Müstəqilliyimizin 30 illiyi: Prezident İlham Əliyevin Sumqayıta 30 səfəri və tarixə düşən 30 hadisə

21093

✍ Eyvaz Qocayev

Sumqayıt yarandığı dövrdən etibarən müasir sənaye şəhərinə çevrilmək istiqamətində qazandığı uğurların miqyasını ildən-ilə genişləndirərək parlaq bir inkişaf yolu keçmişdir.

Respublikanın dövlət müstəqilliyinin bərpasından sonra, yəni 30 il ərzində Sumqayıt şəhəri sosial-iqtisadi yüksəliş dövrü yaşadı. Müvəffəqiyyətlə gerçəkləşdirilən dövlət proqramları və infrastruktur layihələr çərçivəsində mühüm obyektlər quruldu, mövcud müəssisələr qabaqcıl texnoloji avadanlıqla təchiz edildi, infrastruktur inkişaf etdirildi. Şəhər əhalisinin yaşayış səviyyəsi və həyat keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəldi.

Son 18 il ərzində Sumqayıt şəhərinin inkişafı Prezident İlham Əliyev tərəfindən diqqət mərkəzində saxlanıldı. Sumqayıtda bütün sənaye və infrastruktur obyektlərinin açılışlarında ölkə başçısı şəxsən iştirak etdi. Prezidentliyi dövründə cənab İlham Əliyev Sumqayıt şəhərinə 30 səfər edib ki, bu səfərlərin də hər biri Sumqayıt şəhəri üçün əlamətdar hadisələrlə yadda qalıb. Bu yazıda Prezident İlham Əliyevin 30 səfərinə və bu səfərlər çərçivəsində tarixə düşən 30 hadisəyə nəzər salacağıq.

  1. MDB məkanında analoqu olmayan elektrik stansiyası istifadəyə verildi

Prezident İlham Əliyev ölkənin inkişafının əsas istiqamətlərini müəyyən edərkən enerji təhlükəsizliyinin uzunmüddətli perspektivdə tam təmin olunması vəzifəsini qarşıya qoymuşdu. Bu vəzifə bir tərəfdən yeni generasiya gücləri yaratmaq və istehsal olunan elektrik enerjisinin həcmini sənayenin inkişaf perspektivlərini, istehlakçıların tələbatını və xarici bazarlara çıxış imkanlarını hesablamaqla artırmağı, digər tərəfdən elektrik enerjisinin istehlakçılara çatdırılmasında itkiləri minimuma endirməyi, hər bir istehlakçını fasiləsiz enerji ilə təminatını nəzərdə tuturdu.

Bu sahədə əsas problem elektrik enerjisi istehsalında, paylanmasında və sərfiyyatında itkilərin faizinin yüksək olması, kifayət qədər generasiya güclərinin olmaması və köhnə elektrik stansiyalarının resurslarının tükənməsində idi. Nəticədə paytaxt Bakı ilə yanaşı Sumqayıt şəhərində də vaxtaşırı olaraq elektrik enerjisi qıtlığı müşahidə olunurdu.

Göstərilən hədəflərə çatmaq üçün ötən illərdə ölkədə elektrik enerjisinin istehsalı və istehlakçılara çatdırılması sahəsində genişmiqyaslı proqramlar həyata keçirildi. Prezident İlham Əliyev Sumqayıt şəhərinə ilk səfərində – 12 avqust 2005 -ci ildə 506 MVt gücündə Sumqayıt Elektrik Stansiyasının təməli qoyuldu. Ölkə başçısı 2009-cu il noyabrın 19-da Sumqayıt Elektrik Stansiyasının açılışını etdi. Sumqayıt Elektrik Stansiyası şəhərin 60 illik yubileyinə mühüm töhfə olmaqla bərabər, Sumqayıt və Abşeron yarımadasının enerji təhlükəsizliyi üçün olduqca əhəmiyyətli idi.

Sumqayıt Elektrik Stansiyası bu gün də müasir tələblərə uyğunlaşdırılır, mühüm proqramlar reallaşdırılır. Prezident İlham Əliyev Sumqayıt şəhərinə son səfərində – sentyabrın 3-də Enerji sistemin Reabilitasiya Proqramı çərçivəsində inşa olunan “Sumqayıt” Elektrik Stansiyasının yeni estakada nasos stansiyasının açılışını etdi.

Reabilitasiya Proqramı çərçivəsində “Sumqayıt” Elektrik Stansiyasında əsas avadanlıqlar, generatorlar və digər qurğular əsaslı təmir olunub. Bununla yanaşı, stansiyanın mövcud su nasos stansiyası da əsaslı şəkildə yenidən qurulub. Aparılan yenidənqurma və əsaslı təmir işləri stansiyanın etibarlı və səmərəli fəaliyyətinə müsbət təsir göstərib. Belə ki, elektrik enerjisinin istehsalına sərf olunan şərti yanacağın həcminin azalması nəticəsində ildə 10 min ton yanacağa qənaət ediləcək. Beləliklə, Stansiyanın əsaslı təmirdən sonra yük artımı 20 meqavat olub.

  1. Sumqayıt şəhərinin dayanıqlı qaz təchizatı üçün mühüm layihə reallaşdırıldı

Prezident İlham Əliyevin ölkənin sosial-iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəlmiş siyasətinin istiqamətlərindən biri də qazlaşdırma səviyyəsinin yüksəldilməsi və bütün ölkə ərazisi üzrə əhalinin təbii qazla təminatının həyata keçirilməsi oldu. Bu məqsədlə ötən illər ərzində ölkədə qazlaşdırmanın miqyasını genişləndirməyə yönələn irimiqyaslı infrastruktur proqramları həyata keçirildi, minlərlə kilometr yeni qaz xətləri çəkildi, şəbəkələr yenidən quruldu.

Ötən dövr ərzində Sumqayıt şəhərində də bu istiqamətdə çox mühüm layihə reallaşdırıldı. 24 aprel 2020-ci il tarixində Prezident İlham Əliyev Sumqayıt şəhərinə çəkilən magistral qaz kəmərinin açılışını etdi. Sumqayıt bu gün Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzinə çevrilib. Sözsüz ki, inkişaf özü ilə bərabər yeni infrastrukturun formalaşmasını, elektrik enerjisi, qaz və su təchizatı sahəsində keyfiyyətinin yüksəldilməsini zəruri edir.

Son illər ərzində Sumqayıtda yeni sənaye müəssisələrinin yaradılması, şəhərin inkişafı qaza olan tələbatı artırmışdı. Bu da xüsusən qış aylarında Sumqayıt şəhərinin qazla təminatında müəyyən problemlər yaradırdı. Bu baxımdan aprelin 24-də cənab Prezidentin iştirakı ilə Sumqayıt şəhərinə çəkilən magistral qaz kəmərinin açılışı Sumqayıt şəhəri üçün mühüm əhəmiyyət kəsb edirdi. Bu qaz kəmərinin istifadəyə verilməsi həm əhalinin, həm də şəhərdə fəaliyyət göstərən sənaye müəssisələrinin qaza olan tələbatını ödəmiş olacaq.

Açılan yeni magistral qaz kəməri Sumqayıtda yaradılan sənaye klasterinin və yeni sənaye müəssisələrinin dayanıqlı qaz təchizatının gücləndirilməsi üçün xüsusi önəm daşıyır. O cümlədən əhalinin qış aylarında kəsintisiz olaraq təbii qazla təmini üçün olduqca mühüm əhəmiyyət kəsb edir. Bu layihənin həyata keçirilməsi Sumqayıtın müasir sənaye şəhəri kimi daha da inkişafı üçün böyük imkanlar yaradır.

  1. Onlarla müəssisə istifadəyə verildi, yeni iş yerləri açıldı

İqtisadi siyasətin mühüm tərkib hissəsi olan sənayeləşmənin həyata keçirilməsi nəticəsində Sumqayıt şəhərində də mühüm naliyyətlər əldə olundu. Sumqayıtda müasir sənaye infrastrukturunun yaradılması, yeni müəssisələrin fəaliyyətə başlaması nəticəsində ölkənin makroiqtisadi göstəricilərində şəhərin xüsusi çəkisi yüksəldi. Xüsusən son illər ərzində Sumqayıt şəhərində yeni sənaye sahələrinin yaradılması həm də tələbatın ödənilməsində yerli məhsulların payını əhəmiyyətli dərəcədə artırdı.Prezident İlham Əliyev Sumqayıt şəhərində istifadəyə verilən bütün müəssisələrin təməlqoyma və açılış mərasimlərində iştirak etdi.

29 dekabr 2006 -cı ildə Azkompozit boru istehsalı zavodu, 12 iyun 2007 -ci ildə Azərbaycan Alüminiumu ASC-nin Sumqayıt Alüminium istehsalat sahəsi, Dizayn-Genay Azərbaycan polietilen və polipropilen boru zavodu istifadəyə verildi. 24 aprel 2012 -ci ildə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən inşa olunmuş Azguntex zavodunun acılışı oldu.

03 may 2013 -cü il tarixdə “Gilan” Tekstil Parkı, 03 oktyabr 2013 – cü ildə isə Sumqayıt Kimya Sənaye Parkı ərazisində “Azərtexnolayn” MMC-in polad boru zavodu istifadəyə verildi.

25 fevral 2014 – cü il tarixdə “Azərsun Sənaye Parkı”nın nəzdində yaradılan Sumqayıt yağ fabriki, Azərbaycan kağız və karton istehsalat kombinatı və Mis emalı zavodu fəaliyyətə başladı.

Prezident İlham Əliyev 13 yanvar 2015 -ci il tarixdə “Alyans Tekstil” tikiş fabrikinin və Beton məmulatı zavodunun açılışnı etdi. 25 oktyabr 2015 -ci il tarixdə isə Etilen-polietilen zavodunda yeni qurğular işə salındı, Texniki avadanlıqlar zavodunun açılışı oldu.

15 dekabr 2017-ci ildə “Baku Steel Company” MMC-nin Sumqayıt boruyayma zavodunun yenidənqurmadan sonra açılışı oldu. Həmin tarixdə “Gilan Sənaye Qrupu”na daxil olan “Aqrokimya Azərbaycan” MMC-nin pestisidlər istehsalı zavodunun birinci mərhələsinin və Məlumatların emalı, qeydə alınması və ötürülməsi mərkəzinin – Data Mərkəzin açılışı oldu.

18 iyul 2018-ci ildə Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun, 16 noyabr 2018-ci il tarixdə isə Sumqayıt Kimya Sənaye Parkında inşaat kimyəviləri zavodunun , əlvan metallar və ferroərintilər zavodunun və tütün məmulatları istehsalı fabrikinin açılışı oldu.

Prezident İlham Əliyev 06 aprel 2020-ci il tarixdə Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin və mayın 12-də Sumqayıtda “Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışını etdi.

Ölkə başçısı 18 yanvar 2021-ci il tarixdə Kimya Sənaye Parkında iki zavodun təməlini qoydu, vərəqə şüşə istehsalı müəssisəsinin açılışını etdi. Prezident İlham Əliyev Sumqayıt şəhərinə sayca 30-cu səfərində isə Sumqayıt Kimya Sənaye Parkında “Azmonbat” MMC-nin açılışını etdi.

Beləliklə, ötən dövr ərzində həyata keçirilən uğurlu iqtisadi siyasətin nəticəsidir ki, bu gün Sumqayıt nəinki Azərbaycanın, bütün Qafqazın müasir sənaye mərkəzidir. Sumqayıtda hazırda onlarla müasir texnologiya əsasında işləyən sənaye müəssisələri fəaliyyət göstərir. Sumqayıt sənaye şəhəri kimi inkişafı, bu sahədə əldə olunmuş uğurlar şəhərin ümumi inkişafa mühüm təkan verdi.

  1. Ölkə iqtisadiyyatının daha da gücləndirilməsi üçün Sumqayıt Kimya Sənaye Parkı yaradıldı

Sumqayıt şəhərində ötən dövr ərzində həyata keçirilən ən önəmli layihələrdən biri də Sumqayıt Kimya Sənaye Parkının yaradılması oldu. İnnovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı, iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, ölkənin yerli və xarici investisiyalar üçün əlverişliliyinin artırılması, əmək qabiliyyətli əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il 21 dekabr tarixli Fərmanı ilə “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradıldı. 2013-cü il oktyabrın 3-də dövlət başçısının iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkının təməlqoyma mərasimi keçirildi.

Sumqayıt şəhərində yerləşən və nəhəng infrastruktura malik Sumqayıt Kimya Sənaye Parkının ərazisi 508,14 hektar təşkil edir. Sənaye parkının ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələri yaradılır. Hazırda sənaye parkında 24 rezident var və onlardan artıq 17-si fəaliyyət göstərir.

2015-ci il oktyabrın 25-də Sumqayıt Kimya Sənaye Parkının rezidentləri olan “Azertexnolayn” MMC-nin texniki avadanlıqlar zavodunun açılışında və “SOCAR Polymer” MMC-nin Yüksək sıxlıqlı polietilen zavodunun təməlqoyma mərasimi keçirildi. 2017-ci il dekabrın 15-də isə Sumqayıt Kimya Sənaye Parkında 3 müəssisənin təməlqoyma və 4 müəssisənin açılış mərasimləri keçirildi.

2018-ci il 18 iyulda Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan “SOCAR Polymer” MMC-nin Polipropilen istehsalı zavodunun açılışı oldu. Elə həmin il 16 noyabrda parkda yerləşən Ferroərintilər zavodunun, Siqaret fabrikinin və İnşaat Kimyəviləri Zavodunun açılışı həyata keçirildi.

2019-cu il 16 yanvarda parkda yerləşən Karbamid zavodunun, 2019-cu il 18 fevralda isə “SOCAR Polymer” MMC-nin Yüksək sıxlıqlı polietilen istehsalı zavodunun açılışı oldu.

Ölkə başçısı 2020-ci il 6 apreldə parkda yerləşən “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışını etdi. 2021-ci il 3 sentyabrda Sumqayıt Kimya Sənaye Parkında “Azmonbat” Məhdud Məsuliyyətli Cəmiyyətinin açılışı reallaşdırıldı.

Qeyd edək ki, Sənaye parkının rezidentləri üçün stimullaşdırıcı tədbirlər tətbiq edilir. Rezidentlər 10 il müddətinə əmlak, torpaq, mənfəət vergisi, eləcə də istehsal məqsədilə idxal olunan texnika, texnoloji avadanlıq və qurğulara görə ƏDV-dən və 7 il müddətinə gömrük rüsumlarından azad olunurlar. Bundan başqa, sənaye parklarında dövlət vəsaitləri hesabına müasir infrastruktur yaradılır, sahibkarların vəsaitlərini investisiya qoyuluşuna yönəltmələri təmin edilir.

  1. Cənubi Qafqazda və Azərbaycanda ilk texnologiya parkı Sumqayıtda yaradıldı

22 dekabr 2009-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Cənubi Qafqazda və Azərbaycanda yaradılmış ilk texnologiya parkının açılışı oldu. Sumqayıt Texnologiyalar Parkı regionda ərazisinə görə ən böyük sənaye məhsulları istehsal edən mərkəzlərdən biridir.

Hal hazırda 250 hektar ərazidə fəaliyyət göstərən STP-də 30 dan çox istehsalat sahəsi var və burada 2000 nəfərə yaxın işçi çalışır.

STP-nin istehsal etdiyi məhsullar Rusiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan Türkiyə bazarlarında yüksək keyfiyyəti ilə seçilir və “Made in Azerbaijan” brendi altında satılır. STP Azərbaycan Respublikasının iqtisadiyyatının stabil inkişafına öz tövhəsini verən ən iri vergi odəyicilərindən biridir.

  1. Ölkəmizdə ilk dəfə olaraq Sumqayıtda tibbi maska istehsalına başlanıldı

Koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə tibbi sənayenin inkişafı daha aktual mövzuya çevrildi. Ötən illərdə də bu sahədə müəyyən işlər görülsə də son baş verən hadisələr bu sahənin inkişafını daha da sürətləndirdi.

Sözsüz ki, uzunmüddətli sənayeləşmə siyasəti, əldə olunmuş uğurlar, mövcud sənaye potensialı imkan verdi ki, koronavirusla mübarizədə istifadə olunacaq tibbi vasitələrin istehsalı məhz ölkəmizdə həyata keçirilsin. Bu baxımdan Sumqayıt şəhərindəki mövcud potensial yeni sənaye sahəsinin – tibbi sənayenin inkişafına təkan vermiş oldu.

Qısa müddət ərzində məhz Sumqayıt şəhərində tibbi maska istehsalı müəssisəsinin açılışı baş tutdu. “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsi Sumqayıt Kimya Sənaye Parkının ərazisində müvafiq yerlə təmin edildi və ona Sənaye Parkının rezidenti statusu verildi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2020-ci il aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında müəssisənin açılışında iştirak etdi.

Ölkəmizdə ikinci istehsalat sahəsi də Sumqayıtda fəaliyyətə başladı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2020-ci il mayın 12-də Sumqayıtda “Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışında iştirak etdilər.

Beləliklə, bu cür müəssisələrin fəaliyyətə başlaması Azərbaycanın ixrac potensialının artırılmasına xidmət etməklə bərabər, qeyri-neft sektorunun inkişafı baxımından da böyük rol oynayır.

  1. Son 40 il ərzində Azərbaycanın neft-kimya sənayesində ilk dəfə olaraq Sumqayıtda “SOCAR Polymer” layihəsi reallaşdırıldı

“SOCAR Polymer” şirkəti 16 iyul 2013-cü il tarixində ölkənin kimya sənayesinin inkişafının sürətləndirilməsi məqsədi ilə təsis edildi. Şirkətin istehsalat obyektləri polipropilen (PP) və yüksək sıxlıqlı polietilen (YSPE) istehsal edən iki zavoddan ibarətdir. Həmin zavodlar Sumqayıt Kimya Sənaye Parkının (SKSP) ərazisində yerləşir. 184000 və 120000 ton illik istehsal gücünə malik olan PP və YSPE zavodları müvafiq olaraq 2018-ci ilin iyulunda və 2019-cu ilin fevralında istismara verildi. Polipropilen zavodunun açılış mərasimi Azərbaycan respublikasının prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə keçirildi.

Açılış mərasimində Prezident İlham Əliyevin çıxışından sitat: “Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bu gün Sumqayıtda yeni böyük sənaye müəssisəsinin açılışına toplaşmışıq. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. 2015-ci ildə, – mən o günü yaxşı xatırlayıram, – zavodun təməli qoyulub və qısa müddət ərzində nəhəng sənaye müəssisəsi yaradılıb. Deyə bilərəm ki, Azərbaycanın müasir tarixində bu ölçüdə və bu səviyyədə sənaye müəssisəsi tikilməmişdir”.

Beynəlxalq səviyyəli “SOCAR Polymer” layihəsi öz növü və miqyası baxımından son 40 il ərzində Azərbaycanın neft-kimya sənayesində həyata keçirilmiş ilk belə layihədir.

  1. Sumqayıtda nəhəng zavod işə salındı

Ötən dövr ərzində azot gübrəsi idxalından asıllığın aradan qaldırılması, yerli fermerlərin sərfəli qiymətlərlə azot gübrəsinə olan tələbatının ödənilməsi və nəticədə ölkədə kənd təsərrüfatının inkişafına əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması məqsədi ilə ölkəmizdə çox böyük bir layihə həyata keçirildi. “SOCAR karbamid” zavodu istifadəyə verildi.

Karbamid zavodunun layihəsi Prezident İlham Əliyevin 2008-ci ilin avqustunda imzaladığı Sərəncamla təsdiq edilmiş “2008-2015-ci illərdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na və “Sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na əsasən icra edildi. Təməli 2011-ci ildə dövlətimizin başçısı tərəfindən qoyulan zavodun inşasına, ümumilikdə, 3600 nəfərdən artıq işçi cəlb olundu.

16 yanvar 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş “SOCAR karbamid” zavodu istifadəyə verildi.

“SOCAR karbamid” zavodu hazırda ölkədə qeyri-neft sektorunda həyata keçirilmiş ən böyük layihədir və ümumi dəyəri təxminən 800 milyon avro təşkil edir.

Zavod il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.

  1. Qida məhsulları istehsal edən, müasir texnologiyalara əsaslanan sənaye müəssisələri açıldı

2004-2009-cu illəri əhatə edən regionların inkişafına dair Dövlət Proqramında qida sənayesinin inkişafı üçün önəmli tədbirlər nəzərdə tutuldu və həyata keçirildi. Nəticədə qida sənayesində sürətli inkişaf dövrü başladı. Regionların inkişafına dair 2009-2013-cü illəri əhatə edən ikinci Dövlət Proqramında da qida sənayesinin inkişafı əsas istiqamətlərdən biri kimi müəyyən edildi.

Sumqayıt şəhərində də bu istiqamətdə mühüm addımlar atıldı. 29 dekabr 2006 -cı il tarixdə Prezident İlham əliyev Bismak MMC-də Qida-Sənaye Kompleksinin istifadəyə verilməsi mərasimində iştirak etdi. 03 oktyabr 2013 – cü il tarixdə  “Sağlam qida” aqrar-sənaye kompleksinin, 25 fevral 2014 – cü il tarixdə isə “Azərsun Sənaye Parkı”nın nəzdində yaradılan Sumqayıt yağ fabrikinin açılışı oldu.

Beləliklə, Prezident İlham Əliyevin qeyri-neft sənayesinin inkişafına yönəlmiş siyasətinin nəticəsi olaraq açılan bu müəssisələr yeni iş yeri, kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin təmin edilməsi və əhalinin güzəranının yaxşılaşmasına öz müsbət təsirini göstərmiş oldu.

  1. Sumqayıt şəhərində tibbi xidmətin keyfiyyətinin artırılması əsas prioritet istiqamətlərdən oldu

İlham Əliyev 2003-cü ildə prezident seçiləndə əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması üçün konkret hədəflər müəyyən etdi. Bu hədəflərdən biri də ölkə əhalisinin keyfiyyətli səhiyyə xidmətinə çıxışının təmin olunması idi.

Son 18 ildə Azərbaycanda baş verən iqtisadi inkişaf və dövlətin maliyyə potensialının artması tibb müəssisələrinin yenidən qurulmasına imkan yaratdı. Bütün ölkə boyu tibb müəssisələrinin təmiri, yenidən qurulması və tibbi avadanlıqların yenilənməsi prosesi həyata keçirildi.

Ötən illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında regionlarda da səhiyyə sahəsində mühüm layihələr reallaşdırıldı, səhiyyə infrastrukturu yenidən quruldu. Əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəlməsi, sağlamlığının qorunması istiqamətində mühüm irəliləyişlər əldə olundu.

Ötən illər ərzində Sumqayıt şəhərində digər sahələrdə olduğu kimi səhiyyə sektorunda da genişmiqyaslı işlər həyata keçirildi. Səhiyyənin inkişafı ilə bağlı Sumqayıt şəhərində həyata keçirilən məqsədyönlü işlər əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsi istiqamətində irəliləyişlər əldə etməyə imkan verdi.

Prezident İlham Əliyev 12 avqust 2005-ci ildə Sumqayıt şəhərinə etdiyi ilk səfər zamanı digər mühüm açılışlarla yanaşı şəhərdə yeni fəaliyyətə başlayan tibb müəssisəsinin də açılışına qatıldı. Ölkə başçısı “Real-Med” diaqnostika sağlamlıq mərkəzi ilə tanış oldu.

Prezident İlham Əliyevin ölkə səhiyyəsini inkişaf etdirmək səylərində əsas prioritetlərdən biri köhnəlmiş səhiyyə müəssisələrinin yenidən qurulması və müasir tibb avdanlıqları ilə təchizatı oldu. Ötən dövr ərzində 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasının binası yenidən quruldu, ölkə başçısı burada aparılan əsaslı təmir və yenidənqurma işləri ilə yerində tanış oldu. Bu müalicə ocağının yenidənqurmadan sonra istifadəyə verilməsi şəhər sakinlərinin keyfiyyətli səhiyyə xidmətindən rahat istifadəsinə kömək etdi.

2 saylı Sumqayıt şəhər xəstəxanası uzun müddət istismar olunması nəticəsində əhaliyə keyfiyyətli tibbi xidmət göstərmək gücündə deyildi. Xəstəxananın yararsız vəziyyətdə olması bu tibb müəssisəsinin yenidən qurulmasını zəruri edirdi. Bunu nəzərə alaraq Prezident İlham Əliyev 2 saylı Sumqayıt şəhər xəstəxanasının yenidən tikilməsi və zəruri tibbi avadanlıqlarla təchiz edilməsi haqqında Sərəncam imzaladı. Artıq tikinti işlərinə başlanılıb. Qısa müddət ərzində xəstəxana tikilərək şəhər sakinlərinin istifadəsinə veriləcək.

Koronavirusla daha da effektiv mübarizə aparmaq üçün şəhər ərazisində yeni infrastrukturun yaradılması zərurəti yarandı. Ölkə başçısının tapşırığı əsasında qısa müddət ərzində Sumqayıt şəhərində modul tipli xəstəxana tikildi. Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Modul tipli xəstəxananın açılışı oldu.

  1. Gənclərin inkişafı prioritet istiqamətlərdən oldu

Prezident İlham Əliyev tərəfindən həyata keçirilən gənclər siyasətinin əsas istiqamətlərindən biri də bu sahə ilə bağlı infrastrukturun yaradılması oldu. Ötən dövr ərzində gənclərin inkişafı üçün təhsil, idman, əyləncə və digər infrastruktur layihələri həyata keçirildi.

Son dövrlərdə Sumqayıt şəhərində digər sahələrdə olduğu kimi, gənclər siyasəti istiqamətində də çox mühüm nailiyyətlər əldə edildi. Bütün bu uğurlar ölkəmizdə gənclər siyasətinin formalaşdırılması üçün həyata keçirilən ardıcıl tədbirlərin nəticəsi idi.

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, gənclərin intellektual və yaradıcı potensialının üzə çıxarılması, xüsusilə regionlarda yaşayan gənclərin fəallığının artırılması istiqamətində məqsədyönlü layihə və proqramlar həyata keçirildi. Bölgələrdə müasir tələblərə cavab verən sosial infrastruktur obyektlərinin və gənclər mərkəzlərinin, gənclər evlərinin istifadəyə verilməsi də məhz həmin məqsədlərə xidmət edirdi. Belə gənclər evlərindən biri də Sumqayıtda yaradıldı. Prezident İlham Əliyev 13 Yanvar 2015-ci il tarixdə Sumqayıtda Gənclər Evinin açılışını etdi.

Burada gənclərin potensialını üzə çıxarmaq və onu inkişaf etdirmək üçün bütün şərait yaradılıb.

Beləliklə, İlham Əliyevin prezidentliyi dövründə Gənclər Evlərinin yaradılması gənclərin qeyri-formal təhsilini, sağlamlığını, intellektual inkişafını, vətəndaşlıq tərbiyəsini, peşə yönümünü, müasir peşələrə marağını, ictimai fəallığını, eləcə də məlumatlandırılmasını, hüquqi və psixo-sosial dəstəyini təmin etmiş oldu.

  1. Yeni təhsil müəssisələri tikilərək istifadəyə verildi

Son illərdə dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə təhsil sahəsində aparılan islahatların uğurlu nəticələrindən biri də bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsidir. Ötən dövr ərzində Sumqayıt şəhərində təhsil infrastrukturunun yaradılması istiqamətində də mühüm işlər görüldü.

Şəhərin “İnşaatçılar” qəsəbəsində 1958-ci ildən fəaliyyət göstərən 9 nömrəli tam orta məktəbin binası uzun müddətdir qəzalı vəziyyətdə idi. Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən məktəbin binası tam sökülərək yerində müasir tələblərə cavab verən təhsil ocağı tikildi.

2021-ci sentyabrın 3-də Prezident İlham Əliyev Heydər Əliyev Fondu tərəfindən yeni inşa olunan 1100 şagird yerlik Sumqayıt şəhər 20 nömrəli tam orta məktəbdə yaradılan şəraitlə də tanış oldu. Təhsil müəssisəsində 42 sinif otağı, fənn kabinələri, laboratoriyalar, əmək və hərbi təlim otaqları, kitabxana, akt və idman zalları, yeməkxana yaradılıb.

Prezident İlham Əliyevin digər sərəncamı ilə Sumqayıt şəhərində 1 nömrəli tam orta məktəb sökülərək yerində müasir məktəb tikildi. Bu tədris ilində 1 nömrəli tam orta məktəb şəhər sakinlərinin ixtiyarına veriləcək.

Sumqayıtdakı 12-ci mikrorayonda yerləşən 21 saylı məktəbə əlavə olaraq, dördmərtəbəli yeni korpus inşa edildi, məktəbin mövcud binasının fasadı, dam örtüyü tamamilə yeniləndi. Məktəbin 540 şagird yerlik yeni korpusunda 21 sinif otağı var. Burada təlim-tədrisi yüksək səviyyədə aparmaq üçün hərtərəfli şərait var. İlham Əliyev Sumqayıtda qaçqın və məcburi köçkün ailələri üçün yeni yaşayış binaları kompleksinin açılışı zamanı bu təhsil müəsisəsində yaradılmış şəraitlə də tanış oldu.

Prezident İlham Əliyevin iqtisadiyyatın çoxşaxəli inkişafına yönəlmiş islahatlarının öz nəticələrini verməsi, Azərbaycanın dünyada ən sürətlə inkişaf edən ölkəyə çevrilməsi iqtisadiyyatın müxtəlif sahələrində ixtisaslı işçilərə tələbatı artırdı. Bu da peşə təhsilinin dirçəldilməsi, iqtisadi və sosial baxımdan səmərəli texniki peşə təhsili sisteminin formalaşdırılması, peşə təhsili verən müəssisələrin maddi-texniki bazasının gücləndirilməsi zərurətini meydana çıxardı. Bu zərurətdən irəli gələrək Sumqayıt Kimya Sənaye Parkının nəzdində Peşə Təhsil Mərkəzi yaradıldı. Prezident İlham Əliyev 14 sentyabr 2020-ci il tarixdə Peşə Təhsil Mərkəzinin açılışını etdi.

  1. Sumqayıtda mühüm mədəniyyət obyektləri istifadəyə verildi

Ötən illərdə Sumqayıt şəhərində bütün sahələr üzrə qeydə alınan sürətli inkişaf mədəniyyət sahəsini də əhatə etdi. Prezident İlham Əliyev Sumqayıt şəhərində digər sahələrin inkişafı ilə yanaşı şəhərin mədəni həyatının canlanmasına təkan verəcək layihələrə də üstünlük verdi.

Sumqayıt teatrının binası 50-ci illərdə istifadəyə verilmişdi. Uzun müddət təmirsiz qalan Teatr binasında keyfiyyətli tamaşalar göstərmək üçün əlverişli şərait yox idi. Ötən dövr ərzində şəhərdə həyata keçirilən önəmli mədəniyyət layihələrindən biri teatrın binasının müasir üslubda təmir olunması oldu.

Prezident İlham Əliyev 27 sentyabr 2016-cı il tarixdə Sumqayıt Dövlət Dram Teatrının binasında əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış oldu. Binanın müasir üslubda yenidən qurulması sakinlərin teatra marağının artmasına, şəhərin mədəni həyatının daha da canlanmasına təkan verdi.

Sumqayıt şəhərində çoxfunksiyalı və işlək bir mərkəzə ehtiyac duyulurdu. Müasir və çoxfunksiyalı Heydər Əliyev Mərkəzin tikintisinə başlanıldı və qısa müddətdə şəhər sakinlərinin ixtiyarına verildi. 27 sentyabr 2016-cı il tarixdə Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzinin yeni binasının açılışında iştirak etdi.

Sumqayıt şəhərində fəaliyyət göstərən musiqi məktəblərinin əksəriyyəti binaların birinci mərtəbəsində, baxımsız və keyfiyyətli tədris üçün yararsız vəziyyətdə idi. Müasir şəhər üçün müasir incəsənət məktəbinin olması sözsüz ki, lazım idi. Qarşıya qoyulmuş bu hədəfə də qısa müddətdə nail olundu. Şəhərdə üçmərtəbəli binadan ibarət Uşaq İncəsənət Məktəbi tikilərək şəhər sakinlərinin ixtiyarına verildi. 27 sentyabr 2016-cı il tarixdə Uşaq İncəsənət Məktəbinin də açılışı oldu.

1986-cı ildə istifadəyə verilmiş “Kimyaçı” Mədəniyyət Sarayının da əsaslı təmirə ehtiyacı var idi. Prezident İlham Əliyevin tapşırığı ilə “Kimyaçı” Mədəniyyət Sarayı qısa müddətdə təmir olundu. Saraydakı 750 tamaşaçı yerlik konsert zalı yüksək səviyyədə quruldu. Həmçinin binada qonaq, qrim və rejissor otaqları yaradıldı. Sahəsi 270 kvadratmetr olan rəqs zalı, kafe və dərnək otaqları da mədəniyyətsevərlərin ixtiyarına verildi. Ölkə başçısı 15 dekabr 2017-ci il tarixdə Kimyaçı Mədəniyyət Sarayının binasında əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış oldu.

Sumqayıt şəhərinin 70 illiyi ərəfəsində Sumqayıt sakinlərinin asudə vaxtlarını mənalı və səmərəli keçirmək məqsədilə fəaliyyət göstərən mədəni-sosial obyektlərin siyahısına daha biri əlavə olundu. 2019-cu il noyabrın 21-də Prezident İlham Əliyev Sumqayıta səfəri çərçivəsində müasir kinoteatrın açılışını etdi. Elə həmin tarixdə Sumqayıt şəhərində Muğam Mərkəzi istifadəyə verildi. Dövlətimizin başçısı tamaşaçı tutumu 400 nəfər olan Muğam Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.

Beləliklə ötən dövr əzrində Sumqayıt şəhərində mədəniyyətin bütün sahələrində zəruri infrastrukturun, şəraitin, maddi-texniki bazanın yaradılması və inkişaf etdirilməsi təmin olundu.

  1. Sumqayıtda müasir idman infrastrukturu yaradıldı

Prezident İlham Əliyev ötən dövr ərzində Azərbaycanı idman ölkəsinə çevirməyi qarşıya məqsəd kimi qoydu. Bu məqsədə çatmaq üçün ölkə boyu müasir idman infrasrukturunun yaradılmasını həyata keçirdi.

Prezidentin sərəncamları əsasında Sumqayıt şəhərində də yeni, müasir idman infrastrukturu obyektləri tikildi, eyni zamanda yararsız vəziyyətə düşmüş köhnə idman bazaları təmir olundu və ya yenidən quruldu.

Azərbaycan Prezidentinin göstərişinə əsasən Sumqayıt şəhərində müasir Olimpiya İdman Kompleksi inşa olundu. 19 dekabr 2011 tarixdə Sumqayıt Olimpiya İdman Kompleksi istifadəyə verildi. Açılış mərasimində Prezidenti İlham Əliyev və Mehriban xanım Əliyeva iştirak etdi.

Elə həmin il 07 iyul 2011 -ci il tarixdə 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin əsaslı təmir və yenidənqurmadan sonra açılışı oldu.

Digər idman növərində olduğu kimi Sumqayıt şahmat sahəsində də uğurları ilə seçilir. Sumqayıt şahmat məktəbinin yetirmələri bu gün dünya miqyasında uğurları ilə tanınır. Belə olan halda şəhərin şahmat məktəbinin baxımsız və yararsız bir məkanda yerləşməsi heç də yaxşı hal deyildi. Bu sahədə də yeniliyə, yeni və müasir şahmat məktəbinə ehtiyac duyulurdu. Qısa müddət ərzində şəhərin Heydər Əliyev Parkı ərazisində ikimərtəbəli Şahmat Məktəbi tikilərək istifadəyə verildi. 27 sentyabr 2016-ci il tarixdə Prezident İlham Əliyev Şahmat Məktəbinin açılışında iştirak etdi.

Ötən dövr ərzində Sumqayıtın idman ictimaiyyətini, şəhər sakinlərini sevincinə səbəb olan addımlardan biri də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulması ilə bağlı verilmiş sərəncam oldu. Sumqayıtın 70 illiyində – 21 noyabr 2019 –ci il tarixdə Prezident İlham Əliyev şəhər stadionunun yenidən qurulması ilə bağlı sərəncam imzaladı.

Hazırda idman arenası beynəlxalq standartlara uyğun inşa edilir. Bu da staionda ölkə və beyynəlxalq əhəmiyyətli oyunların keçirilməsinə imkan verəcək.

  1. MDB məkanında ilk dəfə olaraq Sumqayıtda Paralimpiyaçılar üçün kompleks tikildi

Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu idman siyasəti nəticəsində ölkəmiz Paralimpiya idman növləri sahəsində də çox böyük uğurlar əldə edir. Sözsüz ki, bu ğurların əldə olunmasında bu sahədə yaradılmış mövcud idman infrastrukturu çox mühüm rol oynayır. MDB məkanında ilk dəfə olaraq , məhz Sumqayıt şəhərində Paralimpiyaçılar üçün yüksək səviyyədə, beynəlxalq standartlara uyğun şəkildə idman kompleksi tikilərək istifadəyə verildi. Prezident İlham Əliyev 2008-ci ilin avqust ayının 28-də Sumqayıt şəhərində inşa edilmiş Paralimpiya İdman Kompleksinin açılışını etdi.

Sumqayıt şəhərində yerləşən kompleksdə respublika və beynəlxalq səviyyəli yarışların keçirilməsi, təlim-məşq toplanışlarının təşkili üçün hər cür şərait yaradılıb. Kompleksin ümumi ərazisi 2,25 hektardır. Kompleksə müasir avadanlıqla təchiz olunmuş 130 nəfərlik akt salonu, trenajor, əl oyunları, böyük və kiçik atıcılıq zalları, açıq futbol və voleybol meydançaları, qapalı üzgüçülük hovuzu daxildir. Burada əlillərin sərbəst hərəkəti üçün lazımi şərait yaradılıb, müasir tipli liftlər quraşdırılıb.

Qeyd edək ki, Tokio-2020 oyunlarında Sumqayıtlı paralimpiyaçıları da yüksək nəticələr göstərdi. İdmançılarımız 2 qızıl və 3 bürünc medalla vətənə döndülər. Onlar Prezident İlham Əliyev tərəfindən müxtəlif dərəcəli ordenlərlə mükafatlandırıldılar.

  1. Sumqayıt şəhərində şəhid aillələri və müharibə iştirakçıları üçün yeni yaşayış binaları istifadəyə verildi

Şəhid ailələrinin və müharibə iştirakçılarının sosial təminatının gücləndirilməsi son 17 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən sosial siyasətin əsas prioritet istiqamətlərindən birini təşkil edib.

Sumqayıt şəhərində də Qarabağ müharibəsində sağlamlığını itirənlər və şəhid ailələri daim dövlət başçısının diqqət və qayğısı ilə əhatə olunub. Vətənimiz uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, qazilərimizə diqqət, bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin sosial siyasətinin əsas tərkib hissələrindəndir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 12 avqust 2005-ci il, 28 avqust 2008-ci il, 24 dekabr 2012-ci il tarixlərində Sumqayıt şəhərində əlil və şəhid aillələri üçün yeni yaşayış binaları istifadəyə verildi. Bu siyasət bu gün də davam etdirilir.

  1. Sumqayıt şəhərində məcburi köçkünlərin problemləri də diqqət mərkəzində saxlanıldı

Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi qayğı ilə yanaşır, bu məsələni daim diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısı qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həllini dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edib. Son illərdə qaçqınlar və məcburi köçkünlər üçün bütün zəruri infrastrukturla təchiz olunmuş qəsəbələr salınıb, çoxmərtəbəli binalar inşa olunub. Sumqayıt şəhərində də bu istiqamətdə çox mühüm layihələr həyata keçirilib.

Şəhərin mərkəzində qaçqın və məcburi köçkün ailələri üçün yeni yaşayış binaları kompleksi inşa olundu. 27 dekabr 2018-ci il tarixdə Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak etdilər. Xüsusi memarlıq üslubunda və müasir səviyyədə inşa olunan kompleksdə 1005 qaçqın və məcburi köçkün ailəsi mənzillərlə təmin olundu.

Bununla yanaşı 24 dekabr 2018-ci il tarixdə Sumqayıt stansiyası massivinin yaxınlığında Sumqayıt şəhərində müvəqqəti məskunlaşmış 1000 məcburi köçkün ailəsi üçün salınmış yeni yaşayış kompleksi istifadəyə verildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak etdilər.

  1. Sumqayıtda müasir yol infrastrukturu yaradıldı

Ötən dövr ərzində Sumqayıt şəhərində yol infrastrukturunun inkişafı Prezident İlham Əliyev tərəfindən diqqət mərkəzində oldu.

Sumqayıt şəhərində müstəqillik illərindən bəri həllini gözləyən əsas problemlərdən biri də yol infrastrukturunun yenilənməsi idi. Uzun müddət asfalt üzü görməyən yolların bərpası və yenidən qurulması ötən dövr ərzində əsas inkişaf istiqamətlərindən biri oldu.

Yalnız mərkəzi küçələr deyil, məhəllədaxili yolların, ətraf qəsəbələrdəki mövcud yol infrastrukturunun bərpası həllini gözləyən tədbirlər planına daxil olundu. Ötən illər ərzində 50-ə yaxın prospekt və küçədə, bir o qədər də məhəllə və mikrorayonda ardıcıl olaraq asfaltlanma işləri aparıldı.

Son illərdə Sumqayıt şəhərində mövcud yolların təmir olunması ilə yanaşı yeni yolların salınması ilə də yadda qaldı.

  1. Sumqayıtda nəqliyyat sektorunun inkişafı ilə bağlı “Pilot layihə”nin icrasına başlanıldı

Əhalisinin sayı yarım milyonu haqlayan şəhər üçün vacib olan məsələlərdən biri də müasir nəqliyyat infrastrukturunun yaradılması, bu sahədə idarəetmənin təkmilləşdirilməsi, sərnişin daşınması sahəsində rahatlığın təmin olunması idi.

Prezident İlham Əliyev Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında 7 dekabr 2015-ci il tarixində fərman imzaladı. Sərəncamla Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi yaradıldı. Sumqayıt şəhərinin inzibati ərazisində “Pilot layihə” çərçivəsində sərnişin daşınmasının inkişafı ilə bağlı işlərin icrasına başlanıldı.

Müasir tələblərə cavab verən nəqliyyat vasitələri olmadan sözsüz ki, yuxarıda qeyd etdiyimiz məsələlərin həllinə nail olmaq mümkün deyildi. Ötən dövr ərzində Sumqayıtda 200-dən çox Türkiyə istehsallı olan, müasir tələblərə cavab verən avtobuslar şəhərimizə gətirilərək marşrut xətlərinə buraxıldı.

Ölkə rəhbərinin yaxından köməyi sayəsində əhaliyə göstərilən nəqliyyat xidmətinin yaxşılaşdırılması məqsədilə xırda tutumlu, istismara yararsız, ekoloji tələblərə cavab verməyən nəqliyyat vasitələri xətlərdən çıxarıldı. Beləliklə, şəhər sakinlərini gündəlik narahat edən problemlərdən biri də həll olundu.

  1. Bakı-Sumqayıt sürət qatarı istifadəyə verildi

Ötən dövr ərzində Sumqayıtlılar üçün əlamətdar hadisələrdən biri də Bakı-Sumqayıt sürət qatarının istifadəyə verilməsi oldu.

Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən sürət qatarının istifadəyə verilməsi şəhər sakinlərinin işini xeyli asanlaşdırdı. Sahəsi 10 min kvadratmetr olan beşmərtəbəli Sumqayıt vağzalının binası yararsız halda olduğu üçün sökülərək yerində müasir tələblərə cavab verən Sumqayıt Dəmir Yolu Vağzalı Kompleksi tikildi. Prezidenti İlham Əliyev 16 noyabr 2018-ci il tarixində Sumqayıta səfəri çərçivəsində Dəmir Yolu Vağzalı Kompleksinin açılışında da iştirak etdi.

Beləliklə, Bakı-Sumqayıt sürət qatarının istifadəyə verilməsi ilə şəhər sakinlərinin daha bir arzusu gerçəkləşdi.

  1. Sumqayit parklar şəhərinə çevrildi

Ötən dövr ərzində Sumqayıt şəhərində mövcud bütün parklar əsaslı təmir olundu. İnsanların rahat istirahəti üçün şərait daha da yaxşılaşdırıldı.

Prezident İlham Əliyev 28 avqust 2008 -ci il, 07 iyul 2011 -ci il, 24 dekabr 2012 -ci il, 25 fevral 2014 – cü il, 13 yanvar 2015 -ci il tarixlərində şəhərin ən böyük parklarından olan Nəsimi adına mədəniyyət və istirahət parkında oldu. Ölkə başçısı səfərlərində burada aparılan yenidənqurma işləri ilə tanış oldu, tapşırıq və tövsiyələrini verdi.

Ötən dövr ərzində şəhərin mərkəzində mövcud əsas parklardan biri – Heydər Əliyev parkı tamamilə yenidən quruldu. Parkın ərazisi 8 hektardan 10 hektara qədər genişləndirildi, burada genişmiqyaslı işlər görüldü. Park şəhərin ən gözəl parklarından birinə çevrildi. Prezident İlham əliyev 27 sentyabr 2016-ci il tarixdə burada görülmüş işlərlə yaxından tanış oldu.

15 dekabr 2017-ci il tarixdə isə ölkə başçısı Lüdviqshafen parkında yenidənqurmadan sonra görülən işlərlə tanış oldu.

Beləliklə bu sahədə görülən işlər sakinlərin rahatlığı, asudə vaxtlarının daha da səmərəli təşkili məqsədi daşımaqla yanaşı, müasirləşən Sumqayıtın gözəlliyinə əlavə çalarlar qatmış oldu.

  1. Sumqayıt və sumqayıtlılar üçün möcüzə – Sumqayıt Bulvarı istifadəyə verildi

“Mən çox istəyirdim ki, Sumqayıtda Bakı bulvarına bənzər bir bulvar olsun. Bu gün biz buna nail olduq. Sumqayıt bulvarı cəmi bir il ərzində, bəlkə də ondan da az bir vaxtda yaradılıb. Məsafəsi dörd kilometrdən çox olan bu bulvar göz oxşayır. Burada həm plyaj, həm də bulvar hissələri var, yol çəkilib və bütün infrastruktur, istirahət zonaları yaradılıb. Əminəm ki, bulvar Sumqayıt sakinlərini və şəhərin qonaqlarını sevindirəcək. Bu, nəyi göstərir? Bu, onu göstərir ki, biz Azərbaycanda istənilən işi görə bilərik” Bu fikirləri Prezident İlham Əliyev 27 sentyabr 2016-cı il tarixdə Sumqayıt bulvarının açılışından sonra Sumqayıtda şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı səsləndirmişdi. Ölkə başçısının bulvarla bağlı söylədiyi fikirlərdən də göründüyü kimi, Sumqayıtda bulvarın olması şəhər sakinləri ilə yanaşı, ölkə rəhbərliyinin də arzusu olmuşdur. Bir faktı da qeyd edək ki, hələ 1974-cü ildə Sumqayıt şəhərinin 25 illik yubileyi tədbirində Ümummilli Lider Heydər Əliyev çıxışı zamanı Sumqayıtda dənizkənarı bulvarın yaradılması arzusunu səsləndirmişdi.

Prezident İlham Əliyevin möcüzə adlandırdığı Sumqayıt Bulvarı bu gün şəhər sakinlərinin və qonaqların ən çox ziyarət etdiyi məkanlardan biridir.

  1. Sumqayıtın lift infrastrukturu yeniləndi

Sumqayıt şəhərində çoxmənzilli yaşayış binalarının sakinlərini ən çox narahat edən problemlərdən biri də liftlərin yenilənməsi ilə bağlı idi. Sovet dövründən yenilənməyən liftlər əhalini haqlı narazılığına, narahatlığına səbəb olurdu.

Prezident İlham Əliyev “Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi” ilə bağlı verdiyi sərəncamlar əsasında qısa müddət ərzində şəhərin lift təsərrüfatı yeniləndi.

Lift təsərrüfatının maddi texniki bazasının möhkəmləndirilməsi məqsədilə əhalinin liftdən təhlükəsiz istifadə etməsinin təmin olunması məqsədilə istismar müddətini ötmüş 500-dən çox lift yenisi ilə əvəz olundu.

Sumqayıt şəhərində lift təsərrüfatının yenilənməsi bu sahədə daha böyük uğurların əldə olunması üçün yeni imkanlar yaratdı. Görülmüş işlər nəticəsində Azərbaycanda ilk dəfə olaraq Sumqayıtda lift xidmətinin İntellektual İdarəetmə Mərkəzi fəaliyyət göstərir. Beləliklə, şəhər sakinlərini ən çox narahat edən məsələlərdən biri də öz həllini tapmış oldu.

  1. Sumqayıtda “dam örtüyü” problemi aradan qaldırıldı

Prezident İlham Əliyevin xüsusi diqqəti və qayğısı nəticəsində şəhərdə həllini tapan əsas sosial problemlərdən biri də dam örtüklərinin vurulması və yenilənməsi ilə bağlı oldu. Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi ilə bağlı Prezident İlham Əliyevin verdiyi sərəncamlar əsasında şəhərin mənzil fonduna aid olan 1200-ə yaxın çoxmənzilli yaşayış binalarının dam örtüyü vuruldu.

Beləliklə, şəhər sakinlərinin mütləq əksəriyyətini bir başa narahat edən daha bir əsas problem öz həlini tapmış oldu.

  1. Sumqayıtda müasir işıqlandırma sistemlərinin quraşdırıldı

Son illərdə uğurla həyata keçirilən dövlət proqramlarının icrası nəticəsində Sumqayıt şəhərində mühüm infrastruktur layihələri həyata keçirildi, kommunal və sosial xidmətlərin həcmi və keyfiyyəti daha da yaxşılaşdırıldı, abadlıq işləri geniş vüsət aldı.

Bu tədbirlərin davamı olaraq, növbəti dövrlərdə də əhalinin elektrik enerjisi ilə təminatında, habelə küçə və prospektlərin işıqlandırılmasında idarəetmə, nəzarət, ölçmə və hesabatlılıq, habelə enerji sərfiyyatına və xidmət xərclərinə qənaət kimi üstünlükləri olan, intellektual idarəetməyə əsaslanan işıqlandırma sistemlərinin quraşdırılması istiqamətində mühüm layihə reallaşdırıldı.

Sumqayıt şəhərində ən müasir və qabaqcıl texnologiyaların imkanlarından istifadə etməklə enerjiyə qənaətə imkan verən və enerji səmərəliliyini artıran, fasiləsiz işıqlandırmanı təmin edən müasir işıqlandırma sistemlərinin quraşdırılması məqsədilə Prezident İlham Əliyev 2 iyun 2020-ci il tarixdə sərəncam imzaladı. Qısa müddət ərzində bu sahədə genişmiqyaslı işlər həyata keçirildi.

Yeni və müasir işıqlandırma sistemləri funksionallığı ilə yanaşı, şəhərin estetik görünüşünü də dəyişərək onun simasını müasir çalarlarla daha da zənginləşdirir.

  1. Sumqayıt “Cümə” məscidi əsaslı təmir olundu

Sumqayıt “Cümə” məscidinin inşasına 1991-ci ildə şəhər sakinlərinin vəsaiti hesabına başlanılmışdı. Fəaliyyət göstərdiyi müddət ərzində dəfələrlə yenidənqurma və təmir işləri aparılsa da məsciddə əsaslı təmir işlərinin aparılması zərurəti yaranmışdı.

2011-ci ilin iyulunda Prezident İlham Əliyev məsciddə oldu, Prezidentin tapşırığına əsasən, məscid əsaslı təmir edildi. Burada 34 metr hündürlüyündə minarə inşa olundu. Məscidin daxilində və ətrafında təmir işləri həyata keçirildi.

Əsaslı təmir və yenidənqurmadan sonra 3 may 2013-cü ildə Prezident İlham Əliyev Sumqayıt “Cümə” məscidini ziyarət etmiş, dindarlar üçün yaradılmış şəraitlə yaxından tanış oldu.

  1. Ölkəmizdə ilk “Asan Xidmət” mərkəzlərindən biri Sumqayıtda açıldı

Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfərləri zamanı dəfələrlə vurğulamışdır ki, Sumqayıtda ölkəmizin paytaxtına xas olan bütün standartlar tətbiq olunmalıdır.

Ötən dövr ərzində Sumqayıt şəhərində digər sahələrdə olduğu kimi, xidmət sektorunada da önəmli addımlar atıldı. 2013-cü il mayın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sumqayıt “ASAN xidmət” mərkəzinin açılışını etdi. Beləliklə, Bakıdan üç ay sonra “ASAN xidmət” məhz Sumqayıt şəhərində istifadəyə verildi.

Sumqayıt “ASAN xidmət” mərkəzi nəinki Sumqayıt sakinlərinə, eyni zamanda, Abşeron, Siyəzən, Şabran və Xızı rayonlarının sakinlərinə xidmət göstərir. Əhaliyə daha keyfiyyətli xidmətin göstərilməsi məqsədi ilə 2019-cu ildə Prezident İlham Əliyev Sumqayıt şəhərində yeni “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzaladı. Hazırda Sumqayıt Bulvarının ərazisində yeni “ASAN xidmət” mərkəzinin tikintisi işləri həyata keçirilir.

  1. Sumqayıt Məhkəmə Kompleksi istifadəyə verildi

Konseptual baxımdan yeni olan, öz funksionallığı ilə fərqlənən və altı məhkəməni – Sumqayıt apellyasiya, regional inzibati, kommersiya və ağır cinayətlər, Sumqayıt şəhər, eləcə də müvəqqəti olaraq Qubadlı rayon məhkəmələrini əhatə edən Sumqayıt Məhkəmə Kompleksində innovasiyalar və digər avadanlıqlarla təchiz olunmaqla yaradılan müasir şərait təxminən 1 milyon 460 min əhaliyə rahat və əlçatan, keyfiyyətli məhkəmə xidmətlərinin göstərilməsinə yönəlib.

Prezident İlham Əliyev Sumqayıt şəhərinə 30-cu səfərində – sentyabrın 3-də Sumqayıt Məhkəmə Kompleksinin açılışını etdi, binada yaradılan şəraitlə tanış oldu.

Beləliklə, “Bir qapı” prinsipi ilə fəaliyyət göstərəcək məhkəmə kompleksi ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə, vətəndaşların müraciət imkanlarının asanlaşdırılmasına xidmət edəcək.

  1. Regionlarda ilk dəfə olaraq Sumqayıtda güzəştli mənzil layihəsi həyata keçirildi

Azərbaycan vətəndaşının sosial məsələlərinin həlli, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması dövlətin həyata keçirdiyi siyasətin mərkəzində dayanır. Sumqayıt şəhərində də bu istiqamətdə çox mühüm layihələr reallaşdırılır.

Artıq bir neçə müddətdir ki, Sumqayıt şəhərində güzəştli mənzil layihəsinin icrasına başlanılıb. Mənzil İnşaatı Dövlət Agentliyinin regionda inşa olunmuş ilk layihəsi məhz Sumqayıt şəhərindədir. Prezident İlham Əliyev sentyabrın 3-də Sumqayıt şəhərində güzəştli mənzil layihəsi çərçivəsində növbəti yaşayış kompleksinin təməli qoydu. Sumqayıt şəhərində növbəti güzəştli mənzil layihəsi 2 hektar ərazini əhatə edir. Burada doqquz, on iki və on altı mərtəbəli 11 bina inşa olunacaq. Mənzillərin ümumi sayı isə 466-dır. Vətəndaşlara güzəştli şərtlərlə təklif edilən bütün mənzillər tam təmirli olacaq. Mənzillər, həmçinin mətbəx mebeli, kombi isitmə sistemi, su, qaz və elektriklə təmin ediləcək. Mənzillərin satışı həm güzəştli ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə aparılacaq.

Hazırda dünyada baş verən iqtisadi böhran fonunda ölkəmizdə bu layihənin icrası Prezident İlham Əliyevin vətəndaşlarımızın sosial məsələlərinin həllinə nə dərəcədə diqqət, qayğı və həssaslıqla yanaşmasının növbəti təzahürüdür.

  1. Sumqayıtın şəhər statusu almasının 60 və 70 illiyi ölkə miqyasında qeyd olundu

Ötən dövr, yəni 2003-2021-ci illlər Sumqayıtın iki yubileyinə təsadüf etdi. 2009-cu ildə Sumqayıtın 60, 2019-cu ildə isə 70 illik yubileyi oldu. Prezident İlham Əliyev hər iki yubileyin ölkəmizdə geniş qeyd edilməsi haqqında Sərəncam imzaladı. Respublikamızda hər hansı bir şəhərin yubileyinin ölkə miqyasında və ilboyu keçirilməsi barədə belə sərəncamların verilməsi nadir hadisədir. Bu, Azərbaycanın sosial-iqtisadi və mədəni həyatında Sumqayıtın xüsusi rol oynadığını bir daha göstərir.

***

Beləliklə, davamlı yeniləşən Sumqayıtın hazırkı sosial-iqtisadi mənzərəsi Azərbaycanın müasir nailiyyətlərini özündə dolğun təcəssüm etdirir. Prezident İlham Əliyevin dediyi kimi: “Son illər ölkəmizdə qazandığımız nailiyyətləri, həyata keçirdiyimiz siyasəti Sumqayıtın timsalında əyani şəkildə görürük”.

 Eyvaz Qocayev

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər