MUSİQİ İLƏ YAZILAN BİR UĞUR HEKAYƏSİ

77

MUSİQİ İLƏ YAZILAN BİR UĞUR HEKAYƏSİ

Azərbaycan torpağı tarix boyu musiqi dahiləri yetişdirən müqəddəs bir mədəniyyət ocağı olub. Bu torpaq dünya musiqi xəzinəsinə böyük töhfələr vermiş dahi bəstəkarların və ifaçıların vətənidir. Bu ənənə bu gün də yaşayır, inkişaf edir və yeni nəsil istedadların sayəsində daha da zənginləşir.
Bu istedadlı gənclər arasında öz uğurları ilə diqqət çəkən və artıq beynəlxalq səhnələrdə Azərbaycan musiqi məktəbini layiqincə təmsil edən gənc pianoçulardan biri də Buta Maqsudovadır. Onun həyat yolu, qazandığı uğurlar və musiqiyə olan sonsuz sevgisi gənc nəslə ilham verən bir hekayədir.
2026-cı ilin 27 fevral – 2 mart tarixlərində Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən “Astana Star” Beynəlxalq Musiqi Festivalı müxtəlif ölkələrdən gəlmiş gənc və istedadlı musiqiçiləri bir araya gətirdi. Festivalda Fransa, Almaniya, Rusiya, Azərbaycan, Qazaxıstan, Ermənistan və Gürcüstan kimi ölkələrin nümayəndələri iştirak edirdilər. Bu festival beynəlxalq musiqi mühitində gənc istedadların üzə çıxarılması baxımından böyük əhəmiyyət daşıyır.
Belə mötəbər bir səhnədə Azərbaycanı təmsil edən gənc pianoçu Buta Maqsudova öz parlaq çıxışı ilə münsiflər heyətinin və tamaşaçıların diqqətini cəlb etməyi bacardı. O, Azərbaycan musiqisinin incilərindən biri olan “Arşın mal alan” operettasından hazırlanmış improvizasiya əsərini ifa etdi. Bu əsər tanınmış bəstəkar və pianoçu, respublikanın Əməkdar artisti Emil Əfrasiyab tərəfindən hazırlanmışdır. Buta Maqsudovanın ifasında bu əsər yeni nəfəs qazandı. Onun pianoda yaratdığı emosional rənglər, musiqinin incə çalarlarını ustalıqla ifadə etməsi və səhnədəki inamlı çıxışı münsifləri heyran qoydu. Nəticədə gənc pianoçu festivalın ən ali mükafatı – “Qran-Pri” mükafatına layiq görüldü. Bu qələbə Azərbaycan musiqisinin növbəti beynəlxalq uğurlarından biri kimi yadda qaldı.
Buta Maqsudova 25 avqust 2007-ci ildə Bakı şəhərində anadan olmuşdur. Lakin onun uşaqlıq və yeniyetməlik illəri Sumqayıt şəhərində keçmişdir. Sumqayıt Azərbaycanın gənc şəhərlərindən biri olsa da, burada mədəniyyət və incəsənət sahəsində böyük ənənələr formalaşıb. Məhz bu mühitdə böyüyən Buta hələ kiçik yaşlarından musiqiyə böyük maraq göstərməyə başlayıb. Onun pianoya olan sevgisi ailəsi tərəfindən dəstəklənmiş və beləliklə, Buta musiqi dünyasına ilk addımlarını atmışdır.
Buta Maqsudova musiqi təhsilinə Sumqayıt şəhər 2 nömrəli Bülbül adına Uşaq İncəsənət Məktəbində başlayıb. Bu məktəb Azərbaycan musiqi təhsilində xüsusi yeri olan sənət ocaqlarından biridir. Bir çox istedadlı musiqiçilər məhz bu məktəbdən yetişərək böyük səhnələrə çıxıblar. Buta burada təhsil aldığı illərdə böyük zəhmət və məsuliyyətlə çalışaraq müəllimlərinin diqqətini cəlb etmişdir. Onun musiqini hiss etmə qabiliyyəti, ritm duyumu və texniki bacarıqları qısa müddətdə inkişaf etmişdir. Nəticədə Buta Maqsudova bu məktəbi fərqlənmə diplomu ilə bitirmişdir.
Hər bir böyük uğurun arxasında zəhmət və fədakarlıq dayanır. Bu zəhmətin bir hissəsi isə müəllimlərin payına düşür. Buta Maqsudovanın musiqi yolunda onun ixtisas müəllimi Tamella Abdullayevanın xüsusi rolu olmuşdur. Tamella müəllim gənc pianoçunun istedadını erkən yaşlarında görmüş və onun inkişafı üçün böyük səylə çalışmışdır. Onun peşəkarlığı, tələbkarlığı və pedaqoji ustalığı Butanın formalaşmasında mühüm rol oynamışdır.
Buta Maqsudovanın ilk böyük uğuru hələ çox erkən yaşlarında əldə olunmuşdur. O, 7 yaşında olarkən Macarıstanda keçirilən beynəlxalq müsabiqədə iştirak edərək birinci yerə layiq görülmüşdür. Bu qələbə onun həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Həmin uğurdan sonra Buta müxtəlif ölkələrdə keçirilən beynəlxalq müsabiqələrdə iştirak etməyə başladı və ardıcıl qələbələr qazandı.
Buta Maqsudova musiqi təhsili aldığı illər ərzində müxtəlif respublika və beynəlxalq müsabiqələrdə iştirak etmişdir. Bu müsabiqələr onun üçün böyük təcrübə məktəbi olmuşdur. Bu günə qədər Buta 30-dan çox fəxri fərman və diplom qazanmışdır. O, dəfələrlə keçirilən müsabiqələrdə laureat və diplomant adına layiq görülmüşdür.
2018-ci ildə Buta Maqsudova “İlin ən yaxşı şagirdi” adına layiq görülmüşdür. Həmin ildə o, “Crystal Star Prague” beynəlxalq müsabiqəsində iştirak edərək 1-ci yeri qazanmışdır. Bu qələbə onun beynəlxalq və respublika musiqi aləmində tanınmasına yeni imkanlar yaratmışdır. Belə ki, Buta Maqsudova Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş gənc ifaçıların III Respublika müsabiqəsində uğurla iştirak etmişdir. Bu müsabiqədə o, laureat adına və fəxri fərmana layiq görülmüşdür.
2019-cu il də də Buta Maqsudovanın uğurları davam edir. Buta Maqsudova Soltan və İsmayıl Hacıbəyovların adına keçirilən müsabiqədə də iştirak etmişdir. O, bu müsabiqədə də gənc pianoçu kimi laureat adına layiq görülmüşdür.
Buta Maqsudova gənc pianoçu kimi dünyanın müxtəlif ölkələrində Azərbaycanı şərəflə təmsil edir. O, Amerika, Çexiya, Gürcüstan, İtaliya və bir çox başqa ölkələrdə keçirilən beynəlxalq müsabiqələrdə iştirak etmişdir. Bu müsabiqələrdə o, Azərbaycanı layiqincə təmsil etmiş və birinci yerlərə layiq görülmüşdür. Bu uğurlar Azərbaycan musiqisinin dünyada tanıdılmasına böyük töhfə verir.
Buta Maqsudovanın beynəlxalq uğurları arasında xüsusi yer tutan qələbələrdən biri də Tatarıstan Respublikasının Kazan şəhərində keçirilən “Kruqovorot Talantov” beynəlxalq müsabiqəsində qazandığı Qran-Pri mükafatıdır. Bu qələbə onun artıq beynəlxalq səviyyədə tanınan gənc ifaçılardan biri olduğunu göstərdi.
Hazırda Buta Maqsudova təhsilini Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən Sumqayıt Musiqi Kollecində davam etdirir. O, kollecin sonuncu kurs tələbəsidir. Bu illər ərzində o, həm təhsilini davam etdirir, həm də müxtəlif səhnələrdə çıxış edərək musiqi sənətini inkişaf etdirir. Onun qazandığı uğurlar artıq bir çox ölkələrin diqqətini cəlb etmişdir. Buta müxtəlif ölkələrdən təhsilini davam etdirmək üçün dəvətlər almışdır.
Buta Maqsudova öz istedadı və bacarığı ilə musiqi ifaçıları arasında Azərbaycanın gələcək musiqi ulduzu kimi tanınacağına böyük ümid yaradır. Bu gün Buta Maqsudova Azərbaycanın gənc pianoçuları arasında ən perspektivli ifaçılardan biri hesab olunur. Onun səhnə mədəniyyəti, texniki ustalığı və musiqini hiss etmə qabiliyyəti gələcəkdə daha böyük uğurlar qazanacağına inam yaradır.
Azərbaycan musiqi mədəniyyəti həmişə istedadlı gənclərə arxa durub və onları dünya səhnələrinə çıxarıb. Buta Maqsudova da bu ənənənin layiqli davamçılarından biridir.
Azərbaycan musiqisinin banisi sayılan böyük bəstəkar Üzeyir Hacıbəyovun adını daşıyan musiqi ocaqları ölkəmizin mədəni həyatında xüsusi yer tutur. Ümid edirik ki, istedadlı pianoçu Buta Maqsudova gələcəkdə təhsilini Üzeyir Hacıbəyov adına Konservatoriyada davam etdirəcək və Azərbaycan musiqi sənətinin inkişafına öz töhfəsini verəcəkdir. Biz gənc pianoçuya yeni yaradıcılıq uğurları, böyük səhnələr və alqışlarla dolu bir sənət yolu arzulayırıq. İnanırıq ki, Buta Maqsudovanın adı gələcəkdə Azərbaycan musiqi tarixində parlaq sənətkarlar sırasında qürurla çəkiləcək.

ARİF ƏRŞAD
yazıçı-publisist.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər