Gücünü Ulu Öndərimiz Heydər Əliyevin ideyalarından, xalqın dəstəyindən alaraq yüksək inkişaf yolu keçən, böyük etimad, inam qazanan Yeni Azərbaycan Partiyasının 2021-ci il 5 mart tarixli VII qurultayında Prezident İlham Əliyev proqram xarakterli çıxış etmiş, dəyərli, əhəmiyyətli məqamlara toxunmuşdur: Ümummilli maraqların reallaşması yolunda YAP-ın böyük tarixi nailiyyətlər qazanmasının nəticəsidir ki, onun sıraları ildən-ilə genişlənir. YAP ölkənin bütün bölgələrini əhatə etməklə Azərbaycanın aparıcı siyasi qüvvəsi, Cənubi Qafqazın ən böyük siyasi partiyası kimi çıxış edir. Partiya Heydər Əliyevin ətrafında yaradılmışdır, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi.
Ümummilli Liderin müstəqilliklə bağlı birmənalı, qətiyyətli addımları xalq tərəfindən yüksək qiymətləndirilib və hər zaman dəstəklənib. Ölkəmizdə Sovet İttifaqının saxlanmasına dair referendum keçirilmişdi və bu referendumun nəticələri kobudcasına saxtalaşdırılmışdı. Sanki Azərbaycan xalqı müstəqillik istəmir, sanki Azərbaycan xalqı Sovet İttifaqının tərkibində yaşamaq istəyir. Ulu Öndər Heydər Əliyev isə Naxçıvan Muxtar Respublikasında referendumun keçirilməsinə imkan verməmişdir. Bu, böyük cəsarət, qəhrəmanlıq və uzaqgörənlik tələb edən addım idi.
20 Yanvar hadisələri hələ təzəcə baş vermişdi, Azərbaycana qarşı edilən ədalətsizlik, keçmiş Dağlıq Qarabağdan və ondan sonra ətraf bölgələrdən azərbaycanlıların qovulması, Ermənistandan azərbaycanlıların qovulması – bütün bunlar Azərbaycan xalqının qəlbində yara kimi qalmışdı.
1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkənin böhrandan çıxma prosesi başladı. Milli düşüncə göstərərək Ulu Öndərə müraciət edən məşhur “91-lər”in çox cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı.
Ölkənin uğurlu enerji siyasəti, nəqliyyat siyasəti nəinki enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxarmışdır. İcra olunan layihələr bölgədə və geniş mənada Avrasiya bölgəsində yeni əməkdaşlıq formatlarını yaratdı. Layihələr ətrafında birləşən ölkələrin sayı artmaqdadır və bu amil ölkələr arasında, hətta əvvəlki dövrlərdə bir-biri ilə o qədər isti münasibətləri olmayan ölkələr arasında da əməkdaşlığı labüd edir.
Ölkənin gələcəyi elə planlaşdırılmalıdır ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin, müstəqillik əbədi olsun. Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir. Biz gündəlik həyatda, ölkəmizin iqtisadi göstəricilərində, sosial sahədə əldə edilmiş nailiyyətlərdə görürük ki, bu islahatların çox böyük əhəmiyyəti var. Eyni zamanda, ictimai-siyasi iqlimin sağlamlaşdırılmasında da bu təşəbbüslərin və islahatların böyük rolu vardır.
İqtisadi müstəqillik həm inkişaf baxımından, həm siyasi müstəqilliyin möhkəmləndirilməsi baxımından əsas şərtdir. Bu gün istənilən meyar üzrə Azərbaycan heç kimdən asılı deyil. İqtisadi sahədə ən qabaqcıl yerlərdə olan Azərbaycan – istər xarici borc baxımından, istər iqtisadi artım baxımından və adambaşına düşən valyuta ehtiyatları baxımından öndədir. Ölkəmizə gələn investisiyalar dayanmadan artır.
Hakimiyyət uğrunda mübarizə ölkəmizin müstəqil ölkə kimi yaşamasını sual altına qoymuşdu. Ümidsizlik, cəmiyyətdə hökm sürən total apatiya, depressiya, heç bir siyasi qüvvəyə inamın olmaması, iqtidara inamın olmaması, müxalifətə inamın olmaması, bu, idi o vaxt gənc müstəqil Azərbaycanın sosial-siyasi mənzərəsi.
Müstəqilliyimizin ilk illərində torpaqlarımız əldən gedirdi, ərazi bütövlüyümüz pozulmuşdu, Ermənistandan 300 mindən çox azərbaycanlı, keçmiş Dağlıq Qarabağdan bütün azərbaycanlılar qovulmuşdu, Şuşa və Laçın işğal altına düşmüşdü və yaranmış vəziyyəti dəyişdirmək üçün heç bir ümid yox idi.
Mənəvi amil Azərbaycanın qələbəsində həlledici rol oynamışdır. Müharibənin ilk günündən Azərbaycan mənəvi üstünlüyə malik idi. Ötən illərin ən önəmli hadisəsi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədalət bərpa olundu.
Ərazi bütövlüyün bərpa olunması Ulu Öndərin siyasi vəsiyyəti idi. Biz, onun davamçıları bu problemi bütün işlərimizin mərkəzinə qoyduq. Biz bu hədəfə doğru gedirdik. Biz hər şeyi ölçüb-biçib öz gücümüzü, eyni zamanda, digər amilləri nəzərə alaraq ən düzgün vaxt seçməli idik, ən düzgün vaxt üçün ən yaxşı vəziyyətdə olmalı idik. Xalq-iqtidar bir yumruq kimi birləşməsinin nəticəsində cəmi 44 gün ərzində tarixi ədaləti bərpa olundu və düşmən torpaqlarımızdan qovuldu.
Dövlət başçımız çıxışında həmçinin vurğulayıb ki, döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti 2003-cü ildə uşaq olan insanlardır. Onlar yetişdi, onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər.
Əldə olunmuş tarixi Qələbə sayəsində Qarabağı, Şərqi Zəngəzuru yenidən qururuq. Bu quruculuq işlərində hər birimiz böyük həvəslə, bir məqsədlə iştirak edirik ki, keçmiş köçkünləri tezliklə öz dədə-baba torpaqlarına qaytaraq, dağılmış şəhər və kəndləri tezliklə bərpa edək və bütün dünyaya bir daha göstərək ki, biz böyük xalqıq.
Azərbaycan köklü surətdə bölgədə vəziyyəti dəyişdirə bildi. Prioritetlər arasında qonşu ölkələrlə bizim əməkdaşlığımız xüsusi yerə malikdir. Azərbaycan Avropa İttifaqı ilə sıx əlaqələr qurub. Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb. Həmçinin Azərbaycanın rəhbərliyi dövründə Qoşulmama Hərəkatı öz inkişafında keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsini yaşadı. Azərbaycanın Qoşulmama Hərəkatına rəhbərlik etməsi formal xarakter daşımayır. Qoşulmama Hərəkatına üzv ölkələr Azərbaycanı müdafiə etdilər.
Ölkəmizdə aparılan siyasi dialoqun böyük əhəmiyyəti var. Siyasi partiyaların fəaliyyəti, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması, ölkəmizin güclənməsi qarşımızda duran vacib məsələlərdir.
Yeni siyasi konfiqurasiyanın formalaşdırılmasını hədəfləyən islahatlar ölkədə həmrəylik mühitinin bərqərar olunması və siyasi münasibətlərin subyektləri arasında sağlam dialoqun formalaşdırılmasına xidmət edir.
Yeni Azərbaycan Partiyası həm iqtidar partiyası kimi, həm də ölkənin hər bir sahəsində təmsil olunan partiya kimi iqtidar-müxalifət dialoquna öz töhfəsini verməkdədir. 2021-ci ilin 21 oktyabr tarixində Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında parlamentdə təmsil olunan müxalifət partiyalarının sədrləri ilə keçirilmiş görüş bu istiqamətdə görülən işlərə bir nümunədir. Yerlərdə müxalifət partiyalarının yerli təşkilatları ilə sağlam münasibətlər qurulması YAP-ın yerli təşkilatlarının gündəlik fəaliyyət təcrübəsinə daxil olmalıdır.
Partiyanın yeni Proqramı 5 fəsildən və ümumilikdə 29 müddəadan ibarətdir. Burada “Partiyanın inkişafı və uğurları”, “Siyasi dəyərlər və prinsiplər”, “Partiyadaxili münasibətlərin və partiyanın fəaliyyətinin əsasları”, “Partiyanın əsas hədəfləri” və “Müzəffər liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü partiya” adlı fəsillər və Heydər Əliyev yolu, Müstəqillik, Azərbaycançılıq, Dövlətçilik, Qanunun aliliyi, Varislik və təkamül, Konstruktiv əməkdaşlıq və dialoq, Sosial ədalət və insan amili, Multikultural cəmiyyət, Demokratik ənənələrin inkişafı, Peşəkarlıq, İşgüzar münasibətlər, Şəxsi inkişaf, Sağlam rəqabət, Etik davranış və milli dəyərlər, İnnovativ inkişaf və kreativlik, Elmilik, Müasirlik, Heydər Əliyev irsinin təbliği və təşviqi, Güclü iqtisadiyyat və davamlı inkişaf, İnklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı, Şəffaflığın artırılması, Vətəndaş cəmiyyətinin inkişafı, Azərbaycan dili və dünya azərbaycanlılarının həmrəyliyi, Mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması, Vətəndaş həmrəyliyinin təminatı, Milli maraqlar və xarici siyasət, Ordu quruculuğu, İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış kimi müddəalar öz əksini tapıb.
Yeni Azərbaycan Partiyasının siyasi dəyərlər və prinsiplər sistemində 10 strateji istiqamət müəyyən olunub: Heydər Əliyev yolu; Müstəqillik; Azərbaycançılıq;
Dövlətçilik; Qanunun aliliyi; Varislik və təkamül; Konstruktiv əməkdaşlıq və dialoq;
Sosial ədalət və insan amili; Multikultural cəmiyyət; Demokratik ənənələrin inkişafı.
YAP Siyasi idarəetmə proseslərinə cəlb olunmuş insanlar arasında işgüzar münasibətlərin dəstəklənməsi, eyni zamanda, fəaliyyətin rasionallıq və adekvatlıq dərəcəsinə də müsbət təsir etməkdədir.
Ali qurumunn fəaliyyətində müəyyən olunmuş strateji hədəflər isə bunlardır: Heydər Əliyev irsinin təbliği və təşviqi; Güclü iqtisadiyyat və davamlı inkişaf; İnklüziv cəmiyyət ədalətli sosial təminat və insan kapitalının inkişafı; Şəffaflığın artırılması; Vətəndaş cəmiyyətinin inkişafı; Azərbaycan dili və dünya azərbaycanlılarının həmrəyliyi; Mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması; Vətəndaş həmrəyliyinin təminatı; Milli maraqlar və xarici siyasət; Ordu quruculuğu; İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış.
Bir sözlə, Yeni Azərbaycan Partiyası Azərbaycanın inkişafına, dövlət müstəqilliyimizin güclənməsinə, ictimai-siyasi sabitliyinin qorunmasına, beynəlxalq nüfuzunun artmasına milsilsiz töhfələr verir.
Mətanət Pirquliyeva,
SDU nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin direktoru,
Əməkdar müəllim
Müzakirə qapadılmışdır.