Müstəqilliyin, əbədiliyin rəmzi

472

Azərbaycan dövlətçiliyinin salnaməsində 3 oktyabr 1993-cü il əbədi olaraq qızıl hərflərlə yazılmışdır. Məhz həmin gün xalqın iradəsi ilə Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu hadisə Azərbaycan tarixində dönüş nöqtəsi oldu və dövlətimizin müstəqilliyinin qorunub saxlanılmasında həlledici mərhələni təşkil etdi.

Dövlət müstəqilliyi hər bir xalqın varlığının əsas rəmzidir. Heydər Əliyevin sözləri ilə desək: “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” Bu ideya onun bütün siyasi fəaliyyətinin əsasını təşkil edirdi. 1990-cı illərin mürəkkəb dövründə Azərbaycanı parçalanmaq və vətəndaş qarşıdurması təhlükəsindən məhz bu müdrik siyasət xilas etdi.

Gələcəyə böyük inamla baxan, Azərbaycanın gələcəyini çox gözəl görən Heydər Əliyev ölkənin inkişafı üçün ardıcıl islahatlar həyata keçirərək dövlətin möhkəm təməllərini qoydu. Ulu Öndərin siyasətinin mərkəzində azərbaycançılıq ideyası dayanırdı. Onun sözləri ilə desək: “Azərbaycan dövlətinin milli ideologiyasının özəyini, əsasını təşkil edən azərbaycançılıqdır.” Bu ideya dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərləri özündə birləşdirərək milli həmrəyliyin əsası oldu.

Heydər Əliyevin dövlətçilik fəlsəfəsi həm nəzəri, həm də praktiki mahiyyət kəsb edirdi. “Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaqdır, Azərbaycanın müstəqilliyini möhkəmləndirməkdir. Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır” – söyləyən dahi lider, əslində, hər bir azərbaycanlının üzərinə tarixi məsuliyyət qoyurdu.

Ümummilli Liderin irəli sürdüyü ən mühüm hədəflərdən biri demokratik, hüquqi və dünyəvi dövlət qurmaq idi. Bəli, bu üç söz Azərbaycanda dövlət quruculuğunun əsas mənasını təşkil edirdi. Ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində ölkəmizdə insan hüquq və azadlıqlarının qorunmasına xüsusi önəm verildi, qanunun aliliyi dövlətin əsas vəzifəsi kimi qəbul olundu.

Heydər Əliyev üçün milli rəmzlər xalqın birliyinin və dövlətçiliyin simvolu idi. Respublikanın təhsil işçiləri və 1999-cu ildə ali məktəblərə daxil olmuş tələbələrlə görüşdə: “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir” – söyləyən dahi liderin bu yanaşması nəticəsində Azərbaycanın üçrəngli bayrağı, himni və gerbi xalqımızın müqəddəs dəyərlərinə çevrildi.

Ümummilli Lider Azərbaycanın beynəlxalq aləmdə layiqli yer tutması üçün böyük addımlar atdı. “İndi dünyada müstəqil Azərbaycan dövləti var. Onun milli dövlət bayrağı var, milli himni var, milli gerbi var. Azərbaycanın dövlət bayrağı bundan sonra heç vaxt enməyəcəkdir” – vurğulayan dahi liderin bu sözləri xalqımıza sonsuz güvən və gələcəyə inam bəxş edən mesaj idi.

Heydər Əliyevin siyasi irsində mühüm yer tutan digər amil isə sülh və sabitlik idi. Ulu öndərin layiqli davamçısı, möhtərəm prezidentimiz İlham Əliyevin həyata keçirdiyi siyasət sayəsində bu gün də müstəqillik yolu ilə, demokratiya yolu ilə, insan azadlıqları yolu ilə, bazar iqtisadiyyatı yolu ilə sürətlə irəliləyən Azərbaycan üçün sülh və sabitlik ulu öndərin qurduğu və bu gün də layiqincə davam etdirilən inkişaf strategiyası dövlətimizin tərəqqisinin əsas dayağıdır.

Beləliklə, 3 oktyabr 1993-cü ildə Heydər Əliyevin Prezident seçilməsi ilə Azərbaycan yeni tarixi mərhələyə qədəm qoydu. Onun ideyaları bu gün də aktuallığını qoruyur və Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun olaraq uğurla həyata keçirilir. Məhz bu səbəbdən Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq ideologiyası hər bir azərbaycanlının həyat amalına çevrilmişdir.

3 oktyabr – xalqın xilaskarına göstərdiyi böyük etimadın, müstəqilliyimizin əbədiliyinin rəmzidir.

Ramiz Hüseynov

YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər