Onun yaradıcı kredosu – daha geniş və daha fərqli üslubda işləmək…

1203

O, işini sevə-sevə görür. Onun peşəkar yanaşdığı sənət növlərinin hamısının mayası hobbidən yoğurulub. Sənəti haqqında danışanda üzü –gözü gülür, həlim simasına nur qonur. Həmsöhbətimiz Sumqayıtın incəsənət aləmində hamıya doğma olan keçəçi- rəssam və dizayner Günel Məhərrəm qızı Hüseynovadır.

AZƏRTAC-ın müxbiri ilə söhbətdə o, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında bakalavr pilləsində təhsil aldığın, sonralar Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının magistr pilləsini yaxşı qiymətlərlə bitirdiyin deyir.

Günel hələ uşaq yaşlardan dekorativ tətbiqi sənətin bəzi növləri ilə məsələn, toxuculuq, xalçaçılıq, muncuq işi və s. ilə məşğul olub, akademiyada oxuyarkən isə biliklərini daha da təkmilləşdirib və tətbiqi sənətin başqa növlərini də öyrənməyə fürsət tapıb.

“Akademiyanı bitirdikdən sonra bu sahə ilə professional şəkildə məşğul olmaq qərarına gəldim. Köklərimə bağlı biri olduğum üçün milli dəyərlərimizə çox önəm verirəm. Beləliklə köhnə sənət növləri ilə maraqlanmağa başladım. Araşdırmalar apararkən təsadüfən qarşıma keçə sənəti haqqında məlumat çıxdı və bu mənə çox maraqli gəldi. Daha dərindən maraqlananda bunun unudulmuş sənət növü olduğunu gördüm. Bu sənəti başqa tərzdə yenidən tanıtmaq istədim. Bu, mənim üçün bir tapıntı oldu əslində. Başladım müxtəlif tərzdə, daha geniş səkildə, daha fərqli üslubda işləməyə…”

Bəli, yaradıcılığın psixologiyasının əsasını təşkil edən də, elə novator hissi, daimi axtarış, yeniləşmə tələb edən fəaliyyətdir. Bütün bunlar inkişafın daim qaynayan çeşməsidir.

“İncəsənət insanın mənəvi aləminin, onun həyata bədii estetik münasibətinin ifadəsidir və incəsənət həyatın bədii əksidir”, – deyən Günelin xoşahəngli rənglərin bir-birini təqib etdiyi kompozisiyaları onun üslubundan, düşüncəsindən, kövrək duyğularından xəbər verir. Rəssamın hazırladığı sənət əsərləri sadə, lakin təsirli kompozisiya quruluşuna əsaslanır. Onun işlədiyi rənglər səssiz və istidir.

Yaratdığı əsərlərdə milli motivlərdən aktiv istifadəyə üstünlük verən, daim müasirliklə tarixi motivləri özündə birləşdirən yeni əsərlər yaratmağa çalışan keçəçi rəssam və dizayner Günel Hüseynova, həmçinin Bakı Mühəndislik Universitetində pedaqoji fəaliyyətini də davam etdirir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər