“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən çıxmasına həsr olunacaqdır” –
Ulu Öndər Heydər Əliyev.
Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra ölkədə ciddi problemlər yaşanmağa başladı. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun siyasi xəttinə etiraz edərək tutduğu vəzifələrdən istefa verdi. İstefa verməsindən qısa müddət sonra erməni millətçiləri və onların sovet hakimiyyətindəki himayədarları Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırdılar və bununla da Azərbaycan xalqının faciələri başladı. Əgər Heydər Əliyev hakimiyyətdə olsaydı, erməni millətçiləri heç vaxt bu cür çirkin əməllərə cürət etməzdilər.
1991-1993-cü illərdə ölkəmizdə dövlətin suverenliyinə təhdid yaradan bir çox amillər baş verdi. 1993-cü ildə respublikada artıq həyatın bütün sahələri böhrana məruz qalmışdı. Dövlət əmlakının açıq-aşkar mənimsənilməsi halları geniş yayılmışdı. AXC hakimiyyətə gəldikdən sonra üzvləri dərhal bir-birləri ilə mübarizəyə başladılar. Hakimiyyət daxilində qruplaşmalar yarandı və biri digərinə qarşı mübarizə aparıldı. Prezident ölkədə real vəziyyətdən, cəbhədəki durumdan bixəbər idi və Ali Baş komandan olduğunu unudaraq nazirlərin fəaliyyətinə nəzarət etməyi vacib hesab etmirdi. Nəticədə, AXC-Müsavat hakimiyyətinin bir illik dövrü ölkədə anarxiya, xaos və özbaşınalığın yayılması, iqtisadiyyatın çökməsi və əhalinin sosial durumunun pisləşməsi ilə nəticələndi. Bu hakimiyyətin xəyanəti nəticəsində 1993-cü ilin aprel ayında Kəlbəcər işğal edildi.
Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilası yalnız Heydər Əliyevdə görürdü. Dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələri öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslər AXC-Müsavat hakimiyyətindən qorxub gizləndilər və bu təhlükəli proseslərin qarşısını ala bilmədiklərini anlayaraq Heydər Əliyevdən kömək istədilər.
1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edərək Bakıya gəldi. Taleyimizlə bağlı həlledici bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev vətənin xilası naminə misilsiz fədakarlıq göstərdi və ölkəni ictimai-siyasi pərakəndəliyin və anarxiyanın əngəlindən qurtardı. O, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı və dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdi. Bakıda hakimiyyət uğrunda gedən mübarizə zamanı öz həyatını təhlükə altına qoyaraq dərhal Gəncəyə getdi və orada baş qaldırmış qiyamın qarşısını aldı.
Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət və əhalinin ağırlaşan sosial durumu ölkəni bu bəlalardan qurtara biləcək bir liderə ehtiyac olduğunu göstərirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət Heydər Əliyevdir. Xalqımız onun ətrafında sıx birləşməklə öz taleyini həll etmək niyyətində idi.
Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin qürur səhifəsinə çevrildi. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan qurtuldu, inkişafın sarsılmaz təməlləri qoyuldu. Həmin gün Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. 1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Heydər Əliyevə verildi. 1997-ci ilin iyun ayında isə Milli Məclis iyunun 15-ni bayram elan etdi.
1993-cü ilin 15 iyun tarixi Azərbaycanın tənəzzüldən qurtularaq inkişaf yoluna çıxması, müstəqil siyasət yürüdən dövlət kimi dünya miqyasında tanınması və beynəlxalq aləmdə layiqli yerini tutması ilə əlamətdar bir gündür. Ulu Öndərin Azərbaycan dövlətçiliyini kəskin geosiyasi ziddiyyətlərdən xilas etməsi, ölkəmizi parçalanma təhlükəsindən qurtarması onun xalqımız və tariximiz qarşısında ən böyük xidmətlərindən biridir.
Dövlətçilik tariximizdə silinməz izlər qoymuş və azərbaycanlı olması ilə fəxr edən Heydər Əliyev bütün dünyada Azərbaycanın simvolu kimi qəbul edilir. Xalqımız onun xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir.
1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların təməlini qoymuşdur. Həmin illərdə görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi və dünyada böyük hörmət qazandı. Ölkədə başlanmış islahatlar dövlətimiz üçün həlledici rol oynadı.
Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin arzuladığı azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır. Məhz Ulu Öndərin ordu quruculuğu istiqamətində başladığı işlər və müəyyənləşdirdiyi strategiya sayəsində bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır və texniki təchizat baxımından bir çox ölkələrin ordularını üstələyir.
Ulu öndər Heydər Əliyevin arzuları 27 ildən sonra reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə üçrəngli bayrağımız əzəmətlə dalğalanır.
Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirib. Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu, səmərəli daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında, milli maraqların qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır.
Nizami Əhmədov,
Təbiət elmləri təmayüllü gimnaziyanın direktoru,
Tərəqqi medallı Əməkdar müəllim
Müzakirə qapadılmışdır.