Müğənni Zamiqdən toy anonsu - Tarixi açıqladı - MÜSAHİBƏ

2108

Müğənni Zamiq Hüseynovun Lent.az-a müsahibəsi.

– İlk öncə yaradıcılıq işlərinizdən başlayaq. Nə yenilik var?

– Görüləsi işlər çoxdur. Bir neçə mahnılar yazdırmışıq. Zaman-zaman onları sizlərlə bölüşəcəyik. Bundan başqa, klip də təqdim etməyə hazırlaşırıq. Yaxşı bir ekran işi ərsəyə gəlib. Əslində, mahnı yazdırmaq, oxumaq bu mənim üçün yenilik deyil. Müğənninin işi mahnı oxumaq, klip çəkdirməkdir. Bu, niyə yenilik sayılsın ki? Bundan başqa, solo konsert vermək istəyirəm.

– Bir çox həmkarlarınız iddia edir ki, indiki dövrdə klip çəkdirmək əlavə xərcdir və mənasızdır…

– Hər kəsin bir düşüncəsi var. Amma mən elə düşünmürəm. İllərdir klip çəkdirirəm və bu ənənəni də davam etdirirəm. Elə mahnılar var ki, onlara mütləq klip çəkdirmək lazımdır. Bu, mütləqdir.

– Bir müddət öncə təqdim etdiyiniz ekran işini xalq artisti Faiq Ağayevin klipinə bənzətdilər…

– Bu, normaldır. Amma mən o klipi təqdim etməyənə qədər bilmirdim ki, Faiq Ağayevin elə klipi var. Yəni ilk animasiyalı klipin Faiq Ağayevə məxsus olduğundan xəbərsiz idim.

– Amma təqdimatınızda rejissorunuz söylədi ki, ilk dəfə animasiyalı klipi siz təqdim edirsiniz. Bu, rejissorun səhvi idi?

– Yox, bu sadəcə anlaşılmazlıq idi. Təsadüfən belə bir şey alındı. Bizim klipimiz başqa cür idi. Həmin klipim digər kliplərimdən fərqli formada çəkilmişdi. Təqdimatını da etdik, məncə, pis alınmamışdı.

– Hazırkı dövrdə yazılan mahnıların ömrü çox uzun deyil. Buna səbəb nədir?

– Mahnını təqdim edəndə öncədən bilmirik ki, bu hit olacaq, yoxsa yox. Düşünürəm ki, “Sən necədə gözəlsən”  kimi mahnılarım daim insanlar tərəfindən bəyəniləcək. Təqdim etdiyim “Kaman” mahnısı da sevilir. Amma çox təəssüf edirəm ki, son dövrlər bayağı musiqilərə yer verilir. Bayağı musiqilər təbliğ edilir. Bu yaxşı hal deyil.

– Zamiq Hüseynov yerli müğənnilərimizdən kimlərə qulaq asır?

– Bir çoxlarını dinləyirəm. Yaxşı ifaçılarımız çoxdur.

– Niyə müğənnilərimizin əksəriyyəti bir-birlərinin musiqilərinə qulaq asdıqlarını etiraf etmirlər?

– Niyə? Mən hər zaman adlarını çəkirəm. Məsələn, Brilliant Dadaşova, Lalə Məmmədova, Elton Hüseynəliyev, Ayaz Qasımov.

– Müğənnilərin “mənəm-mənəmlik” etməsinə münasibətiniz?

– Əslində, özündən razı, “Mənəm-mənəm” deyən müğənnilər özləri ilə baş-başa qalanda anlayırlar ki, onlar cılız və zəifdirlər. Bu, heç də yaxşı bir şey deyil. Mən buna yaxşı baxmıram. Bəzən məkanlara girəndə elə girirlər ki… Yəni özlərini bu cür aparmaqla təsdiq edirlər ki, zəifdirlər.

