Sumqayıt Dövlət Universitetinin rektoru, texnika elmləri doktoru, professor Nurəli Yusifbəyli II və III ixtisas qrupları üzrə ölkə miqyasında ən yüksək nəticə əldə edən sumqayıtlı gənclərlə görüşərək onları təbrik edib. Rektor bu uğurları Azərbaycanın təhsil sisteminin inkişafının, eləcə də gənclərin bilik, zəhmət və əzmkarlığının göstəricisi kimi dəyərləndirib.
Rektor Nurəli Yusifbəyli bildirib ki, əldə olunan bilik və formalaşdırılan kompetensiyalar hər bir gəncin Vətənə, xalqa və dövlətə xidmət missiyasına istiqamətlənməlidir. Onun sözlərinə görə, yüksək ixtisaslı, intellektual potensiala malik və milli-mənəvi dəyərlərə sadiq gənclər ölkənin dayanıqlı inkişafının, elmi potensialının gücləndirilməsinin və innovativ iqtisadiyyatın formalaşmasının əsas təminatçılarıdır.
N.Yusifbəyli qeyd edib ki, ali təhsil almağın əsas məqsədi diplom əldə etmək deyil, peşəkar bacarıqlara malik, yüksək mənəvi keyfiyyətlərə sahib, daxili vicdanı formalaşmış və cəmiyyət qarşısında məsuliyyətini dərk edən vətəndaş bacarığını formalaşdırmaqdır. O əlavə edib ki, müasir əmək bazarının tələblərinə cavab verən mütəxəssis yalnız nəzəri biliklərlə deyil, həm də liderlik, təşəbbüskarlıq, ünsiyyət və komanda ilə işləmək bacarıqları ilə seçilməlidir.
Görüş zamanı yüksək nəticələrin əldə olunmasında əməyi olan müəllimlərə və valideynlərə minnətdarlıq ifadə edilib. Qeyd olunub ki, hər bir uğurlu gəncin nailiyyətinin arxasında müəllimlərin fədakar əməyi, valideynlərin etimadı, qayğısı və dəstəyi dayanır. Bu əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin ölkənin intellektual potensialının daha da möhkəmlənməsinə mühüm töhfə verəcəyi bildirilib.
Qeyd edək ki, bu il Sumqayıt şəhəri və Saray qəsəbəsindən olan abituriyentlər qəbul imtahanlarında ölkə üzrə ən yüksək nəticə göstərənlər sırasında yer alıblar.
Belə ki, Sumqayıt şəhər 35 nömrəli tam orta məktəbin məzunu Zamin Kərimov II ixtisas qrupu üzrə 690 bal toplayaraq ən yüksək nəticəni göstərib. O, imtahanın birinci mərhələsində 297,5, ikinci mərhələsində isə 392,5 bal toplayıb.
III ixtisas qrupu üzrə Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Əli Məmmədzadə və Saray qəsəbə 1 nömrəli tam orta məktəbin məzunu Orxan Mənsimli qəbul imtahanının ikinci mərhələsində maksimum nəticə – 400 bal əldə ediblər.
Əli Məmmədzadə birinci mərhələdə topladığı 289,6 balla birlikdə ümumilikdə 689,6 bal qazanaraq III ixtisas qrupu üzrə ölkə üzrə ən yüksək nəticəyə imza atıb. Orxan Mənsimli isə birinci mərhələdə topladığı 276,1 balla qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlər sırasında yer alıb.



Müzakirə qapadılmışdır.