Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Tahir Mirkişilinin İnterfax- Azərbaycan İnformasiya Agentliyində yayımlanan məqaləsini təqdim edirik:
Bu gün dünyada həm iqtisadi, həm də siyasi və sosial sahədə keyfiyyətcə tamamilə yeni dəyişikliklər baş verməkdədir. Bir tərəfdən neftin qiymətlərinin kəskin düşməsi neft ixrac edən ölkələrin gəlirlərini kəskin azaltmış, digər tərəfdən məhz neft ixrac edən ölkələr əldə etdikləri gəlirləri qərb dövlətlərindən texnologiya almağa xərclədiklərindən, neftin qiymətinin düşməsi texnologiya və hazır məhsul ixrac edən ölkələrin də gəlirlərini və bazarlarını kəskin azaltmışdır. Digər tərəfdən Avropa və Amerika ölkələrinə, Türkiyəyə miqrant axınları həm də iqtisadi sahədə tamamilə yeni çağırışlar yaratmışdır.
Amma dünya iqtisadiyyatı tarixən bir neçə qlobal iqtisadi böhran keçirmiş və maraqlısı odur ki, hər böhran özündən sonra iqtisadi sıçrayışa səbəb olmuşdur. Hər bir çətinliyin detallarında böyük bir uğurun açarı gizlənir. Məsələn, İMF-in hesablamalarına görə, Avropa əhalisinin sayı sürətlə azalmaqdadır. İndiki halda mövcud əhalinin 3,2% artması növbəti 20 il ərzində Avropa Birliyində ÜDM-nin 342 mlrd. avro artmasına səbəb ola bilər. Yəni, əslində Avropaya bugünkü miqrant axını məhz iqtisadi səbəbdən AB üçün yeni imkanlar yarada bilər.
Təcrübə göstərir ki, qlobal böhran şəratində iqtisadi cəhətdən çevik qərarlar qəbul edən ölkələr böhrandan sonra ən çox inkişaf edən ölkələrə çevrilirlər. Qlobal böhran şəraitində ən çox tələb olunan addımlar azad sahibkarlığın inkişafı, xarici investisiyalar üçün əlverişli mühitin yaradılması, elastik dövlət tənzimlənməsinin həyata keçirilməsi, dövlət dəstəyi və iqtisadi aktivliyin artırılması hesab olunur. Həyata keçirilən tədbirlər həm yerli istehsalçıları dəstəkləməli, həm də xarici investorları ölkəyə cəlb etməlidir. Çünki məhz xarici investorlar özləri ilə texnologiya və biliklər gətirirlər.
Azərbaycan hər zaman öz iqtisadi cəlbediciliyi və etibarlı tərəfdaş olması ilə seçilmiş və beynəlxalq iqtisadi reytinq agentlikləri hər zaman bunu təsbit etmişdir. Azərbaycan daim xarici investisiya cəlbediciliyinə görə MDB-də 1-ci yeri tutmuşdur. Təbii olaraq bu investiyaların böyük əksəriyyəti neft və qaz sektoruna yönəlmiş və bu sahənin inkişafı üçün əvəzsiz rol oynamışdır. Amma bunun da əsas səbəbi ölkədə olan iqtisadi və siyasi sabitlik və etibarlı tərəfdaş imici olmuşdur.
Son zamanlar ölkədə həyata keçirilən sürətli iqtisadi islahatlar, ölkə Prezidentinin imzaladığı fərman və qanunlar Azərbaycanda tamamilə yeni reallıqlar yaratmaqdadır.
İlk öncə ölkəyə idxal olunan texnologiyaların gömrük rüsumundan azad edilməsi, istehsal və ixrac edən şirkətlərə vergi güzəştləri, ixrac olunan məhsulun dəyərinin 3%-nin ixracatçıya geri qaytarılması, ixrac zamanı ƏDV-nin geri qaytarılması mexanizminin təkmilləşdirilməsi üzərində aparılan işlər iqtisadi sahədə atılmış çox çevik və əlavə dəyər yaradan addımlardır.
Xarici investorların Azərbaycana gəlişini cəlbedici edən amillərdən biri də Azərbaycanın coğrafi vəziyyəti və sabit durumudur. Son illər ölkədə aparılan geniş quruculuq işləri nəticəsində Azərbaycanda qonşu ölkələrdə olmayan infrastruktur yaranmışdır. Bura həm iqtisadi infrastruktur, həm nəqliyyat infrastrukturu, həm əyləncə infrastrukturu (otel və restoranlar), həm turizm infrastrukturu (yay və qış) daxildir. Bunlar çox önəmli amillərdir. Birləşmiş Ərəb Əmirlikləri məhz investiya cəlb etmək üçün Dubay şəhərini həm də ölkədəki teokratik adət və qaydalardan tam azad etmişdir.
Digər tərəfdən Azərbaycanın müasir və dünyəvi ölkə olması, multikulturalizm adət-ənənlərinə malik olması, konservativ deyil, islahatçı olması və ən önəmlisi, proqnozlaşdırıla bilinən olması xarici investorlar üçün əhəmiyyətini artırır.
Yuxarıda sadalanan amillər həm də Azərbaycanın bir bazar olaraq öz sərhədlərini aşmağı, öz hədəf bazarına Rusiya və İranın da ərazilərini qatmağa imkan verir. Bu o deməkdir ki, ölkəyə gələn hər bir investor öz satış bazarını dəyərləndirən zaman böyük bir bazarla üzləşmiş olur.
Sirr deyil ki, Rusiya iqtisadiyyatında müəyyən geriləmələrin olması, Qərb dövlətləri tərəfindən sanksiyaların tətbiqi və bütün bunların nəticəsi olaraq ölkənin iqtisadi subyektlərinin etibarlılıq dəyərini itirməsi xarici investorları Rusiyaya yaxın ölkələrdə yerləşmə axtarışına sövq etmişdir. Eyni zamanda, İran üzərindən iqtisadi sanksiyaların götürülməsi xarici investorlar tərəfindən bu ölkəyə marağı artırmışdır. Amma bu ölkədə də infrastrukturun zəif olması, bir çox yerli qanunların beynəlxalq standartlara tam uyğunlaşdırılmaması və ölkədəki teokratik quruluş xarici investorları İrana daha yaxın, amma beynəlxalq standartlara cavab verən bir ölkədə yerləşməyə sövq edəcək. Həm də Azərbaycanın hər iki ölkə ilə dost münasibətləri ciddi amil olaraq qəbul edilməkdədir. Bu baxımdan hər iki böyük ölkəyə maraq göstərən xarici investorlar üçün ən cəlbedici biznes yerləşmə ölkəsi Azərbaycan ola bilər və bu proses artıq başlamışdır. Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin işə düşməsi isə Azərbaycandan ixrac imkanlarını dəfələrlə artıraraq daha ucuz hala gəticək.
Digər tərəfdən Bakı şəhərinin gözəlliyi, bütün müasir infrastrukturun olması və həyat şərtlərinin cəlbedicilyi onu regionun iqtisadi və mədəni paytaxt şəhərinə çevirəcək.
Müzakirə qapadılmışdır.