– Uzun zamandır küsülü olduğunuz əməkdar artist Abbas Bağırovla aranızdakı söz-söhbət mətbuatda müzakirə olundu…

– Bilirsiniz ki, mən heç vaxt barədə danışmadım. Müxbirlər qarşı tərəfə nəsə sual verdi, o da cavab verib. Sonda mən də cavab vermiş oluram. Ona görə də bu mövzuda mən nəsə danışmaq istəmirəm. Çünki cavabını verdim. Mən qalmaqaldan kənar insanam.

– Yəqin ki, əməkdar artistlər Röya Ayxanla Aygün Bəylərin qalmaqalından xəbərdarsınız?

– Əslində, hər ikisi gözəl ifaçıdır. Hər kəsin arasında inciklik ola bilər. Bunu mətbuat şişirtməsə, yaxşı olar. Çünki hər ikisi yaxşı oxuyur.

– Şou-biznesdə ən zövqlü kişi müğənni deyiləndə ilk öncə sizin adınızı qeyd edirlər…

– Mən heç bir zaman özümə “Ən zövqlü mənəm” deməmişəm. Bunu insanlar mənə baxıb deyiblər. Düşünürəm ki, insanın özünü tərifləməsi, yalnız özünü fərqləndirməsi normal deyil. Bu, acizlik əlamətidir.

 

– Geyimlərinizi özünüz seçirsiniz? Yoxsa stilistlə çalışırsınız?

– Hamısını özüm seçirəm. Geyimlərim, imicim stilist məhsulu deyil. Deyərdim ki, mən bəzi stilistlərdən də zövqlü seçimlər edirəm. Çalışıram ki, fərqli və zövqlü geyinim. Necə alındığını isə insanlar deyə bilər.

– Geyimlərə çox pul xərcləyirsiniz?

– Hə, olur. Elə geyim var ki, ona çox pul xərcləyirəm, eləsi də var, az. Yəni bu, geyimdən aslıdır. Hər bir məhsulun keyfiyyətinə, brendinə görə qiyməti olur. Mən də hər zaman keyfiyyətə üstünlük verirəm.

– Bildiyimiz qədəri ilə Nizami küçəsində geyim dükanınız var idi, daha sonra o mağaza bağlandı.

– Mənim geyim dükanım yenə də var. “Tarqovıy”dakı dükan bağlansa da, başqa yerdə yenidən açdıq. Yəni mənim brendlərim yenə də var. Bu biznesim də davam edir. Dayandırmamışıq.

– Sosial şəbəkədə idmandan fotolarınızı paylaşırsınız. Həftədə neçə gün və neçə saat məşq edirsiniz?

– Demək olar ki, hər gün idmana gəlirəm. İdman həyatımın bir hissəsinə çevrilib. Elə sizinlə müsahibəyə idmandan çıxıb gəlirəm. Hər gün düz 2 saat idmanla məşğul oluram. Bütün işlərimi isə idmandan sonra edirəm. İdmana gəlməyim bir tərəfdən də ona görə yaxşıdır ki, fərqli mühitə düşürəm. Maraqlı insanlar tanıyıram. Daima musiqidən söhbət etmək insanı yorur. İnsan istəyir ki, musiqidən kənar da həyatı görsün. Bir sözlə, idmanın sayəsində bir neçə saat olsa da, musiqi söhbətlərindən kənarda oluram.

– Hər təzə il gələndə deyirsiniz ki, bu il ailə quracam, amma alınmır. Nədir səbəb?

– (Düşünür…) Onu deyim ki, bu il mütləq ailə quracam. Yəni 2018-də ailə quracam. Xeyirlisi nədirsə, o da olacaq. Bu qədər. Şəxsi həyat barədə çox danışmaq istəmirəm.

– Siz də bəzi şou nümayəndələri kimi toyu mediaya qapalı edəcəksiniz?

– Bəli, mütləq. Yalnız toydan sonra xəbər tutacaqlar ki, Zamiq ailə qurub. Özəl günümdə medianın yanımda olmasını istəmirəm. Yəqin ki, anlayışla qarşılayarlar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər