Müasir memarlığın ünvanı

247

“Şəhərsalma və Memarlıq İli”
Cənubi Qafqazın ikinci sənaye mərkəzi yenilənir və inkişaf edir
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi təsadüfi deyil. Bu qərar müasir Azərbaycan dövlətinin inkişaf fəlsəfəsinin, estetik düşüncəsinin və gələcəyə hesablanmış strateji baxışının bariz ifadəsidir. Çünki bu gün ölkəmizdə şəhərsalma və memarlıq yalnız tikinti prosesi deyil, milli kimliyin, tarixlə müasirliyin vəhdətidir.
Doğrudan da, Azərbaycan memarlıq inciləri ilə zəngin bir diyardır. Qədim Şərq memarlığının izlərini daşıyan abidələrlə yanaşı, son illər ərzində həyata keçirilən müasir layihələr şəhərlərimizə yeni nəfəs, yeni sima bəxş edib. Bakıdan bölgələrədək ucalan müasir binalar, sosial və mədəni obyektlər ölkənin hərtərəfli inkişafının göstəricisidir.
Xüsusilə azad olunmuş Qarabağ və Şərqi Zəngəzur ərazilərində aparılan genişmiqyaslı bərpa və quruculuq işləri diqqət çəkir. Bu torpaqlarda “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında inşa edilən yaşayış məntəqələri müasir texnologiyaların tətbiqi ilə gələcəyin modelini formalaşdırır. Qarabağ artıq təkcə tarixi yaddaşın deyil, həm də innovativ şəhərsalmanın rəmzinə çevrilməkdədir.
Bu inkişaf dalğası ölkənin sənaye mərkəzlərindən biri olan Sumqayıt şəhərini də əhatə edib. Son on ildə cənab Prezidentin tapşırıq və tövsiyələri əsasında Sumqayıtda genişmiqyaslı quruculuq işləri aparılıb. Şəhərin siması əsaslı şəkildə dəyişib, yeni inzibati, sosial və mədəni obyektlər inşa olunaraq istifadəyə verilib.
Müasir memarlıq üslubunda tikilmiş Heydər Əliyev Mərkəzi, şahmat və musiqi məktəbləri şəhərin mədəni həyatına xüsusi rəng qatır. Bir qədər aralıda ucalan Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının inzibati binası bu memarlıq xəttini tamamlayaraq vahid bir ansambl təsiri yaradır. Bu tikililər təkcə funksional obyektlər deyil, həm də şəhərin estetik görünüşünü zənginləşdirən memarlıq nümunələridir.
Bununla yanaşı, Sumqayıtda müasir üslubda Dəmir Yolu Vağzalı, yeni məktəb binaları, 2 nömrəli şəhər xəstəxanası, Bayraq Muzeyi, Muğam Mərkəzi, Mehdi Hüseynzadə adına stadion və s. inşa edilib. Xüsusilə “ASAN xidmət” Mərkəzinin yeni binası orijinal memarlıq üslubu ilə diqqət çəkir. Sanki Xəzərin sahilində lövbər salmış bir gəmidir. Dənizkənarı bulvar ərazisində aparılan abadlıq və tikinti işləri isə Sumqayıtı əsl istirahət və gəzinti məkanına çevirib.
Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov bildirib ki, cari ildə şəhərdə quruculuq işləri daha geniş vüsət alacaq. Bu məqsədlə yeni layihələr hazırlanır. Dördüncü və on altıncı məhəllələrdə tikinti prosesləri davam etdiriləcək. Köhnə fin tipli evlər sökülərək onların yerində müasir standartlara cavab verən yaşayış massivləri salınacaqdır. Bu isə sakinlərin həyat şəraitinin daha da yaxşılaşdırılmasına və şəhərimizin gözəlləşməsinə xidmət edəcəkdir.
Bütün bunlar bir daha göstərir ki, Sumqayıt sürətlə yenilənən, inkişaf edən, müasir şəhərsalma prinsipləri əsasında qurulan bir məkana çevrilir. Bir sözlə, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi bu inkişafın yeni mərhələsinin başlanğıcı kimi tarixə yazılacaqdır.

İlhamə MƏHƏMMƏDQIZI

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər