Necə oldu ki, Sumqayıt qarlı qışdan üzüağ çıxdı?

1097

Son günlər ard-arda bir həftə yağan qara baxmayaraq, Sumqayıt şəhərində operativ və planlı tədbirlər sayəsində ciddi problemlər yaşanmadı. Şəhər icra hakimiyyətinin nəzarəti altında texnikalar səfərbər edildi, yollar təmizləndi, qum-duz qarışığı səpildi. Şəhər təsərrüfatına aid bütün qurumlar gücləndirilmiş rejimdə işləyərək, əhalinin işıq, qaz və su təminatında heç bir fasiləyə yol vermədi. Sakinlər görülən işlərdən razılıq ifadə edərək sosial şəbəkələrdə şəhər rəhbərliyinin və kommunal xidmətlərin operativliyini yüksək qiymətləndirdilər. Bəs, necə oldu ki, Sumqayıt qarlı qışdan üzüağ çıxdı?

Qışa hazırlıq aylar öncədən başlamışdı

Sumqayıt şəhərinin qışa hazırlığı hələ payız aylarından planlı şəkildə aparılmışdı. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərliyi ilə mütəmadi olaraq müşavirələr keçirilmiş, qışa hazırlıq işlərinin gedişi müzakirə olunmuşdu.

2024-2025-ci illərin payız-qış mövsümünə hazırlıq çərçivəsində keçirilən iclasda Sumqayıt şəhər İcra Hakimiyyətinin rəhbərliyi qarşıda duran vəzifələri müəyyən etmiş, əlaqədar qurumlara müvafiq tapşırıqlar vermişdi. Kommunal xidmətlərdəki çatışmazlıqlar aradan qaldırılmış, şəhər təsərrüfatının payız-qış mövsümünə hazır olması üçün genişmiqyaslı tədbirlər həyata keçirilmişdi.

Qış mövsümü üçün texnikalar hazır vəziyyətə gətirildi

Şəhər İcra Hakimiyyətinin tapşırığı ilə hələ noyabr ayında texnikalara baxış keçirilmiş, onların vəziyyəti qiymətləndirilmişdi. “Sumqayıt Təmizlik Departamenti” MMC-nin xüsusi texnikalarının qışa hazırlığı yoxlanılmış, lazımi ehtiyatlar, o cümlədən qum və duz ehtiyatı toplanmışdı. Şəhər ərazisində yolların qardan təmizlənməsi üçün kifayət qədər texnika və işçi qüvvəsi hazırlıq vəziyyətinə gətirilmişdir.

Düzgün planlaşdırma sayəsində yollar açıq saxlanıldı

Şəhər rəhbərliyinin düzgün planlaşdırma strategiyası nəticəsində Sumqayıtda qarlı havada nəqliyyatın hərəkəti məhdudlaşdırılmadı. Öncədən hər bir küçəyə təhkim olunan məsul şəxslər və texnika, qarlı hava şəraitində operativ və effektiv müdaxilə imkanını artırdı. Şəhərin əsas yolları və küçələri qardan vaxtında təmizləndi, buzlanmanın qarşısını almaq üçün yollara mütəmadi olaraq duz-qum qarışığı səpildi.

Kommunal xidmətlər gücləndirilmiş rejimdə çalışdı

Şəhərə yağan qarın təsirini minimuma endirmək məqsədilə kommunal xidmətlər səfərbər olundu. Prospektlərdə və əsas küçələrdə xüsusi texnikalar vasitəsilə qar təmizlənməsi və buzlanmaya qarşı tədbirlər aparıldı.

Müasir texnika qarla mübarizədə effektivliyi artırdı

Şəhərdə qarlı hava şəraitinin təsirini minimuma endirmək üçün yeni və müasir texnikalar prosesə cəlb olundu. “Sumqayıt Təmizlik Departamenti” MMC-nin balansına əlavə edilən xüsusi qış texnikaları yolların operativ təmizlənməsinə və buzlanmaya qarşı tədbirlərin daha effektiv həyata keçirilməsinə imkan verdi.

Kommunal xidmətlərdə fasilələr olmadı

Ölkə ərazisində müşahidə olunan ağır hava şəraitinə baxmayaraq, Sumqayıt şəhərində elektrik enerjisi, qaz və su təchizatı fasiləsiz davam etdi. Profilaktik tədbirlər nəticəsində hava şəraitinin kəskin dəyişməsi kommunal infrastrukturun fəaliyyətinə təsir etmədi. Aidiyyəti qurumlar gücləndirilmiş rejimdə çalışaraq hər hansı problemin yaranmasına imkan vermədilər.

İctimai nəqliyyatın fasiləsiz fəaliyyəti təmin edildi

Qarlı hava şəraitinə baxmayaraq, Sumqayıtda ictimai nəqliyyat fasiləsiz fəaliyyətini davam etdirdi. Səhər saatlarından etibarən bütün marşrut xətləri normal rejimdə işləyərək, sərnişinlərin rahat hərəkəti təmin olundu.

Görülən işlər media və sosial şəbəkələrdə təqdir olundu

Şəhər rəhbərliyinin operativ tədbirləri və kommunal xidmətlərin çevik fəaliyyəti yerli media və sosial şəbəkələrdə geniş müzakirə olundu. Sakinlər Sumqayıtda yolların açıq olması, nəqliyyat və kommunal xidmətlərin fasiləsiz fəaliyyəti ilə bağlı müsbət rəylərini bölüşdülər. Görülən işlər, şəhər rəhbərliyinin qışa hazırlıqla bağlı apardığı tədbirlərin uğurlu nəticəsi kimi qiymətləndirildi.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər