Sumqayıt Dövlət Dram Teatrında mərhum rejissor, Əməkdar artist Namis Şirməmmədovun xatirəsi anıldı.
Ötən ay həyatdan gedişi ilə teatr aləminə, dostlarına, əzizlərinə, Sumqayıt Dövlət Dram Teatrının kollektivinə hüzn yaşatmış əməkdar artist Namis Şirməmmədovun anım günü dəfn olunduğu Sumqayıt məzarlığından başladı.
Teatrın direktoru Samir Şəfiyev, baş rejissor, Xalq artisti Firudin Məhərrəmov, Əməkdar artistlər, aktyorlar, texniki heyətdən əməkdaşlar mərhum haqqında ürək sözlərini dedilər, kövrək xatirələri bölüşdülər. Mərhumun məzarı üstünə tər çiçək dəstələri quyuldu, ruhuna dualar oxundu.
Anım günü Namis Şirməmmədovun quruluş verdiyi, dahi Üzeyir bəyin yazdığı “O olmasın, bu olsun” tamaşası ilə davam etdirildi.
Xalq artisti Firudin Məhərrəmov və Əməkdar artist Nadir Xasıyevin çıxışlarında sənətkarın Sumqayıt teatrına, ümumən Azərbaycan teatr sənətinə verdiyi töhfədən, yaddaqalan səhnə əsərlərindən söz açıldı, onun sənət dostlarının qəlbində əbədi iz buraxdığı söylənildi.
Sonda mərhum rejissorun həyat yoldaşı Almaz Şirməmmədova bu həssas məqamda diqqət və qayğıya görə ailə adından hər kəsə minnətdarlığını bildirdi.
Müzakirə qapadılmışdır.