“O illərdə Sumqayıt ədəbi mühitinin ilk xanım şairi sayılırdım…” – OFELYA BABAYEVA

393

Gülnarə Cəmaləddin, AYB Sumqayıt şöbəsinin sədri, “Ədəbiyyat və incəsənət” üçün

Sumqayıtın 75 illiyi münasibəti ilə şəhərin tanınmış qələm əhli ilə müsahibələrimi davam etdirirəm. Bu günkü müsahibimiz  əməkdar müəllim, ”Tərəqqi” medalı və “Şöhrət” ordeni laureatı, Prezidentin fərdi təqaüdçüsü, şair Ofelya Babayevadır.

-Necəsiniz, Ofelya xanım?

-Yaxşıyam, təşəkkür edirəm.

-Bu il doğma şəhərimiz Sumqayıtın 75 yaşı tamam olur. Əvvəlki və indiki Sumqayıt, hansı sizə daha doğmadır?

-Sumqayıt mənim doğma şəhərimdir. Əvvəlki şəhərdə uşaqlığım, gəncliyim, indi isə…

-Güclü qadın ifadəsinə münasibətiniz?

-Bu ifadəni sevmirəm. Qadın, kişi fərq etməz. Hər ikisinin zəif tərəfləri də var, güclü tərəfləri də…

-Siz uzun müddət rəhbər vəzifələrdə çalışmısınız. Çətin olmayıb ki sizinçün?

-Çətin olub, ancaq düşünəndə ki, sən kimlərəsə lazımsan, təsəlli tapırsan…

-Hal- hazırda da şəhərin ictimai- siyasi həyatında yaxından iştirak edirsiniz.Yorulmursunuz ki?

-Ümumiyyətlə, insan həyatını sevdiyi işə həsr edəndə maraqlı olur.

-Şeir sizinçün nədir? Ağrımayan adam ovuda bilərmi?

-Şeir mənim üçün həyatıma rəng qatan, ovudan, düşündürən anlamdır…

Mən bir Allah bəndəsiyəm,

Məndə günah axtarmayın.

Özü görür,

Mən bilirəm…

Nədir günah…

Sorğu onda,

Cavab məndə.

Nə olacaq,

Olmayacaq,

Bilinəcək

Yalnız sonda…

-Dünyayla yollaşa bilirsiz?

-Çalışıram…

Tənha anlarımda

Nədənsə hər vaxt,

Olub-keçənləri

Yuxu bilirəm.       

Sonra yuxuları

Yozub birtəhər,

İlahi ömrümü

Yaşamaq üçün,

Bu ömrün yükünü

Daşımaq üçün,

Eləcə piyada

Çıxıram yola…

Gəlir qulağıma

Çatır bir səda:

Təklik Allah ilə

Olmaq deməkdir.

Təklərə tək Allah

Özü köməkdir….

Fiziki cəhətdən tək olmasam da…

-Şəhər rəhbərliyinin ədəbiyyata diqqətindən razısınızmı?

-Razıyam. Məncə, gözəl bir ağ sarayın Poeziya Evinə verilməsi ədəbiyyata göstərilən diqqətin bariz nümunəsidir.

-Şairlər dünyadan nə istəyirlər?

 -Dünən yoxdur,

Bu gün var.

Ömür- xəzri, giləvar.

Sabah varmı, bilmirəm,

Sabaha bir ömür var…

-Sumqayıt ədəbi mühiti ilə əlaqələriniz? Güvəndiyiniz və inandığınız imzalar?

-Ədəbi mühitlə əlaqələr həmişə rəvan olmayıb. Ancaq təkcə ədəbi mühitdə deyil, hər yerdə daşlar altında gürzələr yatıb…

Zamanın ovcunda yüz yol sıxıldım,

Hamı elə bildi daha yıxıldım…

Sonra fərziyyələr, miflər dağıldı,

Mənə də taledən bu vüqar düşdü

Ədəbi mühitin gözəl nümayəndələrinin bəziləri artıq bu dünyaya vida edib, bizə irs olaraq maraqlı əsərlər qoyub gediblər…

Ədəbiyyatı sevgiylə, inadla davam etdirənlərə uğur arzulayıram. Siyahı böyük alınar hamının adını çəksəm. Diqqətli oxucu, ədəbiyyatı izləyənlər o imzaları tanıyır.

-AYB Sumqayıt bölməsinin işindən razısınızmı?

-Razıyam. Poeziya Evi ilə birlikdə keçirdiyi maraqlı tədbirlərdə mən də iştirak edirəm. Uğurlar! İbrahim İlyaslı, Gülnarə Cəmaləddin bu missiyanın öhdəsindən bacarıqla gəlirlər.

-Qadın olaraq ədəbi mühitə gəlmək o dövr üçün çox böyük cəsarət tələb edirdi. Bu cəsarətli addımı atmaq, duyğularınızı şeirə çevirmək necə qarşılandı?

-O illərdə Sumqayıt ədəbi mühitinin ilk xanım şairi sayılırdım. Çox gənc idim, oxucular şeirlərimi maraqla qarşılayırdı. Hələ orta məktəbin (13 nömrəli məktəb) XI sinfində oxuyarkən ustad şairimiz Xasay Cahangirov “Sosialist Sumqayıtı” qəzetində mənə “Uğurlu yol” yazıb, şeirlərimi dərc etmişdi. Sonralar, böyük tənqidçilər Qulu Xəlilov “Ulduz” jurnalında, Əkbər Ağayev “Azərbaycan gəncləri” qəzetində məqalələr dərc etdirmişdilər. Şeirlərim müxtəlif ədəbi almanaxlara daxil edilmiş, müxtəlif dillərə tərcümə olunmuşdu.

-Ordan baxanda dünya necə görünür?

-Dünya mənə həmişə maraqlı olub. Bu marağı bütün oxucularımıza arzulayıram.

-75 yaşlı gənc şəhərimizə nə arzulayardınız? Şəhərimizin yubileyi ərəfəsində istək və təklifləriniz?

-Doğma şəhərimizə 750 illik yubileyini qeyd etməyi arzulayıram. Son illər yaşıllaşan, abadlaşan şəhərimizə hər birimizin qayğı ilə yanaşmasını istəyirəm…

Bu günlərdə cənab Prezidentimiz İlham Əliyevin xalq şairi, görkəmli ictimai xadim Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı sərəncamı sumqayıtlıların da sevincinə səbəb oldu. Nəbi Xəzri Sumqayıtın fəxri vətəndaşıdır. Bu şəhər haqqında ilk monumental əsər olan “Sumqayıt səhifələri” poeması isə Azərbaycan ədəbiyyatına layiqli töhfədir:

Sumqayıt, deyirəm gözlərin aydın,

Sənin hər addımın böyük hünərdir.

Deyirəm, bəlkə də sən olmasaydın,

Yer üzü nə qədər boş görünərdi.

 “Ədəbiyyat və incəsənət”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər