Azərbaycan Respublikasında əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Dövlət Gənclər Siyasəti müasir dövrümüzdə Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev tərəfindən daha da uğurla davam etdirilir. Təsadüfi deyildir ki, 44 günlük Vətən müharibəsinin döyüş meydanlarında Azərbaycanın mərd və qəhrəman gəncləri Vətəni necə sevdiklərini, hansı böyük şücaətə malik olduqlarını bütün dünyaya nümayiş etdirdilər. Müharibənin taleyini həll edən bu qəhrəmanlar məhz Cənab İlham Əliyevin Azərbaycan Respublikasına rəhbərliyi dövründə formalaşmış gənclər içərisindən çıxmış şəxslər idi. Həqiqətən də gənclərin milli – vətənpərlik ruhunda formalaşdırılması, onların inkişafı üçün bütün lazımi şəraitin yaradılması ölkə başçımızın diqqət yönəltdiyi prioritet istiqamətlərdən biridir. Azərbaycan gəncliyi isə öz növbəsində daim ölkə başçımızın yanındadır və istər döyüş, istərsə də yarış meydanlarında qazanılan çoxsaylı uğurlara görə məhz ona minnətdardır.
Prezident İlham Əliyevin 2022-ci ilin idman yekunlarına həsr olunan 9 yanvar tarixli mərasimdə söylədiyi geniş nitqdə gənclər siyasəti ilə bağlı mühüm məqamlara toxunuldu. Ölkə başçısı qeyd etdi ki, azad edilmiş şəhərlərin hər birində bütün bərpa-quruculuq işlərinin mühüm tərkib hissəsi olaqaq idman obyektlərinin yaradılması nəzərdə tutulur. Cənab prezident xüsusi olaraq vurğuladı ki, Ağdamın məşhur “İmarət” stadionunun yeni layihəsi işlənilir. Stadion yenidən qurulacaq, eyni zamanda, onun yanında böyük Olimpiya İdman Kompleksi yaradılacaq. Bununla bərabər olaraq, keçən il Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin təməli qoyulub. Qarabağ Atçılıq Kompleksi Ağdam erməni işğalı altında olduğu dövründə Ağcabədi rayonunda yaradılmışdı. Ancaq qərar qəbul olundu ki, yeni kompleks əzəli yerində – Eyvazxanbəyli kəndində fəaliyyət göstərsin.
Dövlət başçımızın məqsədyönlü siyasəti sayəsində Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib. Hər bir idman yarışı qazandığımız yeni-yeni uğurlarla yadda qalır. Ölkəmizin dünya arenasında mövqeyi ildən-ilə möhkəmlənir. Azərbaycan xalqı tam olaraq əmindir ki, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində gənc idmançılarımız bizim idman şöhrətimizi bundan sonra da yüksəklərdə saxlayacaqlar.
44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfər harada yaşamasından asılı olmayaraq hər bir Azərbaycanlı üçün, hər bir vətəndaşımız üçün çox böyük qürur mənbəyidir. Bu Zəfərdə sağlam və güclü Azərbaycan gəncliyinin əvəzsiz payı var. Gözəl atalar misalımızda deyildiyi kimi: sağlam bədəndə sağlam ruh olar. Artıq Azərbaycanda elə bir rayon tapmaq mümkün deyildir ki, orada Olimpiya İdman Kompleksi inşa edilməmiş olsun. Bu Azərbaycan dövlətinin və Azərbaycan prezidentinin öz gənclərinə verdiyi dəyərin göstəricisidir. Sağlam həyat tərzinin təbliği hər bir sivil dövlət üçün prioritet istiqamət olmalıdır.
Cavid Məmiyev,
YAP Sumqayıt şəhər təşkilatının sədr müavini
Müzakirə qapadılmışdır.