Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər
Sumqayıtda 6 dairə seçki komissiyası üzrə keçirilir.
AZƏRTAC xəbər verir ki, bütün seçki məntəqələri səsverməyə tam hazır vəziyyətdə işə başlayıb. Yerli və xarici müşahidəçilərin iştirakı ilə müvafiq prosedurlar yerinə yetirilib: seçki məntəqələri açılıb, səsvermə üçün qutular möhürlənib, digər zəruri tədbirlər görülüb.
Sumqayıtlı seçicilər 210 seçki məntəqəsində səs verirlər. Burada şəhər sakinlərinin öz iradələrini azad ifadə etmələri üçün lazımi şərait yaradılıb. Seçki məntəqəsinə gələ bilməyən vətəndaşların evlərinə səsvermə qutuları aparılacaq.
Qeyd edək ki, ilk dəfədir Azərbaycanın bütün suveren ərazilərində Milli Məclisə seçkilər keçirilir. Növbədənkənar seçkilər 6478 seçki məntəqəsində təşkil olunur. Onlardan 6343-ü daimi, 135-i isə müvəqqətidir.
Budəfəki seçkilərdə 125 yer uğrunda 990 namizəd mübarizə aparır. Namizədliyi qeydə alınan 305 nəfər 25 siyasi partiyanın nümayəndəsidir.
Parlament seçkilərində 6 milyon 421 min 960 vətəndaş səsvermə hüququndan istifadə edə biləcək. İşğaldan azad olunmuş ərazilərdə səsvermə hüququna malik 42 mindən artıq seçicinin konstitusion hüquqlarını reallaşdırmaları üçün 54 seçki məntəqəsi yaradılıb.
Seçki günü 18 yaşı tamam olan seçicilərin sayı 374, Milli Məclisə seçkilərdə səsvermədə ilk dəfə iştirak edəcək seçicilərin sayı isə 51 min 141 nəfərdir.
Seçkiləri izləmək üçün 51 beynəlxalq qurum və 69 ölkədən olmaqla, 598 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Yerli müşahidəçi kimi isə 112 min 749 nəfər qeydə alınıb.
Ölkə ərazisində 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Səhər 08:00-da başlayan səsvermə saat 19:00-da başa çatacaq.
Müzakirə qapadılmışdır.