Prezident İlham Əliyevin 21 iyun 2024-cü il tarixində “Euronews”a verdiyi müsahibə Azərbaycanın enerji siyasətindəki əhəmiyyətli dəyişiklikləri və yaşıl enerjiyə keçid istiqamətindəki səmərəli addımları əks etdirir.
Ölkəmizdə mövcud olan yaxşı sərmayə mühiti ənənəvi enerjidən əldə olunan gəlirlərin bərpaolunan enerjiyə yönəldilməsi ilə yeni bir mərhələyə keçmişdir. COP29-a ev sahibliyi edəcək bir ölkə kimi Azərbaycan yaşıl enerjiyə keçid prosesində lider olmaq öhdəliyi daşıyır. Bu həm ölkə daxilində, həm də beynəlxalq aləmdə Azərbaycanın mövqeyini möhkəmləndirəcəkdir. “Masdar” kimi strateji tərəfdaşların Azərbaycanda ilk Günəş enerjisi stansiyasının açılışı keçməsi bu istiqamətdə atılan vacib addımlardan biridir. Perspektivdə isə 10 qiqavat gücünə qədər olan bərpaolunan enerji layihələri icra olunacaqdır. Bu, Azərbaycanın gələcəkdə yaşıl enerji sahəsində böyük bir oyunçu olacağını göstərir.
Azərbaycanın böyük beynəlxalq tərəfdaşları, o cümlədən “Masdar”, “ACWA Power” və BP ilə olan əlaqələri ölkəmizin enerji sektorundakı mövqeyini daha da gücləndirir. Bununla yanaşı, enerji ixracatı planlarımız bərpaolunan enerjinin əhəmiyyətini daha da artırır. Dövlətimizin başçısı Azərbaycanın bu sahədəki strateji mövqeyini gücləndirmək üçün milli enerji şəbəkəsini inkişaf etdirməli və beynəlxalq tərəfdaşlarla əməkdaşlığı daha da dərinləşdirməli olduğunu vurğulayır.
Azərbaycanın əsas məqsədi yaşıl enerjiyə keçid prosesində birliyi və həmrəyliyi təşviq etməkdir. Prezident İlham Əliyev COP29 zamanı və ondan sonra ölkəmizin sədrlik dövründə ölkələr və şirkətlər arasında müsbət bir mühitin yaradılması və planetin qorunmasına yönəlmiş əsas gündəliyə diqqət yetirilməsi üçün əhəmiyyətli bir rol oynayacağını vurğulayıb.
Bu açıqlamalar Azərbaycanın enerji sahəsindəki strateji mövqeyini və gələcək perspektivlərini aydın şəkildə ortaya qoyur. Azərbaycanın yaşıl enerji sahəsində liderlik etməsi yalnız milli səviyyədə deyil, beynəlxalq aləmdə də böyük əhəmiyyət kəsb edir. Bu istiqamətdə atılan addımlar ölkəmizin enerjidə davamlı inkişafını təmin edəcək və gələcək nəsillər üçün daha yaşıl və təmiz bir dünya mirası qoyacaqdır.
Müşfiq Məmmədli, Milli Məclisin deputatı
Müzakirə qapadılmışdır.