Mirzə Ələkbər Sabirin davamçısı – sumqayıtlı Mir Sabir

784

O, uzaq bir adada – “Poeziya adası”nda yaşayır. Kimlərinsə düşündüyü kimi yalnız uşaq şairi, uşaqların şairi deyil, həm də və ilk növbədə böyüklərin şairidir

Açığını demək lazımdır ki, İ.Nəsimi, N.Gəncəvi, M.Füzuli kimi klassiklərdən, poeziya korifeylərindən, S.Vurğun, R.Rza, M.Şəhriyar, B.Vahabzadə, Əli Kərim kimi şeir-sənət nəhənglərindən, fədailərindən sonra kiminsə şeirlərini oxumağa bugünkü potensial oxucuda nə bir potensial maraq və həvəs, nə də potensial imkan və vaxt yoxdur. Maddi sıxıntıların doğurduğu mənəvi sarsıntılar məngənəsində çırpınan oxucunun yan-yörəsindən vaxt və zaman elə sürətlə ötüb keçir ki, baş qaldırıb, poeziya aləmində nələrin olub-olmadığına ani bir nəzər yetirmək belə mümkünsüz olub. Doğrudur, bəzən imzası təzəcə üzə çıxan istedadlı bir müəllifin səviyyəli, oxucunun qulağına, qəlbinə nə isə pıçıldayan hansısa bir şeri nəzəri cəlb edir və bu zaman  istər-istəməz onu qəzetdən kəsib saxlamalı olursan.

Ancaq göbələk kimi artan bəzi qəzetlərin dərc etdikləri şit-şılıq, “qurban olum”, “vallah, məndən ötrü öləcəksən”, ”qadan mən alım”la başlayan və onların zəhlətökən təkrarı ilə də başa çatan ucuz və bəsit, yorucu söz yığnaqları kamil oxucuları bezdirsə də, təəssüf ki, çoxluq təşkil edən diletantların çəpiyi-çırtığı ilə qarşılanır. İbtidai qafiyəpərdazlıq bəlasına düçar olanların  “şəkilçi şairliyi” ilə yanaşı televiziya ekranlarında səhərdən axşamadək  “dingidim” vuraraq həm müğ-ennilik (ənliklik və kirşanlıq da öz yerində!..), həm də  “bəsdi-karlıq” (guya ki, bəstəkarlıq) etmələri, xanım və bəyxanım “sənətçilər”in özləri dedikləri kimi, “ortalığa qoyduqları” (əstəğfürullah, yəni ki – təqdim etdikləri),  xalqı yenidən ən azı bir-neçə əsr geriyə çəkən, sənət deyilən aləmdən xeyli uzaq olan, “taxta qaşıq sevgisi”ni “vəsf edən” bəsit cızma-qaraları artıq hamını bezdirmişdir. Bu cür cızma-qaraların çoxluğundan, onların təsirindənmi, ya nədənsə, “gəl, sənə bir şer oxuyum” deyəndə elə bilirsən ki, boş-bekar və ya poeziyadan bixəbər bir adam hesab edərək, sənə çox ucuz, heç kəsin yaxın durmadığı dəyərsiz bir şey təklif edir, ya da həmin dəyərsiz bir işə görə səni duelə çağırırlar.

Çox böyük ərazilərimizin düşmən tapdağı altında olduğu bir zamanda mübariz, döyüşkən ruhlu şeirlər əvəzinə ehtiras dolu eşq macəralarına səsləyərək, mənəviyyatsızcasına “quc-quc, maç-maç” tör-töküntüləri yazanların və oxuyanların  çoxalması, mətbəx xanımının “qonşuya baxıb” özünü “oda yaxması” – “puluna minnət” (bu “minnət” sözü deyəsən, axı, bir az yaxşı səslənmədi. Qoy oxucular bağışlasın) deyib, televiziya ekranında fır-fır fırlanaraq, bəslənmiş əndam nümayiş etdirmələri hələ başı üstündə olan və ağlı başından çıxmamış oxucuları uzun illərdir ki, hövsələdən çıxartmaqda, hiddətləndirməkdədir.

Və nə yaxşı ki, bütün bunlardan çox-çox uzaqlarda, həyatın tamam bir başqa səmtində beş-on idrak-mənəviyyat, yüksək əqidə şairlərimiz var –  Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza, Tofiq Bayram, Söhrab Tahir, Fikrət Sadıq, Fikrət Qoca, İsa İsmayılzadə, Vaqif Səmədoğlu, Musa Yaqub, Rüstəm Behrudi, Vaqif İbrahim, Vahid Əziz, Zəlimxan Yaqub, Sabir Rüstəmxanlı, Əşrəf Şəfiyev…

Onların lap yaxınlığında, mənəvi adaların birində özünü dünyanın siyasətindən, min cür oyunlarından təcrid eləmiş, hər cür təmənnadan, hiylədən uzaq, bakirə insanlığını qoruyub saxlayan bir poeziya rahibi də vardır – Mir Sabir.

35 il öncə tanıdığım Mir Sabir zahirən və mənəviyyatca necə vardısa, bu gün də eləcə qalıb – saf, təmiz, heç kəsdən, heç nədən təmənna ummayan, heç bir şey gözləməyən (yox, bu, bigənəlik deyildir, dünyanın şeytan əməllərinə, hiyləgərliklərinə baş qoşmamaq, ağayana bir tərzdə onları vecə almamaq, saya salmamaqdır). Zahirən, mənəviyyatca dəyişməsə də, daxilən çox dəyişib – bu gün o sakit vücudun içərisində Zamana, onun haqsızlıq və ədalətsizliklərinə qarşı səngimək bilməyən böyük bir üsyan, təlatüm vardır.

Çox təəssüflər ki, daxilində tufanlar, fırtınalar oynayan Mir Sabiri uzun illər çoxlarımız yalnız uşaq şeirlərinin təmkinli, sakit və mehriban müəllifi, “uşaq şairi” kimi tanımışıq.  Sən demə, o, təkcə uşaq şairi, uşaqların şairi yox, həm də və ilk növbədə böyüklərin şairi imiş. Burda “böyüklər” sözündəki “lər” şəkilçisini də atmaq, “böyük şair” də yazmaq olardı.

“Mən də varam” deyə özünü heç vaxt gözə soxmağa çalışmayan, ədəb-ərkan saxlayaraq, qəzet-jurnal redaktorlarını yorub əldən-dildən salmayan, şeirlərini redaksiyalara çox zaman şair dostlarının təkidi ilə, həm də qəribə bir utancaqlıq və xəsisliklə təqdim edən Mir Sabirin qəzetlərdə ara-sıra görünən, bəşəri mövzulara həsr olunmuş şeirlərini oxuduqda, əvvəlcə bunu onun “uşaqlıqdan uzaqlaşmaq” istəyi, ötəri həvəs kimi qəbul etmişdim. Lakin daha ciddi mövzularda, o cümlədən Vətən duyğulu  bir neçə şeiri ilə tanış olduqdan sonra tam yəqin etdim ki, Mir Sabir həm uşaqların, həm də böyüklərin şairi, əsl Vətəndaş şairdir.

Zamanın çaxnaşıqlığının, vaxtın sürətli axarının başımızı qatmasına baxmayaraq, vaxt tapıb onun şeirləri ilə ara-bir maraqlanmağa başladım və əsl vətəndaş poeziyası ilə çox az adamın yadına düşən, bəlkə də bilərəkdən daha çox “uşaq şairi” kimi tanıtdırılan Mir Sabirdən şeirlərini küll halında oxumaq və sonra nəşrə hazırlamaq üçün mənə verməsini xahiş etdim. Belə bir cəsarət etdiyimə, üzərimə belə bir təşəbbüs götürdüyümə görə yəqin ki, ustad şairlərimiz və ustad oxucularımız məni qınamazlar. Axı:

Dayanıb dağların başının üstdə,
Gözləri yoldadır, qulağı səsdə,
Qoyub bir əlini qaşının üstə,
Baxır həsrət ilə düzə, yoxuşa…
Bizim yolumuzu gözləyir Şuşa…

Yadlar at oynadır Cıdır düzündə,
Qəzəb şimşək kimi çaxır gözümdə.
Tükənib səbrimiz, yoxdur dözüm də,
Qorxuram dünyaya burdan od düşə,
Bizim yolumuzu gözləyir Şuşa…

Burda şəhid olan neçə can üçün,
Büstü güllələnmiş Natəvan üçün,
Ölümə – ölümçün, qana – qan üçün
Yaralı şir kimi bağırır Şuşa,
Bizim yolumuzu gözləyir Şuşa…

yaxud:

Ey Milli Ordumun mərd əsgərləri,
Azadlıq yolunun səfərbərləri,
Dağıdın bəndləri, açın yolları,
Azad nəfəs alsın Laçın yolları,
Gündə min zəfərlə keçin yolları,
Döyüş meydanında igid yorulmaz,
Bir addım geriyə çəkilmək olmaz!

Arxada anamız, bacımız durur,
Bizim qeyrət adlı tacımız durur,
Hələ şəhidlərə borcumuz durur,
Çagırır bizləri intiqam, qisas,
Bir addım geriyə çəkilmək olmaz!

kimi haray çəkib bağıran, döyüşə səsləyən, intiqam hissini coşduran, son və qəti qələbəyə ruhlandıran misraların müəllifini hansı haqla “uşaq şairi” adlandırmaq olar? Aşağıdakı misralar ordu komandanının, bütün xalqın, Vətənin çağırışı deyilmi:

Bu günlər Vətənin yaman günüdür,
Bizdən qəhrəmanlıq uman günüdür,
Fürsəti verməyin, aman günüdür,
Gözəl Qarabağı eyləyin xilas,
Bir addım geriyə çəkilmək olmaz!

Aşağıdakı misralar qeyrətimizə od vurub, yandırmırmı:

Keçib yad əllərə torpaqlarımız,
Ceyranlı, cüyürlü yaylaqlarımız,
Düşüb əsirliyə şiş dağlarımız,
Bu acı həsrətə dözürük hələ,
Biz başıaşağı gəzirik hələ…

Niyə şimşək olub, çaxa bilmirik?
Coşub sellər kimi axa bilmirik?
Babəkin şəklinə baxa bilmirik,
Susub, xəcalətə dözürük hələ,
Biz başıaşağı gəzirik hələ…

Mir Sabirin əsl vətəndaşlıq mövqeyinin, cəmiyyətdə olan çatışmazlıqlara qarşı barışmazlığının, üsyankar ruhunun ifadəsi olan satirik şeirləri də maraqlı obrazları, orijinal işlənmə tərzi ilə yadda qalandır. Azərbaycan satirik poeziyasının böyük yaradıcısı Mirzə Ələkbər Sabiri haqlı olaraq özünün sələfi hesab edən Mir Sabir onun şeirlərinə bu günlə səsləşən nəzirələr qoşmaqla sanki elə dahi M.Ə.Sabirin dilindən danışaraq, müasir antipodlara, qeyrətsizlərə nifrət yağdırır. “Əkinçi” şeirinə nəzirədə Mir Sabir aşağı təbəqəni saya salmayan, kasıb-kusubu istədiyi cür təhqir edib-alçaldan bəzi üzdəniraq  dövlət məmurlarının, əslində dövlətə uzun illərdir ki yapışıb qalmış, zəli kimi ondan qopmaq bilməyən bəzi “mamır”ların  dilindən  deyir:

Hər gündə töküb zəhləmi, gəl durma qapımda,
Həm katibəni, həm özünü yorma qapımda.
“Qanun!” deyərək, çox döşünə vurma qapımda,
Salma belə boş şeyləri sən yadə, vətəndaş!
Yoxdur bu işə dəxli bunun, adə, vətəndaş!

Xalqın qanını soran, hər addımda xalqa üzüdönük çıxaraq, xəyanət edən, yeri gələndə isə özünü heç də vətən xaini hesab etməyən bəzi  bişərəflər aşağıdakı fikirləri açıq-aşkar dilə gətirməsələr də, onların həyat və düşüncə tərzi, Vətənə, xalqa münasibəti məhz elə bu cürdür:

Verməyib əldən belə bir fürsəti,
Hey… yığarıq altımıza sərvəti.
Nəinki arvad-uşağı, külfəti,
Hər şeyi qurban verərik rüşvətə,
Kim nə deyər bizdə olan qeyrətə?!

Sanma, kişi, bixəbərik, yatmışıq,
İndi də torpaqlara əl atmışıq,
Biz Şuşanı, həm Laçını satmışıq
Bir quruşa, bir pula, ya bir setə,
Kim nə deyər bizdə olan qeyrətə?!

Bu da onların öz xalqına qənim kəsilməklərinin, zalımlıqlarının, alçaqlıqlarının ifadəsidir:

Qoyma dəxi dirçələ bu milləti,
Yoxsa gələr öz yerinə qeyrəti,
Sonra da artıb, çoxalar qüvvəti,
Görsən əgər, var balaca taqəti,
Qurdalanır yerində hərdən az-az,
Dinmə, danışma, başına vur qapaz.

Mir Sabirin bir-birindən kəskin, sarkazm xarakterli digər satirik şeirləri, poetik uğurlar sayıla biləcək məhəbbət nəğmələri, qəzəlləri, yarım əsrlik pedaqoji fəaliyyət göstərən bir müəllim kimi məktəb həyatına və təbii ki, uşaqlara həsr edilmiş şeirləri onun bu gün bütöv və kamil bir şair olduğunu təsdiq edir.

Mir Sabir ilk sanballı kitabını poeziya aləmində və həyatda özünün ən yaxın dostu və xeyirxahı hesab etdiyi unudulmaz şairimiz, M.Qorki adına Ümumittifaq mükafatı laureatı, Respublika Ədəbi Birliyinin ilk rəhbəri Vaqif  İbrahimin əziz xatirəsinə ithaf etmişdir. “Vaqif İbrahim mənim üçün o qədər yaxşılıqlar eləyib ki… heç kəsin və heç vaxt mənə etmədiyi yaxşılıqlar!”, – deyə çox nankorlardan, üzüdönüklərdən tam fərqli olaraq özünün mərhum  gənc dostunu, amansız əcəlin qıydığı, ağlagəlməz faciənin qurbanı olmuş Vaqif İbrahimi daim böyük minnətdarlıq, ehtiram və məhəbbətlə xatırlayır.

Poeziyasında da həyatda olduğu kimi bütövlük və kamillik nümunəsi olan, ömrünün 78-ci baharını yaşayan şairə uzun ömür, can sağlığı və yeni yaradıcılıq uğurları arzu edirik!

Rəhman ORXAN

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər