Milli maraqlara söykənən effektiv dövlət siyasəti və güclü siyasi liderlik

91

Azərbaycanın müasir inkişaf tarixində Prezident İlham Əliyevin siyasi liderlik modeli effektiv dövlət idarəçiliyinin, milli maraqlara söykənən strateji baxışın və xalqla sıx bağlılığın bariz nümunəsidir. Dövlət başçısının “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” fikri onun bütün fəaliyyətinin ideya əsasını təşkil edir. Bu prinsip yalnız sosial-iqtisadi islahatlarda deyil, mədəniyyət, humanitar sahə və milli-mənəvi dəyərlərin qorunması istiqamətində həyata keçirilən ardıcıl siyasətdə də öz aydın ifadəsini tapır.

2003-cü il oktyabrın 15-də keçirilmiş prezident seçkiləri Azərbaycan xalqının Ulu Öndər Heydər Əliyev siyasi kursuna sadiqliyinin və ölkədə sabitliyin qorunmasına verdiyi yüksək dəyərin təcəssümü oldu. Ulu Öndərin 1 oktyabr 2003-cü il tarixli müraciətində İlham Əliyevi siyasi varisi kimi təqdim etməsi tarixi məsuliyyətlə yanaşı, gələcəyə ünvanlanan dərin etimad mesajı idi. Həmin etimad sonrakı illərdə Prezident İlham Əliyevin müdrik, praqmatik və müasir çağırışlara cavab verən dövlət siyasəti ilə tam doğruldu. Bu siyasi ardıcıllıq Azərbaycanın bütün sahələrdə, o cümlədən mədəni inkişafında sabit və davamlı irəliləyişini təmin etdi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan dövlət siyasətinin müasir modeli rasional qərarvermə, analitik yanaşma və milli maraqlara söykənən siyasi realizm üzərində qurulub. Güclü iqtisadi potensialın yaradılması, təhlükəsizlik və müasir ordu quruculuğu ilə yanaşı, milli mədəniyyətin qorunması və inkişafı da dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda tanıdılması, tarixi irsin bərpası, mədəniyyət ocaqlarının yenidən qurulması və yaradıcı insanların sosial müdafiəsinin gücləndirilməsi bu siyasətin humanitar mahiyyətini nümayiş etdirir.

Gələcəyə hesablanmış dövlət siyasəti işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işlərində də özünü aydın göstərir. Qarabağ və Şərqi Zəngəzurda tarixi-mədəni abidələrin bərpası, mədəni həyatın yenidən canlandırılması, festivalların, konsertlərin, mədəni tədbirlərin təşkili Böyük Qayıdış prosesinə xüsusi mənəvi məzmun qazandırır. Bu yanaşma sübut edir ki, Prezident İlham Əliyev üçün ərazi bütövlüyü ilə yanaşı, milli yaddaşın, mədəni kimliyin bərpası da strateji əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin siyasəti Azərbaycanın tolerantlıq və multikulturalizm məkanı kimi beynəlxalq nüfuzunun möhkəmlənməsinə mühüm töhfə verib. Azərbaycan bu gün mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun aparıcı platformalarından biri kimi tanınır. Mədəniyyət xadimlərinin, alimlərin, yaradıcı insanların bu prosesdə fəal iştirakı dövlətin mədəniyyətə verdiyi dəyərin göstəricisidir. Bu, eyni zamanda, milli-mənəvi dəyərlərin müasir dünyada qorunmasının ən effektiv yoludur.

Gənclərin hərtərəfli inkişafına yönəlmiş dövlət siyasəti də Prezident İlham Əliyevin liderlik fəlsəfəsinin mühüm tərkib hissəsidir. Gənc istedadların üzə çıxarılması, onların elm, mədəniyyət və incəsənət sahələrində özünü reallaşdırması üçün yaradılan imkanlar ölkənin intellektual və mədəni potensialını gücləndirir. Dövlətin gənclərə verdiyi dəstək nəticəsində Azərbaycan gəncliyi öz milli kimliyinə bağlı, müasir düşüncəli və yaradıcı qüvvəyə çevrilib.

Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə formalaşan yeni siyasi konfiqurasiya, siyasi dialoq və əməkdaşlıq mühiti də mədəniyyət sahəsində sağlam ictimai atmosferin yaranmasına şərait yaradır. Demokratik ənənələrin təkamül yolu ilə formalaşması, siyasi plüralizmin təşviqi və milli birlik anlayışı cəmiyyətin bütün sahələrində, o cümlədən mədəni həyatında sabitlik və inkişaf üçün möhkəm zəmin yaradır. “Biz birlikdə güclüyük!” şüarı bu mənada yalnız siyasi deyil, həm də mədəni və mənəvi birliyin ifadəsidir.

Prezident İlham Əliyevin ad günlərini xalqı ilə birlikdə, sosial və mədəni əhəmiyyətli məkanlarda qeyd etməsi onun liderlik üslubunun humanist mahiyyətini bir daha təsdiqləyir. Şuşada, Ağdamda, köçkün qəsəbələrində, mədəni və sosial obyektlərin açılışında xalqla bir arada olmaq dövlət başçısının xalqına bağlılığının göstəricisidir.

Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasəti ardıcıllıq, məsuliyyət və nəticəyönümlülük prinsiplərinə əsaslanır. Bu siyasət milli maraqların qorunmasını, ictimai-siyasi sabitliyin möhkəmləndirilməsini, dövlət institutlarının təkmilləşdirilməsini və vətəndaş–dövlət münasibətlərində etimad mühitinin gücləndirilməsini təmin etmişdir. Prezidentin siyasi iradəsi ilə ölkədə aparılan struktur və institusional islahatlar, siyasi dialoqun genişləndirilməsi, çoxpartiyalı sistemin təkamül yolu ilə inkişafı və demokratik ənənələrin möhkəmləndirilməsi Azərbaycanın yeni inkişaf mərhələsinin əsas konturlarını formalaşdırmışdır. Bu yanaşma müasir dövlət idarəçiliyində çeviklik, şəffaflıq və milli birliyin qorunması baxımından Prezident İlham Əliyevin siyasi liderlik modelinin əsas üstünlüklərini aydın şəkildə nümayiş etdirir.

Vüsalə Qurbanova, Sumqayıt şəhər Heydər Əliyev mərkəzinin direktoru

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər