“de-yure” layihəsinin növbəti qonağı beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyevdir.
Müsahibəni oxuculara təqdim edirik:
– Azərbaycanda hüquq fakultəsində tədris olunan dərsliklərlə bağlı çoxlu iradlar səslənir. Sizcə, bu sahədə əsas problemlər nələrdir?
– Əsas problem odur ki, kitabları sistemi bilən insanlar yazmayıb. Tədris sistemimizdə sistematika yoxdur. Məsələn, Azərbaycan Mülki Məcəlləsi Alman versiyasının Rusiyaya adaptasiyasıdır. Yəni ruslar almanlardan götürüb, biz isə ruslardan. Bunun da səbəbi odur ki, yeni mülki məcəlləyə ehtiyacımız var idi. Alman dilini bilən çox az sayda hüquqşünasımız olduğuna görə işçi komissiyasının üzvləri rus dilini bilənlər idi. Ruslar da o qanunları almanlardan götürəndə özlərinə uyğunlaşdırmışdılar. Bu da normal haldır. Amma bu edilərkən sistematika pozulmamalıdır. Bizdə isə sistematika pozulub. Qanunlarımızın bir çox yerində bu pozulmaları görə bilərik. Məsələn, etibarsızlıq anlayışı Mülki Məcəllədə bir məna daşıyır, İnzibati İcraat haqqında Qanunda başqa bir məna. Yəni sistematik dərsliklərimiz yoxdur. Dərsliklərimizlə bağlı əsas problem, məncə, budur. Bu gün biizə elə bir hüquqşünas lazımdır ki, nəzəriyyəni dərindən bilib işə başlasın.
Birinci boşluğumuz budur. Bu boşluğu müxtəlif vasitələrlə doldurmağa çalışırıq. Məsələn, bir çox hallarda Avropa Məhkəməsinin, Konstitusiya Məhkəməsinin qərarlarından istifadə edirik. Bir misal çəkim. Azərbaycanın Mülki Məcələsində mənəvi zərər deyilən bir təzminat növü yoxdur. Bir çox hallarda insanın mənəvi zərərə məruz qalması halları ilə qarşılaşırıq. Bunlar təbii ki, ödənilir. Başa düşə bilmirəm ki, belə vacib bir məsələr niyə qanuna daxil edilməyib. Bəlkə yaddan çıxıb, yoxsa necə… Daha sonra Ali Məhkəmənin bununla bağlı plenum qərarı oldu. İndi də Mülki Məcəlləmizdə mənəvi zərərlə bağlı heç nə qeyd edilmir. Məhkəmə iddiaları zamanı Ali Məhkəmənin plenum qərarına istinad olunur.
Bəs, hüquq praktikada hansı problemlər mövcuddur?
– Praktikaya gəldikdə isə ilk növbədə Cinayət Prosessual Məcəlləsində qeyd olunmuş andlı iclasçıların tətbiqi ilə bağlı problemlərə toxunmalıyıq. Qanunvericiliyimizdə andlı iclasçılar olsa da, indiyə kimi bunu praktikada tətbiq edə bilməmişik. Vəkil üçün andlı iclasçıların olması çox yaxşı haldır. Qarşında 12 nəfər insan var. Sənin oradakı funksiyan onları inandırmaqdır. Burada sənin xarizman, biliyin, təcrübən, həmin insanları inandırmağın üçün böyük əhəmiyyət kəsb edir. Bizim sistemimizdə isə bir hakim var, onu inandıra bildinsə, udursan, bilmədində uduzmuş sayılırsan. Andlı iclasçılar olsa, məhkəmələrdə peşəkarların şansları daha çoxdur.
Digər problem alternativ ekspertizanın olmaması ilə bağlıdır. Ekspertizaların verilməsində bəzi hallarda ciddi qanunsuzluqlar müşahidə olunur. Tərəflərdən biri ekspertlə razılığa girə bilir. Birdən görürük ki, sağlam adam xəstəxanadan ölü çıxır. Ekspert rəy verir ki, həkimin günahı yoxdur. Hakimlər isə bu rəylərə istinad edərək xəstəxananın, həkimlərin günahsız olduğu qənaətinə gəlirlər. Buna görə də hesab edirəm ki, alternativ ekspertizalar olmalıdır.
– Uzun müddət pedoqoji fəaliyyətlə məşğul olmusunuz. Bu gün Azərbaycan universitetləri, xüsusən də Bakı Dövlət Universiteti peşəkar hüquqşünaslar yetişdirə bilirmi?
– Təəssüflər olsun ki, yetişdirə bilmirik. Bu, universitetlərin tədris metodlarından irəli gələn problemdir. Bəlkə də müəllim kolleqalarım inciyəcək, amma bunu deməliyəm. Əgər bir müəllim tələbəyə hansısa kitabdan mühazirə yazdırırsa, o, dələduzdur. Açıq deyirəm, tələbələrə mühazirə yazdıran müəllim dələduzdur, fırıldaqçıdır. Şifahi şəkildə 45 dəqiqə ərzində tələbələrə 30 səhifəlik məlumat çatdırmaq mümkündürsə, yazılı şəkildə bu ancaq 6-7 səhifə təşkil edə bilər. Buna görə də mühazirə yazdırmaqdan maksimum şəkildə uzaq qaçmaq lazımdır. Müəllim auditoriya qarşısına çıxmazdan əvvəl hərtərəfli hazırlaşmalıdır. Mən dekan olduğum dövrdə kənardan universitetə gələn müəllimlərə tapşırırdım ki, qətiyyən mühazirə yazdırmasınlar. Mən bu akademik fırıldağı əsla qəbul etmirəm. Kitabda olan şeyi tələbəyə niyə yazdırmalıdır axı? Müəllimin həmçinin borcudur ki, tələbələri dərs vəsaiti ilə təmin etsin. Bunun üçün əvvəllər yazdığı mühazirələri hazır vəziyyətdə tələbələrə təqdim edə bilər. Yəni hər il mühazirə yazdırmağa ehtiyac yoxdur. Amerikada hüquq dərsləri belə keçirilir: Tələbə bir gün əvvəl mövzudan xəbərdar olur, hazırlaşır, daha sonra isə müəllim auditoriyada dərsi danışır. Müəllim mövzunun özünü izah etmir, sadəcə olaraq mövzu haqqında danışır. Dərs müddətində müəllim tələbələrlə analitik məlumatlar bölüşür. Bizim universitetlərimizdə isə tələbələrə əzbərçilik öyrədilir. Bax, problem buradadır.
Mən bir dəfə ABŞ-da bir heyrətamiz hadisə ilə qarşılaşdım. Müəllim imtahan suallarını yazıb tələbələrə verdi ki, evdə yazıb gətirsinlər. Mən müəllimə yaxınlaşıb soruşdum ki, bunu necə edirsiniz, qorxmursunuz ki, köçürərlər? O, mənə dedi ki, bəzi əcnəbi tələbələrdə köçürmə hallarına rast gəlinir, amerikalılar isə nadir hallarda bu yola əl atırlar. Çünki amerikanlar bilirlər ki, köçürsələr universitetdən xaric oluna bilərlər. ABŞ-da hansısa tələbə köçürmə hallarına yol verirsə, dərhal universitetdən xaric olunur və bundan sonra həmin tələbənin hansısa digər etibarlı universitetlərə qəbul olmaq şansı da azalır.
– Bir tələbənin köçürmə halına görə universitetdən xaric olunması nə dərəcədə doğru addımdır?
– Amerikanların cəza sistemi çox şiddətlidir. Başdan sənə çox etibar edirlər, lakin o etibarı itirdiyin an səni şiddətli formada cəzalandırırlar. Tələbənin köçürməsi ilə bağlı mənim yanaşmam fərqlidir. Mən maksimum formada çalışmışam ki, tələbə köçürməsin. Cəzalarım yumşaq olub, amma imtahandan əvvəl çox ciddi tədbirlər görmüşəm. Şübhələndiyim şəxslərin cibini boşaldırdım. Bir növ, tələbəyə inamım yox idi. Amerikanlar isə bu məsələdə çox sərtdirlər. Əslində burada insan hüquqları baxımından çox pozuntu yoxdur. Bizdə də yumşaq və ağır cəzalar var.
– Bizdə ağır cəza hansıdır?
– Məsələn, dələduzluğa qarşı olan cəza. Bundan başqa bizdə mülki borclara görə həbs cəzası var ki, nə Avropada, nə də ABŞ-da belə bir cəza növü yoxdur. Tutaq ki, mənim 100 min manat borcum var. O borca görə mən Avropada ailəmin yaşadığı evi belə satmaq məvburiyyətindəyəm. Amma həmin borca görə mən qətiyyən həbs oluna bilmərəm. Bütün əmlaklarımı satsam belə, həbs yolverilməzdir. Bir sözlə, Avropada mülki borca görə heç kəs həbs oluna bilməz. Bunun ən rel nümunəsini bankların verdiyi kreditlərdə görə bilərik. Azərbaycanda həmin krediti ödəyə bilməyən vətəndaş həbs oluna bilər. Avropada və ABŞ-da isə belə bir qayda yoxdur. Onu da qeyd edək ki, Avropada zəmanətsiz heç kəsə borc verilmir. Borclu şəxsin evi yanmış olsa, bank həmin evin yerləşdiyi sahəni satır. Onu da nəzərə almaq lazımdır ki, yanğına qarşı siğortası olmayan evin girov qoyulması müqabilində bank kredit vermir. Evin mütləq siğortası olmalıdır.
– Azərbaycanda silah gəzdirmək, saxlamaq qadağandır. ABŞ-da isə əksinə, bunlara icazə verilir. Sizcə, ən doğru yanaşma hansıdır?
– Azərbaycanda pnevmatik silahlar gəzdirmək, saxlamaq qadağandır. Yivsiz ov silahları cinayət tərkibi yaratmır. Bu cür silahların ucunu kəsəndə cinayət məsuliyyətinə səbəb ola bilər. Ov silahları istər nəqliyyat vasitəsində, istərsə də əldə daşınarkən mütləq göstərilməlidir. Maşının arxa şüşəsinin yanında elə yerləşdirilməlidir ki, görünsün. Əslində mən bu qadağanın tətbiqinin tərəfdarıyam. Silah gəzdirə bilən insan cinayətkarlığa daha da meyillənə bilər. Məsələn, ABŞ-da bunun ciddi fəsadlarını görə bilirik. Bu yaxınlarda psixi pozğunluğu olan bir şəxs ətrafa atəş açaraq onlarla insanın ölümünə səbəb olmuşdu.
– ABŞ-dan söz düşmüşkən, bir sual verim. Bu ölkədə qaradərililər niyə açıq şəkildə diskriminasiyaya məruz qalır?
– ABŞ-da qaradərililərə qarşı diskriminasiya mövcuddur. Lakin mən bunu qınamıram. Bu ölkədə bir neçə dəfə cinayətə şahidlik etmişəm ki, hamısını qaradərililər törədib. Onlar çox kriminaldır. Məncə bu problem ABŞ-da məcburi orta təhsilin olmamasından qaynaqlanır. Məcburi orta təhsil olmadığına görə, qaradərililər təhsildən yayınırlar. Bu isə son nəticədə onların cinayətkarlığa meyillənməsinə şərait yaradır. Bu ölkədə qaradərili uşaqlar arasında keçirilən sorğuda məlum olmuşdu ki, onlar ən çox idmançı, repçi və narkotik alverçisi olmaq istəyirlər. Bir sözlə, oxumaq istəyən yoxdur. Deməli, diskriminasiyanın səbəbi qaradərililərin cinayətə meyilli olmasıdır ki, bunun da əsas səbəbi onların təhsil almamalarıdır. 50-60-cı illərə qədər dövlət səviyyəsində qara dərili insanlara qarşı ayrıseçkilik tətbiq edilirdi.
Onu da əlavə edim ki, ABŞ-da valideynin yazıb imzaladığı bir sənəd övladın orta məktəbi bitirməsinə dair arayış kimi qəbul oluna bilər. Valideyn ərizə yazır ki, övladının orta məktəbə getməsinə ehtiyac yoxdur, çünki o, övladının təhsili ilə evdə məşğul olacaq. Həmin imzalanmış sənəd o sənəd bizdəki attestatı əvəz edir.
– Sizcə, belə bir dövlətin özünü demokratiyanın beşiyi adlandırmağa haqqı çatırmı?
– İndiyə kimi ABŞ-a gedən heç kəs deməyib ki, oradakı demokatiyadan narazıdır.
– Bəs sadaladığınız polis zorakılıqları?
– Bunun səbəbi bayaq dediyim kimi, qaradərililərin təhlükəli olmasıdır. Polis öz həyatını xilas etmək istəyir.
– Sizcə, ölkəmizdə məcburi tibbi siğortanın tətbiqi üçün hansı tədbirlər görülməlidir?
– Çox təəssüf doğuran haldır ki, indiyədək ölkəmizdə məcburi tibbi siğortanın tətbiqi ləngiyir. Milli Onkologiya Mərkəzində insanların simasındakı ümidsizliyi görəndə adam dəhşətə gəlir. Bunun səbəbi tibbi siğortanın olmamasıdır. Tibbi siğortanın tətbiqi üçün ilk növbədə hesablamalar aparılmalıdır. Özəl və dövlət tibb mərkəzlərində xəstələrin statistikası aparılmalıdır. Elə xəstəliklər var ki, ömürdə bir dəfə olur, eləsi də var ki, hər il yaranır. Bunu dəqiq hesabladıqdan sonra bütün bu xəstəliklərin müalicəsi üçün büdcədə pul varmı. Əgər varsa, əladır. Yoxdursa, hesablanma aparılmalıdır ki, həmin pulu haradan əldə etmək olar.
– Ölkədə əksər insanlar mobil operatorların fırıldaqlarından cana doyub. Siz vətəndaşlarımıza nələri tövsiyyə edərdiniz?
– Məhkəməyə müraciət etsinlər. Bəzən mesaj gəlir ki, filan xidmətə abunə olmuşuq və buna görə 0.70 qəpik vəsait xərclənib və s. Bütün bunlar qanunsuzdur. Amma həm provayder, həm də mobil operator bilir ki, 70 qəpiyə görə görə heç kəs məhkəməyə müraciət etməyəcək. Amma sizi əmin edirəm ki, bu məsələyə görə kim məhkəməyə müraciət etsə, 100 faiz qalib gələcək. Vətəndaş məhkəmədə təkcə həmin qəpikləri yox, həm də digər xərclərini (məsələn, hüquqşünasa ödədiyi pulları) tələb edə bilər. Mən hakimlərin də bu məsələdə mobil operatorların tərəfini tutacağını inanmıram. Mənim iki dəfə mobil operatorlarla məhkəmə çəkişməm olub. Hər ikisində qalib gəlmişəm.
– Məlumdur ki, müstəntiqlərin apardığı istintaq araşdırması məhkəmənin çıxaracağı qərara böyük təsir edir. Bəs, siz müstəntiqlərin fəaliyyətindən razısınız?
– Normalda polisin işi cinayət işini araşdırmaqdır. Xaricdə bu işləri vəkillər aparır, yəni iş gedib polisə çıxmır. Polis cinayətkarla məşğul olmalıdır. İş polisə gələndən sonra başqa məcraya yönəlir. Dəfələrlə müstəntiqlərə demişəm ki, tərəfləri barışdırmağa cəhd etsinlər. Amma nəzərə almaq lazımdır ki, müstəntiqlərin işi çəx çətindir. Məsələn, mənim üçün 3 səhifə yazı yazmaq çox ağır gəlir. Müstəntiqlər isə bir işlə bağlı yüzlərlə səhifəlik material hazırlayırlar. Burada əlbəttə ki, insan faktoru da müəyyən rol oynayır. Məsələn, bəzən cinayət işi ilə bağlı 5 şahid yerinə, 2 şahid dindirilir. Bu, yolverilməzdir.
– Əvvəllər hüquq fakultəsini bitirənlər daha çox Prokurorluq orqanlarında, məhkəmə sistemində və digər yüksək qazanclı sahələrdə çalışmağa üstünlük verərdilər. Yəni vəkilliyə maraq çox zəif idi. İndi vəziyyət necədir?
– Pul olan yerdə maraq da olur. Bu gün isə vəkillik peşəsində yaxşı pul var.
– Amma vəkillər qazanclarından narazılıq edirlər…
– Bu dövlət hesabına olan vəkillərlə bağlıdır. Hansı ki, bir saat üçün 2 manat ödənilir. Ümumilikdə vəkillər yaxşı qazanırlar. Vəkil olmayan hüquqşünaslar isə yaxşı pul qazana bilmir. Çünki vəkillər cinayət işlərinə çıxa bilsələr də, nümayəndələr bunu edə bilmir. Düşünün ki, həbs olunmuş birinin yanına məhkəmənin hökmünə qədər yalnız vəkil və Ombudsman İnstitutunun əməkdaşları daxil ola bilər. Əksər vəkillər isə bunu müəyyən məbləğ qarşılığında edirlər. Ümumilikdə bir cinayət işinə görə 3-4 min manat pul alırlar. Nümayəndələr isə 4-5 ay davam edən məhkəmə prosesindən cəmi 500-600 manat qazanc əldə edə bilirlər. Bunu isə aya böləndə 50-60 manat pul edir.
– Bu gün nümayəndəlik fəaliyyəti ilə ehtiyaclarınızı ödəyəcək qədər qazana bilirsinizmi?
– Bu gün demək olar, heç nə qazanmıram. Nümayəndəlik institutu ləğv olunsa, gərək ölkəni tərk edəm. İnanın, hazırda Türkiyədə qazandığım pulları xərcləyirəm. Türkiyədə müəllim kimi fəaliyyət mgöstərərkən aylıq 4 min dollar qazanırdım.
– Yaxın dövrdə pedoqoji fəaliyyətlə məşğul olmağı düşünürsünüz?
– Yəqin ki, gələn semestrdən başlayacam.
– Yeni tikilən binalardan mənzil alan şəxslər bəzi hallarda fırıldaqlarla qarşılaşırlar. Bəzən görürük ki, mənzil bir neçə nəfərə satılır. Vətəndaşlara bu problemlə bağlı tövsiyyələriniz nələrdir?
– Bazar iqtisadiyyatının bir qaydası var. Hansısa şirkətlə iş görürsənsə, mütləq həmin şirkəti ətraflı araşdırmaq lazımdır. Vətəndaş evi almazdan əvvəl tikinti şirkətində belə halın olub-olmadığını araşdırmaq lazımdır. Nəzərə alınmalıdır ki, müqavilə ilə kooperativdəki eyni mənzili bir neçə nəfərə satmaq çox asandır. Bina tikilib qurtarmayıbsa, vətəndaşlar xüsusi olaraq diqqətli olmalıdırlar. Çıxarış olsa, problem yoxdur. Məsləhətim odur ki, yeni tikililər üçün ilkin qeydiyyat reyestri yaradılsın. Vətəndaş həmin portala daxil olaraq, almaq istədiyi mənzilin satılı-satılmadığını öyrənə bilər. Bu xidmət pullu olsa belə, vətəndaş yararlanacaq.
– İctimai fəaliyyətiniz gördüyünüz işlərə mənfi təsir göstərirmi?
– Mən öz prinsiplərilə yaşayan insanam. Bu yaxınlarda 10-cu sinifdə oxuyarkən yazdığım gündəlik əlimə keçdi. Gördüm ki, həyata baxış fəlsəfəm heç dəyişməyib. Hər bir insan vicdanı ilə barışıb yaşamalıdır. Mən də belə etmişəm. Bu vaxta qədər ictimai fəaliyyətimin çox zərərini görmüşəm.
Ceyhun Əhmədli
Femida.az
Müzakirə qapadılmışdır.