“Yanvar ayında pensiyalar artımlar ilə veriləcək. Bu artımlar ilə indeksasiya nəticəsində yaranacaq artımların fərqi nədir? Yanvar ayında ödəniləcək artımlar ötən il cənab Prezidentin göstərişi ilə pensiyaçılara ödənilən illik 200 manat yardımın artıq bu ildən aylıq ödənişlərə əlavə olunmasıdır”.
“Unikal” xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Deputat xatırladıb ki, 400 manat pensiya alan vətəndaşımıza 2022-ci ildə rüblük 50, illik 200 manat yardım ödənilib:
“Bu aylıq 16.7 manat deməkdir (200 manat/12 ay=16.7 manat). Əmək Məcəlləsinə edilən son dəyişikliklərə əsasən, yardımlar da pensiyaya əlavə olunaraq indeksasiya olunacaq. Bu baxımdan, artıq yanvar ayından həmin yardımlar pensiyaya əlavə olunur. Bu halda 400 manat pensiyaya alan vətəndaşımıza yanvar ayında 416.7 manat ödəniləcək. Bu, indeksasiya olunaraq artırılmış məbləğ deyil. Qeyd edək ki, xüsusi qulluqla pensiyaya çıxmış vətəndaşlar üçün yardım onların pensiyasının 10 faizi miqdarında idi. Oxşar mexanizm həmin vətəndaşlarımıza da şamil edilir. İkinci artım indeksasiyadır. Vahid indeksasiya sistemi bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərinin hər il yanvar ayında əvvəlki il üzrə orta aylıq əmək haqqındakı artım faizinə uyğun artırılmasını nəzərdə tutur. Ötən ilin ilk 10 ayında orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,5 faiz artıb. Bu o deməkdir ki, mövcud tendensiya saxlanacağı halda bu ilin yanvar ayında pensiyalar təxminən 15 faizə yaxın indeksasiya olunacaq. Təbii ki, daha dəqiq rəqəm bu ayın sonuna doğru elan olunacaq”.
Deputat qeyd edib ki, ötən il pensiyası 400 manat olan vətəndaşımız üçün ikinci artım faizi belə hesablanacaq: “416.7 manat X indeksasiya faizi= yeni pensiya məbləği. Yəni, 416.7 manat x 15.0 faiz = 62 manat. Qeyd edim ki, 15.0 faiz təxmin olunan indeksasiya faizidir, konkret rəqəm ayın sonunda elan olunacaq. Bizim nümunədə, 400 manat pensiya alan vətəndaşımızın hər iki artımdan sonra pensiya məbləği 478.7 manat olacaq. Birinci artım indi verilsə də, 2022-ci ildə orta aylıq əmək haqqıda artımla bağlı rəsmi statistika yanvar ayın sonunda bəlli olduğu üçün indeksasiya da məhz o zaman aparılacaq. Pensiya artımları yanvarın 1-dən hesablanır, amma ikinci artımlar fevral ayında ikisi birlikdə ödəniləcək. Yardımın pensiyaya əlavə olunan məbləği isə artıq bu aydan ödəniləcək”.
Müzakirə qapadılmışdır.