2022-ci ilin istehsalat təqviminə əsasən, may ayının 2-3-ü Ramazan bayramı, 9-u Faşizm üzərində Qələbə Günü, 28-i Müstəqillik günü olduğu üçün qeyri-iş günləri olacaq.
“Yeni Sabah” bildirir ki, Ramazan bayramı və Qələbə günü iş günlərinə düşdüyü üçün hər hansı dəyişiklik olmayacaq. Həmin günlər qeyri-iş günü olaraq qalır.
Lakin mayın 28-i şənbə gününə təsadüf etdiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə əsasən həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir. Yəni mayın 28-i şənbə gününə təsadüf etdiyindən 5 günlük iş həftəsində işləyən şəxslər üçün mayın 30-u da qeyri-iş günü olacaq.
Beləliklə, şənbə-bazar da daxil olmaqla may ayında 5 günlük iş həftəsində işləyənlər üçün 13 gün, 6 günlük iş həftəsində işləyənlər üçün isə 10 gün qeyri-iş günü olacaq.