Azərbaycan-Misir respublikaları arasında əməkdaşlığın qədim tarixi kökləri var. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəlib. İlk olaraq bildirim ki, Yaxın Şərq bölgəsində yerləşən Misir Ərəb Respublikası 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini tanıyıb. 1993-cü ildə qarşılıqlı diplomatik əlaqələrin yaradılması haqqında protokola əsasən Misirin Bakıda, 1994-cü ilin yanvarında isə Azərbaycanın Qahirədə səfirlikləri açılıb. Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsində Misir Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib və üzv olduğu beynəlxalq təşkilatlarda ədalətli mövqeyini daim müdafiə edib.
Xeberle.com xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib. O, bildirib ki, ölkə rəhbərinin Qahirəyə sonuncu səfəri Misir-Azərbaycan əlaqələrinin inkişafına şübhəsizdir ki, böyük töhfə verəcək: “Eyni zamanda onu da vurğulayım ki, ölkələrimiz arasındakı siyasi dialoq müntəzəm xarakter daşıyır. Bu siyasi dialoq bundan sonra da davam ediləcək. Bütün beynəlxalq məsələlərdə iki ölkənin fikri üst-üstə düşür. Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində fəal çalışır, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq olunur, habelə İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində birgə səylər göstərilir.
Misirin dəstəyi ilə Azərbaycan dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etmişdir. Bu sədrliyin nəticəsində Hərəkat daha böyük imkanlara malik olmuşdur.
Qahirədə dövlətlərarası imzalanmış sənədlər, əldə edilmiş razılaşmalar ticarət dövriyyəni artıracaqdır. İlk növbədə, energetika, bərpaolunan enerji növlərinin istehsalı, neft sənayesi, əczaçılıq, alüminium sənayesi sahələrində və digər sahələrdə yaxşı nəticələr əldə etmək mümkün olacaq.”
Müzakirə qapadılmışdır.