“Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin 29-cu Konfransı (COP29) başa çatdı. 13 gün ərzində Bakı dünyanın iqlim paytaxtı oldu. Dünya dövlətləri planetimizin yaşıl gələcəyi, dayanıqlı inkişaf naminə Azərbaycanda bir araya gəldi. Azərbaycan COP tarixində Tədbirin Dayanıqlı İdarə Edilməsi və Təşkili kriteriyaları üzrə ISO 20121 sertifikatını tədbir bitmədən öncə alan ilk ölkə kimi tarixə düşdü.
Ölkəmiz qlobal iqlim dəyişikliyi ilə sözdə deyil, əməldə mübarizə aparır. Respublikamızın hər bir bölgəsində ətraf mühitin qorunmasına, ekoloji layihələrə xüsusi diqqət yetirilir. Eləcə də sənaye müəssisələrinin çox olduğu Sumqayıtda ekoloji təmizlik həm dövlət siyasətinin əsas xəttini təşkil edir, həm də əhali bu məsələyə həssas yanaşır. Qeyd edim ki, Sumqayıtın layihələndirilməsi ötən əsrin 30-cu illərinə təsadüf edir. Vaxtilə kimya şəhəri kimi yaradılan Sumqayıtın ekologiyası sovet dövründə fəlakətli həddə çatmışdı. Bu gün isə şəhərimizdə ətraf mühitin sağlamlaşdırılması dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir”.
Bu fikirləri Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.
Onun sözlərinə görə, Sumqayıtda fəaliyyəti dayandırılmış köhnə texnologiyalı müəssisələrin yerində müasir avadanlıqlarla təchiz olunmuş “Sumqayıt Texnologiyalar Parkı”, “Sumqayıt Texnolayn”, “SOCAR Karbomid”, “SOCAR Polimer” kimi nəhəng sənaye kompleksləri yaradılıb: “Son 10 ildə yaşıllıq sahələri iki dəfədən çox genişləndirilib. Bu müddət ərzində 300 mindən çox ağac və kollar əkilib. Müasir, təkrar emalı və sıfır tullantı ilə fəaliyyət göstərən yeni müəssisələrin açılışı (Azerfloat, Qlasika, Ak Pak və Novus Plastika kimi zavodlar) Sumqayıtda ətraf mühitin qorunması istiqamətində mühüm addım hesab olunmalıdır. Azərbaycanda su ehtiyatlarından istifadənin yaxşılaşdırılması, su təhlükəsizliyinin təmini, əhalinin içməli su təchizatının artırılması məqsədi ilə dövlət başçısının müvafiq Sərəncamı ilə dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin reallaşdırılmasına artıq başlanılıb. Suyun keyfiyyəti, infrastrukturun vəziyyəti, ətraf mühit kimi məsələlər nəzərə alınmaqla layihənin Sumqayıt şəhərində icra edilməsi nəzərdə tutulur. Əhalinin və iqtisadiyyatın ehtiyacları, ölkənin su proqnozlarının nəticələrinə əsasən növbəti illərdə içməli suya olan tələbatın artacağı nəzərə alınaraq layihənin istehsal gücü illik 100 milyon m3 olacaq”.
Deputat bildirib ki, vaxtilə zərərli istehsal texnologiyalarının təcrübə-sınaq poliqonuna çevrilmiş Sumqayıt bu gün Azərbaycanın ekoloji cəhətdən ən təmiz şəhərlərindən biridir: “1969-cu ildə Ulu Öndər Heydər Əliyevin respublika rəhbərliyinə gəlişindən sonra Sumqayıtda ekoloji problemlərin aradan qaldırılması istiqamətində aparılan tədbirlər öz müsbət nəticəsini verdi. Sumqayıtın ən ciddi ekoloji problemlərdən biri “Səthi aktiv maddələr” zavodu ərazisində istehsal zamanı əmələ gələn 200 min tondan çox civəli şlamın açıq duz anbarında uzun müddət saxlanması idi. Tullantılar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus poliqonda təhlükəsizlik şəraitində basdırıldı, xlorparafinlər, latekslər, plastifikatorlar, poliqliserin məhsullarının qalığı da yığılaraq zərərsizləşdirildi. “Azərboru”nun marten sobasında əmələ gəlmiş şlak da ekoloji gərginlik yaradırdı. Nəhayət, 2019-cu ildə “AzPal” MMC tərəfindən şlakın utilizasiya işlərinə başlanıldı.
1950-ci illərdə yeraltı və yağış sularının axıdılması üçün çəkilmiş “Acı dərə” kanalının şəhər ərazisindən keçən 7,3 km hissəsi qapalı sistemə keçirilmiş, Sülh küçəsində kanalın istiqaməti dəyişdirilərək, qapalı şəkildə “Azərboru”nun kollektoruna birləşdirilmişdi. “Acı dərə” kanalının son hissəsinin tam yenidən qurulması istiqamətində layihə işləri tamamlanmaqdadır. Son illər Sumqayıtda məişət çirkab sularının təmizlənməsi üçün sutkalıq gücü 100 min kub.m (m3) olan sutəmizləyici qurğu tikilib istifadəyə verilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 4 may 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda Xəzər dənizi hövzəsinin sağlamlaşdırılması istiqamətində həyata keçiriləcək tədbirlər də öz əksini tapıb. Layihə çərçivəsində dövlət vəsaiti hesabına Novxanı qəsəbəsindən Sumqayıt şəhərinə qədər 12 nöqtədən dənizə axıdılan çirkab suların toplanaraq Sumqayıtdakı “Təmizləyici Qurğular sexi”nə yönəldilməsi üçün 14,5 kilometr uzunluğunda kollektor çəkilıb”.
Mehriban Vəliyeva onu da qeyd edib ki, Sumqayıtın ümumi sahəsi 133,07 kvadrat kilometrdir ki, bunun da böyük hissəsini yaşıllıq sahəsi təşkil edir. Hazırda Sumqayıt şəhəri, şəhərətrafı ərazilər, Abşeron rayonunun Xırdalan şəhəri və bir neçə qəsəbədə formalaşan məişət tullantıları müqavilə əsasında daşınaraq “Təmizlik Departamenti” MMC-yə məxsus məişət tullantıları poliqonunda zərərsizləşdirilməsi üçün qəbul edilir. İl ərzində 800 000 m3 məişət tullantısı daşınaraq məişət tullantıları poliqonunda zərərsizləşdirilir. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən qısa müddət ərzində Xəzər dənizi sahili boyunca ümumi sahəsi 146 ha, uzunluğu 5,2 kilometr olan Bulvar Kompleksi tikilib istifadəyə verilib. Bulvar ərazisində 100 minə qədər ağac, 500 mindən çox müxtəlif dekorativ gül kolu əkilib. 60 min kvadratmetr sahədə çəmənlik salınıb. Bulvar kompleksinin tikilib istifadəyə verilməsi Sumqayıt şəhərində ekoloji durumu daha da yaxşılaşdırıb.
Ölkə başçısı İlham Əliyev 27 sentyabr 2016-cı ildə Sumqayıt şəhərinə səfəri zamanı qeyd edib ki, Sumqayıt şəhəri sovet vaxtında həmişə ekoloji problemlərlə dolu şəhər kimi təqdim edilirdi və xarici mətbuatda da ekoloji cəhətdən çətin şəhərlərin sırasına həmişə Sumqayıtı da salırdılar. Amma bu gün Sumqayıt dünya miqyasında ən ekoloji təmiz şəhərlərdən biridir.
Sumqayıt günü-gündən böyüyür. Doğrudur, yeni yaranmış yaşayış massivləri özü ilə yeni sosial və kommunal-məişət problemləri yaradır. Lakin sumqayıtlılar doğma şəhəri qoruyur, qurub-yaradır və yaşadırlar.
Düşünürəm ki, 75 yaşı olmasına baxmayaraq, Sumqayıt bu gün öz təmizliyi, sağlam ekoloji mühiti ilə gəncliyini qoruyub saxlayıb. Bugünkü Sumqayıt 60 il əvvəlkindən daha sağlam və daha gənc görünür.
Bütün yuxarıda qeyd olunanları nəzərə alaraq, söyləyə bilərik ki, Sumqayıtda BMT-nin iqlim problemlərinin həllinə dair əsas tələblər nəzərə alınır, bundan sonra da şəhərdə ekoloji sağlamlığa xüsusi diqqqət yetiriləcək”.
Müzakirə qapadılmışdır.