Hər dəfə xalqımızın tarixində silinməz və danılmaz yeri olan böyük simaların, müdrik insanların sırasına nəzər salanda Ulu Öndərimiz Heydər Əlirza oğlu Əliyevin yeri ön cərgədə görünür. Bu xalqın və onun tarixinin ən böyük qazanclarından biridir. Heydər Əliyev böyüklüyü ondan irəli gəlir ki, o, xidmətləriylə bu xalq üçün, bu dövlət üçün etdikləriylə xalqı tərəfindən bütün zamanlar üçün birinci olmaq haqqını qazanıbdır. Danılmaz həqiqətdir ki, Vətənimiz, xalqımız, millətimiz, bütövlükdə isə bütün türk, müsəlman dünyası üçün Heydər Əliyev nadir şəxsiyyətlərdən idi. Öz zamanında, əqidə və fəaliyyəti ilə belə ad-san qazananlar,həyatlarını xalq, Vətən yolunda sərf edənlər heç vaxt unudulmur, xatirələrdən silinmir, həmişəyaşar olurlar…
Böyük dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk dövrdə gördüyü işlərin miqyasına və yönünə, əhəmiyyətinə və ünvanına dərindən nüfuz edəndə qəti olaraq bu qənaətə gəlirik ki, böyük düşüncə, güclü məntiq, sahibi olan insan qabaqcadan Azərbaycanın müstəqilliyini, azadlığını görməyə, hiss etməyə bilməzdi.
Heydər Əliyev dünya siyasətində yer tutan şəxsiyyət kimi Azərbaycanın qismətinə düşsə də, 70 il ömür sürmüş SSRİ kimi böyük bir ölkənin ictimai-siyasi həyatında da özünəməxsus yeri, nüfuzu olmuşdur. Sovet İttifaqı Kommunist Partiyası MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev ona bəslənən inam və etimadı Moskvada da şərəflə doğrultdu. Ağır iqtisadi böhran qarşısında olan nəhəng dövlətin ən ağır sahələrinə rəhbərlik etmək, istehsal sənayesində, dəmir yolunda qayda yaratmaq, Baykal Amur Magistralının tikintisini sürətləndirmək, daha nələr və nələr bu əzəmətli insanın sanki potensialını, işgüzarlığını, iradəsini və qətiyyətini, idarəçilik imkanlarının yeni keyfiyyətlərini üzə çıxarmaq üçün idi.
Heydər Əliyevin 1982-ci ildə SSRİ kimi nəhəng dövlətin ali rəhbərliyində təmsil olunmasının milli qürur və iftixar hissi yaradan amil kimi milli məfkurəvi rol oynamasını da diqqətdən kənarda saxlamaq düzgün olmazdı. Xalqın liderinin onun hüdudlarından kənarda tanınması və etiraf olunması qədər məfkurəyə və milli düşüncəyə emosional səviyyədə müsbət təsir göstərən digər amil təsəvvür etmək çətindir. Ümummilli lider Heydər Əliyevin dünyanın iki super dövlətindən birinin rəhbərlərindən olması gerçəkliyini dərk etmək özü özlüyündə milli-birləşdirici amil kimi məfkurə daşıyıcısı rolunu yerinə yetirirdi.
Ulu öndər Heydər Əliyevin ən ali məqsədi, böyük amalı heç şübhəsiz müstəqil, azad və firavan Azərbaycan dövlətini qurmaq olmuşdur. Bu məqsəd və amal bütün həyatı boyu onu mübarizəyə, çevik siyasi gedişlərə məcbur etmişdir. Bu gün şəxsiyyəti və fəaliyyəti dövlətimizin atributu, simvolu səviyyəsinə qalxmış Heydər Əliyevin irsi – vətənə, xalqa sədaqətlə xidmət etmək, müstəqilliyimizi göz bəbəyi kimi qorumaq və bu yolda canını belə əsirgəməmək kimi müqəddəs dəyərləri təkcə siyasi elita üçün yox, bütün vətəndaşlarımız üçün həyat məktəbidir
Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə respublikamızı tarixin ağır sınaqlarından məharətlə çıxararaq, onu inkişafa və tərəqqiyə doğru aparmışdır. Bu müdrik şəxsiyyət DTK-da işlədiyi illərdə də bütün varlığı ilə xalqına xidmət etmiş, neçə-neçə milli ziyalımızı qorumuşdur. O, harada işləməsindən asılı olmayaraq, hansı vəzifə, mənsəb sahibi olmasına baxmayaraq, hər yerdə özünü əsl azərbaycanlı kimi aparmışdır. 34 il bir məmləkətə rəhbərlik etmək hər dövlət və siyasi xadimin işi deyildir. Həm də bu illər görülən işlər öz miqyasına , əhatəliyinə görə müqayisə olunmazdır.
Milli liderimiz Heydər Əliyevin böyük vətənpərvər, xalqsevər olduğu ötən əsrin 90-cı illərində özünü daha bariz şəkildə göstərdi. Məkrli, naqis ermənilərin Vətənimizə təcavüzü və bu təcavüzə M.Qorbaçov başda olmaqla Moskvanın dəstəyinə ilk kəskin etiraz səsini ucaldan, partiya biletini tullayan da, çəkinmədən, qorxmadan, milli cəsarətlə sovet hakimiyyətinə qarşı tənqidlər söyləyən də ilk öncə Heydər Əliyev oldu. Ona arxalanan xalq ayağa qalxdı. Nəticədə müstəqil Azərbaycan Respublikası yarandı. Müstəqil Azərbaycanın keşiyində xalqın arxalandığı Heydər Əliyev dayandı.
Azərbaycanın ən yeni tarixinə “Qara Yanvar” kimi həkk olunmuş 1990-cı il yanvarın 19-dan 20-nə keçən müdhiş gecədə yüzdən artıq günahsız Azərbaycan vətəndaşı qətlə yetirildi, yaralandı . Ölkəyə külli miqdarda ziyan vuruldu. SSRİ rəhbərliyinin zorakılığına və günahsız insanların qətlə yetirilməsinə ilk etiraz səsini qaldıran, bu barədə dünya ictimaiyyətinə xəbər verən müdrik şəxsiyyət Heydər Əliyev oldu. Həmin vaxt imperiyanın ciddi nəzarətində olmasına baxmayaraq, həyatını riskə qoyaraq qanlı hadisənin ertəsi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək bu müdhiş olayı törədənləri və təşkilatçılarını kəskin tənqid etmiş, Azərbaycanda baş vermiş hadisələri hüquqa, demokratiyaya yabançı, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etmişdir. Hadisələrin getdikcə daha dramatik vəziyyət almışdır. Həmin dövrdə xalqın müxtəlif təbəqələrinin nümayəndələri axın-axın Naxçıvana gedir, bu böyük, qüdrətli şəxsiyyətdən Bakıya dönüb respublikanı düşdüyü ağır vəziyyətdən qurtarmaq üçün təkidlə xahiş edirdilər. Ziyalıların müraciətinə cavab verən ulu öndər Azərbaycanda baş verən hadisələrdən, ölkənin gələcək taleyindən ciddi narahat olduğunu və ömrünün qalan hissəsini xalqına həsr etməyə hazır olduğunu bildirdi. O vaxt artıq ölkəni idarə etmək iqtidarında olmayan mövcud hakimiyyət də Heydər Əliyevin Bakıya gəlməsini ondan acizanə xahiş edirdi. Heydər Əliyev xalqın çağırışını qəbul etdi. 1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ilə müstəqil Azərbaycanın tarixində yeni mərhələ başlandı. Bu, inkişaf, tərəqqi, yeniləşmə və yüksəliş dövrü oldu.
Ümummilli liderin həyata keçirdiyi siyasət sayəsində dövlətçiliyimiz möhkəmləndirildi, ictimai-siyasi sabitlik bərqərar edildi, qanunsuzluqlara, zorakılığa, cəzasızlıq əhvali-ruhiyyəsinə son qoyuldu. Vətəndaşlarımız təhlükəsiz yaşamaq hüququ qazandılar. Bütün bunlar demokratik cəmiyyətin qurulmasına, insanların hüquq və azadlıqlarının müdafiəsinə təminat verdi. 1995-ci il noyabr ayının 12-də Azərbaycan tarixində ilk dəfə olaraq müstəqil dövlətimizin Konstitusiyası ümumxalq səsverməsi yolu ilə qəbul edildi. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin əsas müddəalarını özündə əks etdirən bu Konstitusiyada insan və vətəndaş hüquqlarının, azadlıqlarının təmin edilməsi dövlətimizin ali məqsədi kimi bəyan olundu. Çoxəsrlik dövlətçilik ənənələrimizə, milli və ümumbəşəri dəyərlərə söykənərək yaradılan Konstitusiyamız hüquqi-demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun təməlini qoydu.
“Xalq həmişə öz ziyalıları, öz mədəniyyəti, öz elmi ilə tanınır” – deyən ulu öndər Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə Azərbaycanda məktəbəqədər tərbiyə müəssisələrindən tutmuş ali məktəblərədək bütün təhsil ocaqları əvvəlki illərlə müqayisədə yeni inkişaf pilləsinə qalxdı, bu istiqamətdə aparılan ardıcıl və məqsədyönlü dövlət siyasəti Azərbaycan əhalisinin təhsil, ümummədəni və intellektual səviyyəsinin yüksəldilməsində müstəsna rol oynadı.
Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Heydər Əliyev 1971-ci ildə görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Ulu Öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının yaradılması haqqında fərman imzalamışdır. Akademiyanın təsis olunması hərb sahəsində milli kadr ehtiyatının formalaşdırılması prosesinin keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsi sayıla bilər. 2001-ci il 20 avqust tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmış və bununla həmin təhsil ocaqlarının respublika üzrə hərbi təhsil müəssisələri sistemində statusu yüksəldilmişdir.
“Əsrin müqaviləsi” 1994-cü ilin sentyabr ayının 20-də Azərbaycanın Dövlət Neft Şirkəti ilə 6 ölkənin 10 şirkəti arasında bağlanmışdır. “Əsrin müqaviləsi” həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil olmuşdur. “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirmişdir. Həmin müqavilə daha sonra 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açmışdır. Ulu Öndər Heydər Əliyev demişdi: “Əsrin müqaviləsi ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır.
1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir. Həmin illərdə görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada böyük hörmətə malik oldu. “İşğal olunmuş bütün regionlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir” -Ulu Öndər Heydər Əliyev. Onların problemlərinin həlli ilə bağlı həyata keçirilən ilk tədbirlər, hazırlanan Proqramlar Ulu Öndərin gərgin əməyinin nəticəsidir. Ulu Öndər qaçqın və məcburi köçkünlərin məskunlaşdığı ərazilərə daim baş çəkirdi, xarici səfərləri zamanı onların vəziyyətinin dünya ictimaiyyətinə çatdırılmasına çalışırdı. Ölkəyə gələn bütün nümayəndə heyətlərinin rəhbərlərinin, xarici ölkələrin başçılarının məcburi köçkünlərin yaşayış tərzi ilə mütləq tanış olmaları Ulu Öndər tərəfindən bir vəzifə kimi qarşıya qoyulmuşdu. Onların yaşayış şəraitinin daha da yaxşılaşdırılması, ağır vəziyyətdə yaşadıqları çadır düşərgələrinin ləğvi üçün konkret addımlar atılırdı. 2001-2002-ci illər ərzində Ulu Öndər imzaladığı üç fərmana əsasən, qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və onların məskunlaşma, məşğulluq problemlərinin həlli üçün Dövlət Neft Fondundan 359 milyard manat vəsait ayrılmış və bunun müqabilində 18 qəsəbə salınmış, 6076 mənzil tikilmiş, yüzlərlə zəruri infrastruktur obyektləri inşa edilmişdir. 1993-2003-cü illər arasında qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə yönəldilən vəsaitin həcmi 90 dəfə, yemək xərcləri üçün müavinət 60 dəfə, kommunal xidmət xərcləri üçün kompensasiya 120 dəfə artırılmışdır.
Azərbaycan xalqının Ümummilli Lideri yüksək bəşəri keyfiyyətlərə, təvazökarlığa, hər şeydən öncə isə demokratik dövlət quruculuğu prinsiplərinə daim sadiq qalan böyük şəxsiyyət idi. Ulu Öndərin dərin məntiqli nitqi, natiqlik məharəti, söz seçmək bacarığı, auditoriya ilə ünsiyyət qurmaq səriştəsi onu dinləyənləri məftun edirdi. Onun nitqi dərin və konkret idi, müzakirə olunan məsələni yüksək səviyyədə ümumiləşdirmək bacarığına malik idi.
Ulu Öndər Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib. Sözügedən fərman kütləvi informasiya vasitələrinin ölkədə sürətli inkişafını təmin edən əsas amillərdən birinə çevrildi. Ulu Öndər Heydər Əliyevin mətbuat işçiləri ilə mütəmadi təşkil olunan görüşləri və onun mövcud istiqamətdəki institusional təşəbbüsləri mətbuatın davamlı inkişafına səbəb olmuşdur. Milli mətbuatın inkişafına göstərilən dəstəyə görə Ulu Öndər Heydər Əliyev 2002-ci ildə Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən təsis olunmuş “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşlər.
Müstəqillik illərində Azərbaycanın milli ideologiyası ilk dəfə Yeni Azərbaycan Partiyasının nizamnaməsində əksini tapmışdır. 1998-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının 6-cı ildönümünə həsr olunmuş təntənəli yığıncaqda ümummilli lider Heydər Əliyev milli ideologiyanın şərhinə geniş yer verərək demişdir ki, dövlətçilik, milli-mənəvi və bəşəri dəyərlər azərbaycançılıq ideologiyasının əsasını təşkil edir.
Dünyada yaşayan azərbaycanlıların bir-biri ilə əlaqə saxlaması məsələsi Heydər Əliyevin Azərbaycanda hələ sovet dövründə rəhbərliyi zamanında diqqət mərkəzində idi.Hələ o zaman xaricdə yaşayan azərbaycanlılarla əlaqələrin yaradılması üçün dostluq və mədəni əlaqələr cəmiyyətləri,«Vətən» cəmiyyəti fəaliyyət göstərirdi. Bu işlər hələ o dövrdə də Heydər Əliyevin diqqətində olmuşdur. Azərbaycançılıq ideyasının Azərbaycan xalqına çatdırılması Heydər Əliyevin fəaliyyətində həlledici yerlərdən birini tutmuşdur.
Bütövlükdə Azərbaycanımızı xilas edən Heydər Əliyevin misilsiz xidmətləri heç vaxt yaddaşlardan silinməyəcək. Heydər Əliyevin adı tarixə müstəqil Azərbaycan dövlətinin qurucusu kimi daxil oldu, müstəqil Azərbaycan dövləti isə Heydər Əliyevin şah əsəri olaraq qəbul edildi. Müstəqil Azərbaycan bu gün Heydər Əliyev siyasətinə istinad edərək qətiyyətlə irəliləyir, gücünü və qüdrətini durmadan artırır, dahi azərbaycanlıya məxsus ideyaların həmişəyaşar olduğunu bir daha təsdiqləyir.
Vüsalə Qurbanova, Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin direktoru
Müzakirə qapadılmışdır.