Mingəçevir Dövlət Universiteti (MDU) qardaş ölkə Türkiyə ilə akademik tərəfdaşlıq xəritəsini genişləndirərək, iki gün ərzində İzmir şəhərinin aparıcı ali təhsil müəssisələri olan Dokuz Eylül Universiteti (DEU) və Ege Universiteti (EGE) ilə ardıcıl əməkdaşlıq sənədləri imzalayıb.
MDU-nun rektoru Anar Eminovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyə səfəri çərçivəsində, əvvəlcə 2025-ci ilin 13 oktyabr tarixində Dokuz Eylül Universitetinin rektoru, professor Dr. Bayram Yılmaz ilə görüş keçirilib. Görüşdə professor B. Yılmaz Azərbaycan və Türkiyə universitetləri arasında qurulan strateji tərəfdaşlığın həm elmi, həm də mədəni inteqrasiyaya töhfə verdiyini, ortaq dəyərlər üzərində qurulmuş əməkdaşlığın təhsil birliyini gücləndirəcəyini vurğulayıb. Rektor A. Eminov isə MDU-nun beynəlxalq əməkdaşlıq siyasətində Türkiyə universitetləri ilə tərəfdaşlığın xüsusi yer tutduğunu qeyd edərək, imzalanan Memorandumun gələcəyə uzanan bir körpü kimi qiymətləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Görüşün sonunda tərəflər Əməkdaşlıq Memorandumu imzalayıblar.
Səfərin davamında, 2025-ci ilin 14 oktyabr tarixində MDU nümayəndə heyəti Ege Universitetinin rektoru, professor Dr. Necdet Budak ilə görüşüb. Prof. N. Budak akademik və elmi əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını bildirərək, birgə proqramların və layihələrin hər iki tərəfin təhsil sisteminə töhfə verəcəyini qeyd edib. Rektor Anar Eminov bu əməkdaşlığın yalnız elmi mübadilə ilə məhdudlaşmadığını, həm də mədəni inteqrasiya və innovativ idarəetmə təcrübələrinin paylaşılması sahəsində yeni imkanlar yaratdığını vurğulayıb. Görüşün yekununda MDU ilə EGE arasında İkitərəfli Əməkdaşlıq Protokolu imzalanıb.
Əməkdaşlıqların əsas istiqamətləri:
Hər iki universitetlə imzalanan sənədlərə əsasən, əməkdaşlıq aşağıdakı əsas sahələri əhatə edəcək:
Tələbə və Müəllim Mübadiləsi: Tərəflər müəllim, tədqiqatçı və tələbə mübadiləsini həyata keçirəcək, eləcə də qarşılıqlı şəkildə qonaq müəllim və tələbə qəbulu təşkil edəcəklər.
Ortaq Təhsil Proqramları: İkili diplom proqramlarının və ortaq magistratura səviyyəsi üzrə proqramların təşkili nəzərdə tutulur.
Elmi-Tədqiqat Fəaliyyətləri: Ortaq elmi tədqiqatların dəstəklənməsi, birgə layihələrin, beynəlxalq konfrans və seminarların təşkili, elmi nəşrlərin və tədqiqat nəticələrinin mübadiləsi həyata keçiriləcək.
İnnovasiya və Təcrübə Paylaşımı: İnnovativ idarəetmə və tədris təcrübələrinin paylaşılması, tədris resurslarının, ədəbiyyatların və məlumat bazalarının mübadiləsi planlaşdırılır.
Ekoloji və Davamlı İnkişaf: Dokuz Eylül Universiteti ilə ekoloji yönümlü layihələrdə və davamlı inkişaf təşəbbüslərində əməkdaşlıq da memorandumun detallarındandır.
MDU-nun nümayəndə heyəti hər iki universitetdə tələbə şəhərcikləri, tədris binaları və infrastrukturlarla tanış olub. Bu ardıcıl əməkdaşlıqlar Mingəçevir Dövlət Universitetinin beynəlxalq tərəfdaşlıq xəritəsini daha da genişləndirərək, Azərbaycan–Türkiyə təhsil əlaqələrinin möhkəmlənməsində yeni və mühüm bir mərhələyə qədəm qoyduğunu göstərir.
Müzakirə qapadılmışdır.