Magistr imtahanlarında nə yenilik var? - Məleykə Abbaszadə AYDINLIQ GƏTİRDİ

1681

“Magistr” jurnalının 1-ci sayında Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul qaydaları, məntiqi təfəkkür, xarici dillər və informatika üzrə qəbul imtahanı proqramları Azərbaycan və rus dillərində çap ediləcək.

Dövlət İmtahan Mərkəzindən (DİM) Modern.az-a verilən məlumata görə, jurnalda, həmçinin məntiqi təfəkkürün yoxlanılması üzrə çoxseçimli və açıq tipli test tapşırığı nümunələridərc olunacaq.

Jurnalı aşağıdakı keçiddə qeyd olunan ünvanlardan əldə edə biləcəksiniz: http://www.abiturient.az/index.php?status=elaqe&lang=az

Nəşr olunacaq jurnalda olan DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin “Ön söz”ünü təqdim edirik:

– Təhsil biliklərə əsaslanan iqtisadiyyatın mühüm inkişaf amilidir. O, mütəxəssislərin hazırlanması ilə yanaşı, cəmiyyətin ümumi intellektual, mədəni və texnoloji səviyyəsinin yüksəldilməsi məqsədinə də xidmət etməlidir. Yüksəktəhsilli və səriştəli insanlar biliklərin yaradılması, yayılması və effektiv tətbiqində mühüm rol oynayırlar. Bilik iqtisadiyyatı əhalinin mümkün qədər çox hissəsini əhatə edən çoxşaxəli təhsil sistemini və onun keyfiyyətli fəaliyyətini tələb edir.

Ölkəmizin qədəm qoyduğu yeni inkişaf mərhələsinin əsas hədəfləri çoxşaxəli, səmərəli və innovasiyayönümlü iqtisadiyyatın formalaşdırılması, elmin, təhsilin, mədəniyyətin və ictimai həyatın digər sahələrində yeni nailiyyətlərin əldə olunmasıdır.

“Azərbaycan – 2020: gələcəyə baxış” inkişaf konsepsiyasında qeyd edildiyi kimi, hazırkı mərhələdə qarşıda duran əsas vəzifə qeyri-neft sektorunun qabaqlayıcı inkişafına nail olmaq, iqtisadiyyatın səmərəliliyini və rəqabətqabiliyyətliliyini artırmaq, onun innovasiya əsasında irəliləyişini təmin etməkdir.

Yeni iqtisadi sistemin formalaşması daha çox bilik iqtisadiyyatına və yüksək texnologiyaya əsaslanacaq. Bilik iqtisadiyyatı və yüksək texnologiyalar isə elm, təhsil, səhiyyə, İKT və infrastruktur sahələrinin fəaliyyətində ciddi irəliləyişlərin əldə olunmasını təmin edəcək. Məhz buna görə də ənənəvi iqtisadiyyatdan bilik iqtisadiyyatına keçidin əsasları qoyulmalı, bunun üçün həlledici amil olan insan kapitalının adekvat inkişafı ön plana çəkilməlidir.

Bilik iqtisadiyyatının fəaliyyəti üçün hər bir ölkəyə, ilk növbədə, yeni biliklərin əldə edilməsi sistemi, ikincisi isə onların tətbiqi və yayılması sistemi lazımdır. Bunların gerçəkləşməsi sayəsində sənaye və biznesin, bütövlükdə cəmiyyətin təhsil sektorundan, elmi tədqiqatların və innovasiyaların nəticələrindən əvvəllər heç vaxt görünməmiş dərəcədə asılılığı meydana gəlir.

Ölkəmizin rəhbərliyi bütün bunları nəzərə alaraq təhsil sisteminin inkişafına böyük önəm verir, onu dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi ön plana çəkir. Bu sahədə kompleks proqramlar həyata keçirilir.

Respublikamızın mövcud  potensialı ölkəmizdə ali təhsil sisteminin təkmilləşdirilməsi üçün geniş imkanlar açmaqla onun iqtisadi inkişafın mühüm amilinə çevrilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Prezidentinin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da ölkəmizdə insan kapitalının inkişaf etdirilməsi, onun ölkə iqtisadiyyatının qlobal iqtisadi sistemə qoşulması prosesində rəqabətqabiliyyətli olması və hər bir təhsilalanın müasir bilik, bacarıq və vərdişlərə yiyələnməsinin təmin edilməsi təhsil sisteminin başlıca vəzifəsi kimi irəli sürülür.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsi”ndə ali təhsilin keyfiyyətinin yüksəldilməsi, qlobal təhsil məkanına inteqrasiya, ali təhsilli kadrlara tələbatın ödənilməsi, habelə ali təhsilin informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərinə uyğunlaşdırılması istiqamətində islahatların sürətləndirilməsi nəzərdə tutulur, təhsilin bütün pillələrində keyfiyyətin yüksəldilməsi və ali təhsil müəssisələrinin “təhsil-tədqiqat-innovasiya” formatında inkişafını təmin etmək məqsədi qarşıya qoyulur.

“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”ndə bir daha vurğulanır ki, hazırda Azərbaycanda insan kapitalının inkişaf etdirilməsi, qeyri-neft sektorunun inkişafı, biznes mühitinin yaxşılaşdırılması, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində islahatlar aparılır. Bu islahatların davam etdirilməsi orta və uzunmüddətli dövrdə təhsilin keyfiyyətinin, xüsusilə təhsilin ixtisaslı kadr hazırlığı pillələrində yüksəldilməsi, infrastrukturun və “elm-təhsil-istehsal” əlaqələrinin çevik idarəetmə mexanizminin qurulması, eləcə də şirkətlərin qlobal dəyər zəncirinə qoşulmaqla dünya bazarlarına inteqrasiyası üçün əhəmiyyətlidir. Azərbaycanda insan kapitalının inkişafında fasiləsizliyin (ömürboyu təhsilin) təmin edilməsi, məktəbəqədər və orta təhsil də daxil olmaqla, peşə təhsilli və ixtisaslı kadr hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılması, eləcə də “elm-təhsil-istehsal” əlaqələrinin təkmilləşdirilməsi istiqamətində məqsədli proqramların hazırlanması və həyata keçirilməsi davam etdiriləcəkdir. Daha keyfiyyətli insan kapitalının formalaşdırılması maddi və mənəvi fayda əldə etməyə və rəqabətqabiliyyətliliyi yüksəltməyə imkan verəcəkdir. Ali təhsil müəssisələrində yetişdirilən mütəxəssislər dövlətin və şirkətlərin idarə olunmasında, iqtisadi artımda və əmək məhsuldarlığının yüksəldilməsində fəal iştirak edirlər. Bunu nəzərə alaraq, Azərbaycanda iqtisadi və sosial baxımdan daha səmərəli ali təhsil sisteminin formalaşdırılması prioritet istiqamətlərdən biri olmalıdır. Bunun üçün ali təhsilin keyfiyyəti yüksəldilməli, qlobal təhsil məkanına inteqrasiya təmin olunmalı, ali təhsilli kadrlara tələbat ödənilməli, habelə ali təhsilin informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərinə uyğunlaşdırılması istiqamətində islahatlar sürətləndirilməlidir.

Yüksəkixtisaslı kadr hazırlığının əmək bazarının tələbinə və beynəlxalq ixtisas təsnifatına uyğunlaşdırılması, uzunmüddətli proqnozlaşdırma mexanizminin hazırlanması istiqamətində fəaliyyətlər, əmək bazarında diferensiallaşmış əməkhaqqı və stimullaşdırma sisteminin yaradılması üzrə mexanizmlərin hazırlanması dəstəklənməlidir.

Ali təhsil sisteminin keyfiyyətinin yüksəldilməsi nəticəsində daha keyfiyyətli insan kapitalı və intellektual potensial formalaşacaq, əmək məhsuldarlığı artacaqdır.

Məlumdur ki, ali təhsilin növbəti səviyyəsi olan magistratura təhsili bu məqsədlərə nail olmaq istiqamətində ən mühüm mərhələlərdən biridir. Magistratura ali təhsilin ikinci səviyyəsi olaraq yüksəkixtisaslı, sərbəst yaradıcılıq fəaliyyəti göstərə biləcək mütəxəssislərin hazırlığını təmin etməyi nəzərdə tutur. Ali təhsil müəssisələrində təhsilin keyfiyyətinin yüksəldilməsi, kadr hazırlığının səmərəliliyinin artırılması, tədris-metodiki təminatın yaxşılaşdırılması, təhsilin keyfiyyət səviyyəsinin ölkədə qəbul olunan təhsil standartları əsasında beynəlxalq və ümumavropa təhsil sisteminin prinsiplərinə uyğunlaşdırılması şərti ilə, respublikanın ali təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyasına və ölkəmizdə verilmiş təhsil sənədlərinin beynəlxalq təhsil məkanında tanınmasına şərait yaratmaq vəzifəsi qarşıda durur.

Hazırda Dövlət İmtahan Mərkəzinin əməkdaşları magistratura səviyyəsinə qəbul imtahanına hazırlıqla əlaqədar ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq şöbələri, ixtisas kafedraları, professor-müəllim heyəti və aparıcı mütəxəssisləri ilə birgə imtahanın məzmununa aid zəruri elmi-metodiki vəsaitlər – ixtisaslaşmalar üzrə qəbul proqramları, yoxlama-ölçmə materialları, ixtisaslaşma seçiminə dair tövsiyələr, cədvəllər və digər zəruri materiallar hazırlayır, test bankını yeni test tapşırıqları ilə zənginləşdirirlər. DİM-də ali təhsil müəssisələrinin və AMEA nın mütəxəssislərinin iştirakı ilə cari tədris ili üçün magistratura səviyyəsinə qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki təhlili aparılmış, növbəti tədris ili üçün qəbul imtahanına hazırlıq işləri həyata keçirilmiş, qəbul imtahanı üçün proqramları və test tapşırıqlarını təkmilləşdirmək üçün zəruri işlər görülmüş, bakalavrların magistraturaya qəbul imtahanına daha səmərəli hazırlaşmalarına metodiki yardım göstərmək məqsədi ilə məntiq, informatika və xarici dillər üzrə qəbul imtahanı proqramları və digər elmi metodiki materiallar işlənib hazırlanmışdır. Bakalavrlar imtahanın birinci mərhələsinə hazırlaşan zaman DİM tərəfindən bakalavrlara kömək göstərmək məqsədi ilə hazırlanmış “Məntiq testləri” və “İnformatika” adlı vəsaitlərdən istifadə edə bilərlər.

DİM qəbul imtahanlarının məzmunu ilə bərabər, qiymətləndirmə mexanizminin təkmilləşdirilməsini də diqqət mərkəzində saxlayır. Bu sahədə dünyanın qabaqcıl ölkələrinin təcrübəsi öyrənilir, nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq edilir, qəbul imtahanlarının nəticələrinin elmi-statistik təhlili aparılır, qarşıya çıxan problemlərin həlli üçün tədbirlər görülür.

Magistraturaya qəbul imtahanı bu il də iki mərhələdə keçiriləcək. Birinci mərhələdə bakalavrların məntiqi təfəkkürü, xarici dil və informatika üzrə bilik səviyyəsi test üsulu ilə yoxlanılacaqdır. İmtahanın birinci mərhələsində məntiqi təfəkkür, xarici dil və informatika üzrə test bloklarına həm qapalı (çoxseçimli), həm də açıq formalı test tapşırıqları daxil ediləcək.

Qəbul qaydalarına görə, imtahanın birinci mərhələsindəki nəticələri DİM tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən bakalavrlar ikinci mərhələdə iştirak etmək hüququ qazanacaqlar. Həmin mərhələdə isə bakalavrların ixtisas üzrə bilikləri qapalı (çoxseçimli) və açıq formalı test tapşırıqlarının cavablandırılması, bəzi proqramlar üzrə isə yazı işlərinin yerinə yetirilməsi və ya qabiliyyət imtahanı vasitəsi ilə yoxlanılacaqdır. Müsabiqə və yerləşdirmə bakalavrların topladıqları ümumi ballar (imtahanın iki mərhələsində toplanılan balların cəmi) əsasında həyata keçiriləcəkdir.

“Magistr” jurnalının bu sayında magistraturaya qəbul qaydaları ilə bərabər, məntiqi təfəkkür, xarici dillər və informatika üzrə qəbul imtahanı proqramları, həmçinin məntiqi təfəkkürün yoxlanılması üzrə izahlı test tapşırığı nümunələri təqdim edilir. Magistraturaya qəbul elanı, məntiq, informatika və xarici dillər üzrə test modelləri, ixtisaslaşma seçiminə dair cədvəllər, ixtisaslaşmalar üzrə qəbul imtahanı proqramları və digər materiallar isə jurnalın növbəti saylarında dərc olunacaqdır.

İnanırıq ki, jurnalımızın bu sayında təqdim edilən materiallar bakalavrların qəbul imtahanına daha səmərəli hazırlaşmalarına kömək göstərəcəkd

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər