Dünyanın mürəkkəb geosiyasi mərhələdən keçdiyi bir dövrdə sülh və təhlükəsizlik məsələləri qlobal gündəliyin ən vacib mövzularından birinə çevrilib. Münaqişələrin artdığı, yeni gərginlik ocaqlarının yarandığı indiki şəraitdə dövlətlərin qarşısında duran əsas vəzifə sabitliyi qorumaq, təhlükəsizlik mühitini möhkəmləndirmək və davamlı inkişaf üçün etibarlı zəmin yaratmaqdır. Məhz bu kontekstdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 mart 2026-cı ildə XIII Qlobal Bakı Forumunda “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda çıxışı beynəlxalq ictimaiyyət üçün mühüm mesajlar verdi. Dövlət başçısı çıxışında vurğuladı ki, hazırkı şəraitdə təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir ölkənin gündəliyində birinci prioritet olmalıdır. Çünki təhlükəsizlik təmin olunmadan iqtisadi inkişaf, sosial rifah və siyasi sabitlik kimi digər məqsədlər mənasını itirir.
Prezidentin çıxışında xüsusi diqqət çəkən məqamlardan biri Azərbaycan nümunəsinin qlobal sülh təcrübəsi kimi təqdim olunması idi. Dövlət başçısı qeyd etdi ki, Azərbaycan uzun illər davam edən münaqişədən sonra sülhə nail olmuş ölkə kimi artıq yeni mərhələdə yaşayır. Onun sözlərinə görə, bu gün ölkə artıq yeddi aydır real sülh şəraitində fəaliyyət göstərir və bunun nəticələri tədricən görünməkdədir. Bu fakt təkcə regional deyil, həm də beynəlxalq siyasət üçün mühüm nümunədir. Çünki müasir dünyada uzunmüddətli münaqişələrin qısa müddətdə siyasi razılaşma ilə başa çatdırılması nadir hallarda baş verir.
Prezident İlham Əliyev Azərbaycan tarixində ən mürəkkəb dövrlərdən biri olan işğal illərini də xatırladaraq bildirdi ki, ölkə təxminən 30 il ərzində ərazisinin 20 faizinin işğal altında qalması kimi ağır bir reallıqla üzləşmişdi. Bu müddətdə beynəlxalq təşkilatların qəbul etdiyi qərarların icra olunmaması, xüsusilə də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin kağız üzərində qalması beynəlxalq hüquq sisteminin effektivliyinə dair ciddi suallar doğururdu. Azərbaycan məhz bu şəraitdə beynəlxalq hüquqa əsaslanaraq öz suverenliyini və ərazi bütövlüyünü bərpa etdi. Prezidentin vurğuladığı kimi, bu proses ölkənin özünümüdafiə hüququ çərçivəsində həyata keçirildi və beynəlxalq hüququn prinsiplərinə uyğun idi.
Dövlət başçısının çıxışında diqqət çəkən əsas məqamlardan biri Azərbaycanın münaqişənin həllində əldə etdiyi üç fərqli təcrübənin təqdim olunması idi. Birinci təcrübə işğal şəraitində yaşamaq və beynəlxalq hüququn selektiv tətbiqinin nəticələrini görmək idi. İkinci təcrübə isə 2020-ci ildə baş vermiş İkinci Qarabağ Müharibəsi zamanı güc tətbiq etməklə ərazilərin azad edilməsi oldu. Prezident vurğuladı ki, bəzən bütün sülh vasitələri tükəndikdə və beynəlxalq hüquq sizin tərəfinizdə olduqda gücdən istifadə etmək qaçılmaz olur. Azərbaycan məhz belə bir mərhələdə hərbi güc tətbiq edərək ərazi bütövlüyünü bərpa etdi və bununla da müasir tarixdə nadir rast gəlinən bir presedent yaratdı.
Bu prosesin ən maraqlı və mühüm mərhələsi isə müharibədən sonra əldə edilən sülh təcrübəsidir. Prezident qeyd etdi ki, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi gözləniləndən daha sürətli baş verdi. 2023-cü ilin sentyabrında baş verən son qarşıdurmadan cəmi iki ildən az müddət sonra sülh razılaşması əldə edildi və 2025-ci ilin avqustunda sülh sənədi paraflandı. Bu, müasir beynəlxalq münasibətlər sistemində çox nadir hadisə hesab olunur. Dövlət başçısının sözlərinə görə, bunun əsas səbəbi güclü siyasi iradə və müharibənin sonsuza qədər davam edə bilməyəcəyinin dərk olunması idi.
Prezident İlham Əliyev həmçinin vurğuladı ki, Azərbaycan sülhü yalnız formal sənəd kimi qəbul etməyib, onu real həyatda tətbiq etməyə başlayıb. Bu gün Azərbaycan və Ermənistan sərhədində sabitlik hökm sürür, atəşkəs pozuntuları müşahidə olunmur və artıq insan tələfatı baş vermir. Bu fakt region üçün yeni təhlükəsizlik mühitinin formalaşdığını göstərir. Azərbaycan münaqişədən qalib çıxmasına baxmayaraq, revanşist siyasət yürütməyərək əksinə, sülh təşəbbüsü ilə çıxış edən tərəf kimi çıxış edir. Bu isə beynəlxalq siyasətdə nadir rast gəlinən konstruktiv yanaşma kimi qiymətləndirilə bilər.
Sülh siyasətinin praktik nəticələrindən biri də iqtisadi əməkdaşlığın bərpasıdır. Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, Azərbaycan artıq Ermənistan üçün həyati əhəmiyyət daşıyan enerji məhsullarının ixracına başlayıb və ticarət əlaqələrinin bərpası istiqamətində addımlar atılıb. Bu, regionda uzunmüddətli sabitliyin qurulmasına xidmət edən mühüm amildir. Çünki iqtisadi əməkdaşlıq dövlətlər arasında qarşılıqlı asılılığı artıraraq yeni münaqişə risklərini minimuma endirir. Azərbaycanın bu siyasəti göstərir ki, ölkə qısa müddətli siyasi dividendlər deyil, uzunmüddətli regional sabitlik strategiyasını prioritet hesab edir.
Beləliklə, XIII Qlobal Bakı Forumunda səsləndirilən fikirlər təkcə Azərbaycanın regional siyasətini deyil, həm də qlobal təhlükəsizlik gündəliyini əks etdirən mühüm mesajlar kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyevin çıxışı göstərir ki, müasir dünyada sülh yalnız siyasi bəyanatlar və diplomatik şüarlarla deyil, güclü siyasi iradə, ədalətli mövqe və real addımlar vasitəsilə təmin edilə bilər. Azərbaycanın keçdiyi yol isə münaqişələrin həlli və postmünaqişə dövrünün qurulması baxımından beynəlxalq ictimaiyyət üçün diqqətəlayiq bir model kimi çıxış edir.
Gülnaz Səfərova, Sumqayıt şəhər Veteranlar Təşkilatının sədr müavini


Müzakirə qapadılmışdır.