Əmək bazarının sürətlə dəyişdiyi, texnologiyanın ixtisas anlayışını yenidən formalaşdırdığı bir dövrdə magistratura təhsili artıq yalnız akademik pillə deyil. Bu mərhələ, eyni zamanda, peşəkar kompetensiyaların dərinləşdirilməsi, elmi-tədqiqat bacarıqlarının inkişafı və əmək bazarında rəqabət üstünlüyünün əldə olunması üçün strateji investisiya hesab olunur.
Müasir universitetlərin əsas fərqləndirici xüsusiyyəti yalnız bilik ötürmək deyil, həmin bilikləri real iqtisadiyyatın və sənayenin ehtiyacları ilə əlaqələndirmək bacarığıdır. Dünyanın aparıcı ali təhsil müəssisələrinin inkişaf strategiyaları da məhz universitet–sənaye əməkdaşlığı, beynəlmiləlləşmə və tətbiqi tədqiqatların gücləndirilməsi üzərində qurulur.
Bu baxımdan Sumqayıt Dövlət Universiteti magistratura təhsilinə yeni yanaşma təqdim edir. Universitet əmək bazarının tələblərinə uyğun ixtisaslaşmalar, sənaye müəssisələri ilə inteqrasiya olunmuş tədris modeli, istehsalat bazasında praktik məşğələlər və beynəlxalq elmi mühitə çıxış imkanları ilə magistr hazırlığını müasir ali təhsilin əsas istiqamətləri üzərində formalaşdırır.
Sumqayıt Dövlət Universiteti təqdim etdiyi üstünlüklər arasında ingilis dilində tədris olunan magistr proqramları, BP-nin maliyyə dəstəyi ilə həyata keçirilən layihələr, sənaye sektorunun aparıcı mütəxəssislərinin tədris prosesinə cəlb edilməsi, işləyən şəxslər üçün çevik dərs qrafiki, eləcə də magistrantların beynəlxalq və respublika səviyyəli elmi konfranslarda fəal iştirakı xüsusi yer tutur.
Ali təhsildə keyfiyyət göstəriciləri artıq yalnız auditoriyada keçirilən dərslərlə ölçülmür. Universitetin məzunlarına təqdim etdiyi elmi mühit, tədqiqat infrastrukturu, sənaye ilə əlaqələri və karyera perspektivləri magistratura seçimində əsas meyarlara çevrilir. Bu tendensiya qlobal ali təhsil sistemində də getdikcə daha çox ön plana çıxır.
Aşağıdakı infoqrafikalarda Sumqayıt Dövlət Universitetinin magistratura proqramlarının əsas üstünlükləri və tələbələrə təqdim olunan akademik imkanlar vizual formada əks olunub.



Müzakirə qapadılmışdır.