1941-45-ci illərdə İkinci dünya müharibəsinə müttəfiq respublikalardan, təkcə Azərbaycandan ön cəbhəyə 600 mindən çox insan səfərbər olub, onlardan 300 mini geriyə qayıtmayıb. Döyüş meydanlarında qəhramanlıqla həlak olan bu insanların xatirəsi unudulmur.
KONKRET.az bildirir ki, belə qəhramanlarımızdan biri də Şükür Bəylərovdur. Müharibəyə baş leytenant kimi başlayan gənc hərbçi elə ilk günlərdən döyüş bacarığı və taktikası ilə fərqlənib. Alman faşistlərinin Krım cəbhəsini ələ keçirmək uğrunda bütün cəhtlərinə mərdliklə sinə gəlib. Pulemyot rotasının komandiri kimi düşmənin həmlələrini darmadağın edib. Cəbhədəki şücaətləri onu İgidliyə görə medalı və Birinci dərəcəli Vətən Müharibəsi Ordenini qazandırıb. Qəhraman həmyerlimiz Slovakiyanın Jilina torpağında tarixi Kiril və Mefodi kilsəsinin mühafizəsi zamanı həlak olur, özü də qələbəyə bir neçə ay qalmış.
Qəhrəmanın qızı 82 yaşlı Vəsilə Bayramova bildirir ki, ömür boyu ata həsrəti ilə yaşayıb.
– Atam Bəylərov Şükür cəbhəyə könüllü gedəndə mən körpə idim. 1945-ci il mayın 5 də atamın qara kağızını aldıq. Evimizdə yas gedən zaman atamdan bağlama gəldi. Sevinə-sevinə hərbi komissarlığa qaçdıq. Amma məlum oldu ki, bu bağlama baş leytenant Bəylərov tərəfindən olümündən bir neçə gün öncədən göndərilib.
Anamın ölümündən sonra atama aid olan bütün sənədlər itdi, yalnız bir balaca şəkilini və “Kommunist” qəzetində Əhməd Cəmilin müəllifi olduğu “Bəylərovun hünəri” məqaləsini tapa bilmişdim. İllərnən atamın harada dəfn olunduğunu axtarmışam. Lakin axtarışlar heç bir nəticə vermirdi. Düz 70 il sonra Azərbaycan Qızıl Aypara Cəmiyyətinə, Beynəlxalq Qızıl Xaç Komitəsinə, Rusiyanın dövlət arxivinə və Avropanın bir sıra səfirliklərinə müraciətlərdən sonra məlum oldu ki, atam Slovakiyanın Jilina adlanan ərazisində Kiril və Mefodi kilsəsini alman faşistlərindən qoruduğu zaman qəhrəmancasına həlak olub.
Mən, qızım, nəvələrim, nəticələrim Slovakiyaya dəvət olunduq və onun dəfn olunduğu qardaşlıq məzarını ziyarət etdik. Rusiya Mudafiə Nazirliyinin Slovakiyadakı səfirliyinin nümayəndələri, Azərbaycanın Slovakiyadakı konsulunun iştirakı ilə biz vətəni uğrunda mübarizə apararaq həlak olan atamın məzarı üzərinə Azərbaycandan apardığımız bir ovuc torpağı səpdik, bayrağımızı məzarı üstünə sərdik.
Slovakiyada bizə məlumat verdilər ki, baş leytenant Bəylərov bir neçə əsgərlə həmin bu kilsəni alman faşistlərindən öz canları bahasına qoruya bilib və elə həmin kilsənin ərazisində keşişlər tərəfindən dəfn ediliblər. Lakin müharibədən sonra onların dəfn yerləri dəyişdirilərək qardaşlıq məzarı yaradılıb.
Mən fəxr edirəm ki, mənim atam bu cür qəhrəman olub. Belə qəhramanların həyat yolu, həm də sağ qalanların təcrübəsi yetişməkdə olan nəslə hər zaman örnəkdir.
Müzakirə qapadılmışdır.