Müşfiq Məmmədli: “Cəbrayıl şəhərinə ilk köç Böyük Qayıdış prosesinin real nəticəsidir”

502

“Cəbrayıl rayonunun işğaldan azad edilməsi Azərbaycan tarixində böyük bir dönüş nöqtəsi kimi yadda qaldı. 27 ildən sonra Cəbrayılın azad olunması təkcə strateji baxımdan deyil, həm də xalqımızın mənəvi qələbəsi kimi dəyərləndirilir. Bu döyüşlərin əhəmiyyəti ondan ibarət idi ki, düşmənin möhkəmləndirilmiş müdafiə xəttinin yarılması ilə yanaşı, digər işğalda olan ərazilərin azad edilməsi üçün də geniş imkanlar yarandı. Cəbrayıldan sonra Azərbaycan Ordusunun növbəti uğurları Zəngilan, Qubadlı və Laçın istiqamətlərində davam etdi, bu da Laçın dəhlizinin nəzarət altına alınmasını təmin etdi”.

Bu sözləri sumqayitxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli söyləyib.

Bu gün Cəbrayılın dirçəlişi üçün atılan addımların, iqtisadi inkişaf layihələrinin rayonun gələcək inkişafını təmin etdiyini deyən deputat əlavə edib: “Cəbrayıl rayonunda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Cəbrayılın işğaldan azad olunmasından sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazidə infrastruktur layihələri sürətləndirilmişdir. Rayonun elektrik təchizatı tam bərpa olunmuş, müasir yarımstansiya istifadəyə verilmişdir. Eyni zamanda, Araz Vadisi İqtisadi Zonası kimi strateji sənaye parkları yaradılmış və regionda iqtisadi inkişaf üçün geniş imkanlar formalaşdırılmışdır. Sənaye Parkının rezidentlərinin sayı getdikcə artır və bu, bölgədə iş yerlərinin açılmasına və sosial rifahın yüksəlməsinə səbəb olur.

Müşfiq Məmmədli bildirib ki, Cəbrayıl rayonunda yolların və kommunikasiyaların yenidən qurulması da xüsusi əhəmiyyət kəsb edir. Cəbrayıla yeni 4-6 zolaqlı yollar çəkilir ki, bu da vətəndaşların bölgəyə rahat və təhlükəsiz şəkildə səfər etməsinə şərait yaradır. Həmçinin, kəndlərin bərpası və Böyük Qayıdış proqramı çərçivəsində müasir yaşayış məhəllələri, məktəblər və uşaq bağçaları tikilir. Bu layihələr Cəbrayılın inkişafı ilə yanaşı, gələcək nəsillərin də orada rahat yaşayışını təmin edəcəkdir.

Cəbrayıl şəhərinə ilk köç karvanı Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq həyata keçirilən Böyük Qayıdış prosesinin əhəmiyyətli mərhələlərindən biridir. 2023-cü ilin 26 sentyabr tarixində Bakı şəhərinin Qaradağ rayonundan yola salınan ilk karvan işğaldan azad edilmiş ərazilərin yenidən məskunlaşdırılmasının real nəticəsidir. Respublikanın müxtəlif yerlərində müvəqqəti məskunlaşmış ailələr dövlət proqramı çərçivəsində müasir standartlarla yenidən qurulmuş Cəbrayıl şəhərinə köçürülərək, orada həyatlarını yenidən qurmağa başlayırlar. İlkin olaraq 36 ailədən ibarət 117 nəfər Cəbrayıla köçürülmüşdür ki, bu da Böyük Qayıdışın daha geniş miqyasda davam edəcəyinin göstəricisidir. Bu proses həm də vətəndaşların doğma torpaqlarına qayıdaraq orada dayanıqlı və təhlükəsiz həyat qurması üçün dövlətin gördüyü işlərin uğurlu nəticəsidir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər