Azadlıq və müstəqillik Tanrının hər bir xalqa bəxş etdiyi ən böyük nemətdir. Müstəqil dövlətə sahib olan bir çox xalqlar tarix boyu azadlıq uğrunda qızğın mübarizələr aparmış və bu amal uğrunda qurbanlar vermişlər. Heç şübhəsiz ki, hər bir bir müstəqil dövlətin təhlükəsizliyinin ən əsas təminatçısı onun güclü ordusudur. Silahlı qüvvələr dövlətin və xalqın sülh içərisində yaşamasının mühüm qarantıdır.
18 oktyabr 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası Ermənistan tərəfindən açıq həbi təcavüzə məruz qalmışdı. Ermənistan tərəfindən ölkəmizə qarşı edilən bu hərbi təcavüzün qarşısının alına bilməməsinin bir səbəbi o dövrdə iqtidarda olanların bacarıqsızlığı, torpaqlarımızın layiqli müdafiəsini təşkil edə bilməmələri idisə, digər səbəb yeni yaranan ordumuzdakı təcrübəsizlik, qeyri-peşəkarlıq, pərakəndəlik və ordunun həddən artıq siyasiləşməsi idi. 1993-cü ildə Azərbaycan xalqının təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı dövlətçiliyimizi parçalanmaq təhlükəsindən xilas etdi və ordu quruculuğu sahəsindəki vəziyyəti kökündən dəyişdi.
Silahlı qüvvələrin formalaşdırılmasına xüsusi diqqət ayıran Ulu Öndər Heydər Əliyevin ciddi səyləri sayəsində qısa müddət ərzində Azərbaycan Ordusunda möhkəm, dəmir nizam-intizam bərqərar olundu, hərbi hissələrimizin peşəkar kadrlarlarla, silah-sursatla təminatı yaxşılaşdırıldı. Ulu Öndər Heydər Əliyev tez-tez hərbi hissələri ziyarət edir, əsgərlərimizin döyüş ruhunun yüksəlməsi istiqamətində lazımi addımları atırdı. Ulu Öndər qeyd edirdi ki, “Azərbaycan əsgəri, Azərbaycan zabiti gərək yüksək mənəviyyata malik olsun. Azərbaycan xalqının yüksək mənəvi dəyərləri ilə yaşasın. Vətənpərvərliyi, Vətəni sevməyi, Vətən yolunda şəhid olmağı daim gözünün önündə saxlasın”.
XX əsrin sonunda öz dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasının Silahlı Qüvvələri həqiqətəndə Azərbaycan Xalq Cumhuriyyəti Milli Ordusunun ənənələrini yüksək səviyyədə yaşatmaqdadır. Azərbaycan Ordusu öz döyüş qabiliyyətini günü-gündən daha da artırır. Hələ Azərbaycan torpaqları mənfur erməni işğalı altında olduğu dövrdə Ulu Öndər Heydər Əliyev əminliklə bildirirdi ki, Azərbaycan xalqı, Azərbaycan dövləti işğal olunmuş torpaqları mütləq azad edəcək və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi mütləq təmin ediləcək. Tarix bu dəyərli fikirlərin nə qədər uzaqgörənliklə söylənildiyini təsdiq etdi.
Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu sahəsində gördüyü işlər onun siyasi kursunun layiqli davamçısı Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev tərəfindən daha da uğurla davam etdirildi. Ordumuzun peşəkarlığı və maddi-texniki təminatı ən üst səviyyəyə qaldırıldı. Bütün bu görülən nəhəng işlər öz məntiqi nəticəsini verdi. 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun “Dəmir Yumruğu” mənfur düşmənin başını əzdi. Müqəddəs Vətən torpaqlarımız azad edildi. Ulu Öndər Heydər Əliyev ənənələri üzərində formalaşan Azərbaycan Ordusunun gücünü bütün dünya gördü.
Cavid Məmiyev,
YAP Sumqayıt şəhər təşkilatının sədr müavini
Müzakirə qapadılmışdır.