Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri Pakistan İslam Respublikasıdır. İki ölkə arasında diplomatik münasibətlər 32 il öncə qurulub. Dövlət və hökumət başçılarının qarşılıqlı olaraq bir-birinə səfərlər etməsi dövlətlərarası ikitərəfli əlaqələrin genişlənməsində mühüm rol oynayıb.
Torpaqlarımız işğal altında olduğu dövrdə və 44 günlük müharibə zamanı Pakistan İslam Respublikası birmənalı olaraq Azərbaycanın ədalətli mövqeyini müdafiə edib.
Dövlətimizin başçısı açıqlamalarında “Azərbaycan Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləyib, bu dəstək davam edəcəkdir. Biz bütün beynəlxalq təşkilatlarda bu dəstəyi və həmrəyliyi nümayiş etdiririk. Əlbəttə ki, qarşılıqlı dəstək bizim ölkələri və xalqları daha da yaxınlaşdırır. Azərbaycan xalqı çox gözəl bilir ki, 44 günlük müharibə dövründə kim bizimlə bir yerdə idi. Bu, Türkiyə və Pakistan idi. Hər iki ölkə müharibə zamanı ciddi siyasi dəstək nümayiş etdirdi” deyə bildirmişdir.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Pakistanda 30 min nəfərdən çox imkansız insana qurbanlıq paylanılıb. Fond bu ölkədə həyata keçirilən silsilə humanitar tədbirlər çərçivəsində Kəşmirin Müzəffərabad şəhərində qızlar məktəbi inşa edilib, bu ölkənin Xayber Paxtunxva əyalətində hepatit B virusuna qarşı peyvəndləşdirmə işləri aparılıb. Həmin əyalətin klinikalarında serebral iflicin müalicəsi təşkil olunub, açıq ürək cərrahiyyə əməliyyatları baş tutub, Pakistan-Əfqanıstan sərhədi boyu pulsuz qanköçürmə məqsədilə xüsusi laboratoriya ilə təchiz olunub, təcili tibbi yardım avtomobili hədiyyə edilib. Göz klinikasının tikintisi üçün maddi yardım göstərilib, Ramazan ayında Pakistanın bütün əyalətlərində kimsəsiz uşaqlar üçün iftar süfrələri təşkil edilib.
Bu, onu sübut edir ki, iki ölkə arasında ictimai, hərbi, humanitar sahələrdə əlaqələr ən yüksək səviyyədədir.
Yaxın illərdə ölkələr arasında bütün sahələr üzrə yüksək nəticə əldə olunacağı şübhəsizdir. Cənab Prezident İlham Əliyevin Pakistana dövlət səfəri də bu yöndə atılmış növbəti addım kimi qiymətləndirilməlidir.
Deputat Müşfiq Məmmədli
Müzakirə qapadılmışdır.