiniz, güman elədim ki, onun da qəlbi sizinki kimi qara olar, bağışlayın, bəlkə də elə deyil. Dedim, bəlkə heç qəbul eləməyəcəksiniz.

Mən deməyə söz tapmadım. Amma elə bil balacalandım, lap cırtdana döndüm, elə bil mən yerin yeddi qat təkinə endim, aşağıdan ona baxdım: sanki başı buludlara dəyirdi. O bu qədər yüksəlməsəydi, dünya onun səsini eşidə bilərdimi? Mən dinmədim, bildim ki, səsimi eşitməz. Atama, anama, qadınıma, qızıma salam göndərdi, ünvan verdi, ailəmi də götürüb mütləq onlara gəlməyimi tapşırdı. Getdi. Getmədim. Hər yandan onun səsi gəldi. O oxudu, sanki boğazında min bülbül gizlənmişdi. Onun əzəmətli səsi, gözəl səsi, məzəmmətli səsi məni ölənədək qovacaq, bülbül!

Bülbül susdu, meşəyə qaranlıq çökdü. Göyə baxdım, qara bir bulud parçası günəşin qabağını kəsmişdi. Bülbül susdu, elə bil otlar öldü, ağaclar qurudu, bulaqlar kəsildi, canıma üşütmə düşdü. Oxu, bülbül! Oxu, bülbül! Onun səsini də gətir, məzəmmət dolu səsini. Xeyli vaxt cavab gəlmədi. Birdən bülbüldən amansız bir zəngulə qopdu. Hər yan işıqlandı, otlar dirildi, sular çağladı, ağaclar canlandı. Mən üzümü yuxarı tutdum: oxu, bülbül, dedim, mənim kimiləri sənin qədrini bilməzlər!

1960-cı il

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər