Polad yumruq “General Poladın” qisasını aldı!

1629

Vətənpərvər olmaq üçün üç şərt vacibdir: “ Birincisi odur ki, vətənpərəst olmaq istəyən şəxs gərək öz vətəninin tarixini, ədəbiyyatını, cografiyasını yaxşıca bilsin. İkincisi budur ki, gərək o şəxsin bir peşəsi olsun ki, əməlləri ilə vətənə bir xeyir verə bilsin. Üçüncüsü budur ki, özünü Vətənə fəda etməkdən gorxmasın. O şəxsdə ki, bu üç şərt yoxdur, onda Vətən barəsində danışmaga dəyməz.”                                                      

Heydər  Əliyev.

Vətən nədir? Vətən sevgi və hörmətə layiq müqəddəs torpaqdır, hər birimizin anadan olduğu, soykökümüzlə baglı, ata – babalarımızın  yaşadığı yurddur, ana qucağı kimi isti məkandır. Vətən elin evi, dayağidir, qüdrətli ölkədır.

Vətənpərvərlik nədir? Vətənə sevgi, məhəbbət, milli qürur, milli hissiyyat və vətən yolunda öz şəxsi maraqlarını və hətta canını qurban verməyə əsaslanan emosional bağlılıqdır. Vətənin mədəni incilərini, öz xalqının mənafeyini qorumaq, əcdadlarımızın ənənələrinə hörmət etmək, azərbaycançılığı əks etmək, savadlı, bacarıqli,vicdanlı, ləyaqətli, cəsur, qəhraman bir insan kimi formalaşaraq bütün çətinliklərə hazır olmaq vətənpərvərliyin xüsusi keyfiyyətlərindəndir.

Vətənpərvərlik insanın daxili zənginliyidir. Əsl vətənpərvər o adama demək olar ki, o, öz vətənini bütün qəlbi ilə, canı və qanı ilə sevir. Bəs bu duyğu, bu sevgi  haradan başlayır, haradan qidalanır?!

Vətənpərvərlik duyğusu insanda kiçik yaşlarından, həyatı dərk etməyə qədəm qoyduğu vaxtdan ailədə başlanır, məktəblərdə tədris olunan humanitar fənlərin, xüsusən də ədəbiyyat, tarix, o cümlədən hərbi hazırlıq fənlərinin tədrisi ilə gənclərin milli-mənlik şüurunun təməli qoyulur, bu təməl ali təhsilocaqlarında inkişaf etdirilərək vətənpərvərlık  ruhunda tərbiyəyə müstəsna təsir gostərir, sonra isə cəmiyyətin bütün sahələrində onun vətəndaşlıq münasibəti formalaşır.

Vətənpərvər yetişdirmək Azərbaycan dövlətinin gələcəyini, millətin sabahını təyin etmək deməkdir. Çünki cəmiyyətin və dövlətin inkişafı onun hər bir fərdinin vətəndaşlıq mövqeyindən asılıdır. Ümumtəhsil məktəblərində təhsilin bütün pillələrində vətənpərvərlik istiqamətində təlim – tərbiyə işinin həyata keçirilməsi üçün geniş imkanlar vardır. Şagirdlərin vətənpərvərlik ruhunda böyümələri Vətənlərini sevmələri deməkdir. Bu işdə müəllimlərin üzərinə boyük vəzifə düşur.

Vətənpərvərlik istiqamətində məqsədyönlü tədbirlərin keçirilməsində 34 sayli tam orta məktəbin müəllim kollektivinin səyi az olmamışdır. 1988 – 1993-cü  illərdə məktəbin dil – ədəbiyyat müəllimi Çöhrə İbrahimovanin, tarix müəllimi Habil Xəlilovun, rus dili müəllimi Persiyani Səkinənin, ibtidai sinif müəllimi Barat İsfəndiyarovun müntəzəm olaraq keçirdikləri tədbirlərin ənənəsi o vaxtdan etibarən davam etdirilir(Adlari çəkilən müəllimlərin heç biri həyatda yoxdur, Allah onlara rəhmət eləsin).Ədəbiyyat dərnəyinin rəhbəri Çöhrə müəllimənin dərnək üzvləri ilə birlikdə hazırladıqları “Qalx ayağa, Azərbaycan” adlı gecə indi də aktuallığını saxlayan bir tədbir kimi yadimdadır. O gecə şagirdlərin dili ilə ulu Şəhriyarimizin  çağırış dolu misralari dilləndi :

Qalx ayağa, ya azad ol, ya tamam yan, Azərbaycan!

“Dünyada hər şeyi dəyişmək olar Vətəndən savayı, Vətən dəyişmir. Vətən tale töhvəsidir, sevin Vətəni, ana qədər sevin!”söyləyən Günay Həsənova sanki bütün Azərbaycan xalqını mübarizəyə səsləyirdi. “Biz vətən anlayışının mügəddəsliyini Sabiri, Mirzə Cəlili dərk etməyə başlayandan, Üzeyir bəyin “Koroğlu”sunu  dinləyəndən, Səməd Vurğunun şerlərini oxuyandan sonra duymuşuq” – deyən Mehparə Abbasova hamını dahilərimizi tanımağa, vətəni sevməyi onlardan öyrənməyə çağırırdı. “Torpağına can desək də, canına qurban desək də, niyə qoruya bilmirik səni, Azərbaycan?! Daşın, torpağin qan ağlayir, didərgin salınan yurddaşları ilə birgə ağlayır Vətən torpağı. Qalx ey vətən oğlu, qurban olum,qalx!” deyib için- için ağlayan Aynur Bədirxanzadənin tükürpədən səsi əks-səda verdi:

Türk oğlu, nə düşünürsən?

Düşmən tülkü, sənsə şirsən.

O pusquda dayanırkən,

Sən özünlə didişirsən.

Beşiyi başında Oğuz xanin, Şah İsmayıl Xətainin, Məmməd Əmin Rəsulzadənin durdugu Azərbaycan dovlətçiliyi təhlükədədir. Qalx ayağa,qalx! Ey pir olan xalq!”- deyərək bağırdı o gün Lətafət Laçınova, sanki hamını birliyə cağırdı. O gün uşaq da, gənc də, böyük də imdad istədi Tanrıdan, üz tutdu Tanrıya:

Aylı – ulduzlu bayrağı payidar eylə, ey Tanrı!

Bayraq ucaldan torpağı bəxtiyar eylə,ey Tanrı!

 Bəli. vətənpərvərlik budur. O tədbirin adları çəkilən fəal iştirakçıları – 8a sinif şagirdləri hal-hazırda fəal müəllim kimi dilimizin incəliklərini, ədəbiyyatini sevə-sevə tədris edir, öz şagirdlərini milli zəmində, vətənpərvərlik ruhunda tərbiyə etməyə calışırlar, onlar üçün çətin deyil əlbəttə,cünki onlar vətənpərvərlik ideyasi ilə doyunca qidalandırılmışlardir. Onu da geyd edim ki, Azərbaycanımızın igid oğlu, milli qəhrəmanimiz Polad Həşimov da o illərin məzunlarından olmuşdur. Oz intelektual tərbiyəsi, məntiqi və çevik təfəkkürü, hərtərəfli biliyi və aktiv fəaliyyəti ilə fərqlənən şagird Polad bütün məktəb kollektivinin sevimlisi kimi müstəqil həyata qədəm qoyaraq qarşısına qoyduğu məqsəd uğrunda mübarizəyə qatıldı. Məqsədi tarix muəlliminin sərt iradına qarşımətanətli cavab vermək üçün qəti qərar qəbul etmək idi. “Torpaqlarımız bir-bir əldən gedir, məgər bir kişi tapılmayacaq ki, o torpaglari geri alsin?!”

Sinifdə bir söz deməsə də,evə gəlib Səmayə anaya “hərbçi olacağam” deyə qəti qərar verir və qərarının üstündə dayanaraq cəsarətli, igid, qorxmaz bir hərbçi, mərhəmətlivəqayğıkeş bir “əsgər atasi” olur. Təhsilini davam etdirməklə yanaşı azadlıq uğrunda vuruşur, öyrədir, yeni ideyalari ilə, əldə etdiyi məlumatlarla,  bacarıqları  və ağıllı məsləhətləri ilə tez bir zamanda orduda və cəmiyyətdə hamının sevimlisinə cevrilir. Bir yandan Vətən dərdi, bir yandan ailə və əsgər  qayğisi, digər bir tərəfdən daxili düşmənlərlə mübarizə polad iradəli Poladımızı yormur. Müxtəlif hərbi hissələrdə xidmət edərək müxtəlif vəzifələrdə çalışır. Ən əvvəl “Hərbi Hissə Komandiri”, 28 yaşında “Mayor”, 6 il sonra “Polkovnik – leytenant”, 2017- ci ildən “Qərargah Rəisi”kimi fəaliyyət gostərərək dəfələrlə “Vətənə xidmətə görə”, “Qüsursuz hərbi xidmətlərə görə” müxtəlif dərəcəli orden və medallarla təltif olunur.

2019-cu ilin iyun ayında Polad Həşimova “General – mayor” ali hərbi rütbəsi verilir. Sadə, təvazökar, qüdrətli el oglu bu ugurlardan şad olsa da , onları canı qədər sevdiyi Səmayə ananin zəhmətinin bəhrəsi,hədiyyəsi olduğunu söyləyir. Çünki onun istəyi bu təltiflər yox, Vətənin azadlığı, bütövlüyü uğrunda mübarizəni davam etdirib qələbə müjdəli xoş xəbərləri həyatda olmayan tarix müəlliminin ruhuna hədiyyə göndərmək idi. Onun üsyani, harayı Qarabağ, mükafatımüqəddəs Azərbaycan bayrağını  Şuşada ucaltmaq idi. Bu arzular halal gerçəkliyə çevrilsə də, bunu görmək  general Polada gismət olmadı. 2020-ci il iyul ayının 14-də Tovuz rayonu istiqamətində gedən doyüşlərdə tabeliyində olan əsgərlərlə bir yerdə şəhid oldu. Onun iyul ayında şəhid olması, sentyabr ayında II Qarabağ müharibəsinin başlanmasına təkan verdi.

General Poladın ölümü “cəmiyyət üçün böyük itki” adlandırıldı. Cənazəsi ata yurdu Qəbələnin Vandam kəndinə aparılıb qaytarılana qədər elə bil ki,  şəhidin ruhu nəşindən ayrılıb  yolboyu bütün bölgələrə namus, ləyagət,qeyrət toxumu səpərək çırpınırdı və “Qalx, ey Vətən oğlu, qalx mübarizəyə” pıcıldayaraq  səbr kasası dolmuş, için-için sızıldayan millətin qulaqlarında əks-səda verirdi; onları sanki Vətən uğrunda savaşa çağırırdı. Sumqayitda onun yaşadığı evin ətrafinda və təhsil aldığı məktəbin həyətində yüzlərlə insan toplaşib hörmətlə, ürək yanğısı və göz yaşları ilə şəhidin nəşini qarşılamaq üçün səbrsizliklə gözləyirdilər. Qorxmaz, mətin,cəsarətli gənclər Vətənə və generala qarşı böyük sevgi və məhəbbət nümayiş etdirir, yürüşlər edir, icra məmurlarından səfərbərliyin bərqərarolunmasi üçün kömək etmələrini tələb və xahiş edirdilər. O gənclərin arasında məktəblilər və məktəbimizin yetirmələri az deyildi.

Hamı düşməndən qisas almaq niyyəti ilə savaşmaq, Vətən qarşısında öz vətəndaşlıq borcunu ödəməyə tələsirdi. Pandemiya ilə əlaqədar “evdə qal” tələbinə baxmayaraq, heç kəs evdə qalmamışdı. Daş da, divar da, torpaq da, böyük də, kiçik də, nəğmə də, şer də bir arzuyla dilə gəldi o gün: “Özünə qayıt, türk oğlu, özünə gayidanda böyük olursan sən”. Ölkəmizin hər qarışında “əsgər atası”nın cənazəsi cox doğma qarşılandı; yeniyetmə və gənclər onu ata kimi, həmyaşıdları dostkimi, atalar ogul kimi, bacılar qardaş kimi qarşıladılar igid Poladımızı o gün. Analar isə əyinlərinə qara geyinərək hissləri donmuş, oğul dərdindən bala laylasını unutmuş Səmayə ananın naləsinə qoşulmaq üçün, “Sən tək deyilsən” deyə ona təsəlli üçün vidalaşma mərasimində iştirakedirdilər. Hamının üzündə Vətən həsrəti, ürəyində Vətən yanğısı alovlanırdı:“Torpaqdan pay olmaz, Vətən basılmaz!” deyə etiraz səsləri ucalir, bütün ölkəni bürüyürdü:

Babamdan bu torpaq mənə mirasdır!

Bu torpaq üstündə ölsəm də azdır!

 

“El bir olsa, dağ oynadar yerindən” deyib babalarımız. Gündən-günə xalqımız birləşir,qüdrəti, qüvvəsi artir, lakin “yarimçiq Azərbaycan”yarası dərinləşirdi. Hətta xəcalətə çevrilib insanlıq qürurumuzu əzirdi. Bu heç vaxt belə qala bilməzdi.Çünki Azərbaycan xalqı mübariz, əsl vətənpərvər və öz soykökünə sadiq xalqdir, həm də Allaha söykənən, əli Quranlı,ağzı dualı xalqdır:

Qalxaq torpaq eşqinə, aydın sabah eşqinə,

Allah bizə yar olsun, Qalxaq Allah eşqinə.

 Bəli, UluTanri koməyimizə çatdi. Azərbaycan Respublikasinin prezidenti, sarsılmaz ordumuzun Ali Baş Komandanı İlham Əliyev  xalqın səsinə səs verdi:Niyə torpağımı mən verim yada?!…Torpaq mənim deyil, xalqındır torpaq! – düşünərək səfərbərliyin bərqərar olunması üçün sərancam verdi. Xalqın birliyindən, dəstəyindən qürurlanan ölkə liderimiz yumruğunu büküb, “Allah bizə yar olsun” deyərək, bütün dünyaya mesaj göndərdi: Qarabag bizimdir, Qarabağ Azərbaycandır!

El igidləri ilə taninar. Azərbaycanımızın mərd, cəsur, qəhrəman oğulları böyük vətənpərvərlik və qürur hissi ilə içində zülmət gəzən, sinəsini yad çəkmələr əzən, dağlarında anaların naləsi, qız-gəlinin ahı, sonsuz arzuları, xoş səadətləri qalan Vətən torpağını azad etmək üçün könüllü olaraq silaha sarıldılar; ömürdən pay verməyə qərar verdilər:

Çəkil torpağımdan, ey yağı düşmən

Şeytanın ümidin üzən millətəm,

Dünyani üstümə qaldırdın yetər.

Dünyanın dərdinə dözən millətəm

Düşmənin bağrını yaran millətəm.

Vətən viranə də olsa cənnətdir; O dəyişmir, satılmır, köhnəlmir. Bu müqəddəs məkanda keçmişlə indimiz və gələcəyimiz qovuşur. Nə işi var pak və müqəddəs torpaqda murdar və xain düşmənin?! Yol verməzdi buna mənim igidim!  O igidlər ki, Polad və onun kimi qəhramanlarımızın intiqamını almaq hissi ilə alovlanırdılar. Bu alov düşmən qüvvələrinin gözlərini qamaşdırıb kor etdi; onların bağrını yardı; Çünki el igidləri təkcə odlu silahlarla deyil, soyuq silahlarla, dişləri və dırnaqları ilə də savaşırdılar; duşməni öz şəxsi ambisiyalari və çirkin əməlləri ilə birlikdə cəhənnəməgöndərdilər. Özləri isə gülə-gülə, mahnı oxuya-oxuya müharibənin son gününə  qədər qəhrəmancasına vuruşaraq qan tökdülər, şəhid oldular, cənnət qapısından keçib səmalara ucaldılar; elə bir ucalıqdadırlar ki, ölməzliyi qazandırdı onlara bu ucalıq; can verəndə ulduzlara baxıb onları saya-saya gözlərini yumub əbədiyyata, ulduzlara qovuşdular; sanki ulduzlara həsəd aparırdılar ki, onlar əbədi olaraq zülməti işıqlandırır. Siz də ulduzlar kimi millətin qaranlıq dünyasını əbədi işıqlandırdınız; qələbə sevincini bizə hədiyyə etdiniz; Allah Sizə rəhmət eləsin, ruhunuz şad olsun, elimin, obamın dəyərli, ləyaqətli ailələrinin cəsur, qorxmaz, qəhrəman balaları! Arzunuza catdınız, millətin qisasını aldınız, digər arzulariniz isə yarımçıq qaldı. Siz ölmədiniz, məkan dəyişdiniz, xalqın sevgisi yaşadacaq Sizi, arzularınızı gerçəkləşdirəcək xalqım və ana sevgisi.

Bala dadı bal dadır, bu dad çox şirin olsa da, ürək bulandırmaz; balasızlıq dadının nə olduğunu bilmək istəməyən ata-analar müqəddəs Vətən bayrağı onlara təqdim olunanda Vətən şirinliyindən acı balasızlıq dadına qatıb o dadı udmağa məcbur oldular; gözlərindəki oğulsuzluq həsrəti göz yaşlarına çevriləndə başlarını çox uca tutub qürurla “Vətən  sağ olsun!” dedilər. Siz sağ olun! Siz var olun ki,əslvətənpərvərlər böyüdüb Vətəni azad etdiniz, Sizin balalarınız elə iz qoyub gediblər ki,  adlarını hər kəsin ömrünə yazıblar; uzun illərdir heç kəsin edə bilmədiyi azadliq sevgisini bəxş ediblər insanlara; “qaçqın”, “köçkün” kəlmələrini axmaq düşmənın beyninə yazıb  xəcalətdən xilas ediblər yurddaşlarımızı. Bu halal balalar sübut etdilər ki, Vətən övladları Vətən uğrunda ölməyi bacarmasa, Vətən dirilməz. Siz sağ olun!

Rəhbərə hörmət Qurani Kərimdən gəlib xalqımızın həyatına. 44 günlük müharibə ərzində məğlubedilməz ordumuzu idarə edən Ali Baş Komandan xalqın dili ilə danışdı; həm qəlbən, həm də mənən xalqa yaxınlaşdı; yaranmış vəziyyətlə əlaqədar münasibət bildirmək üçün hamıya mətbuatda əlverişli şərait yaradıldı. Xalq prezidentimizin arxasında dayanıb ona ruh verdi, imdad üçün Allaha uzadılan bükülmüş yumruq dəmir yumruğa cevrildi; xalgın dəstəyi ilə rəhbərə bağlılıq artdı; cəmiyyətin bütün sahələrində insanlar Ali Baş Komandanla birlikdə mübarizə apardı.  Ölkə başçısı təkcə Vətən müharibəsi deyil, həm də siyasi müharibə, informasiya müharibəsi apardi. Öz alicənablığı, aktiv fəaliyyəti, bacarıqları, dilmanclığı, əməkdaşlıq etmək səviyyəsi, səmimi olmağı, natiqlik qabilliyyəti,  fikirləriniarqumentlərlə dəqiq izah etməyi, səbrlə dinləmə bacarığı və əsrin hərtərəfli şəxsiyyətinin garşısına qoyulan digər bu kimi musbət keyfiyyətləri ilə  başqa dünya liderləri içərisində fərqlənən İlham Əliyev dünya jurnalistlərinin hər birinə öz dili ilə cavab verərək onları susdurdu, “mənim  xalgım qürurum,  qəhrəman  ordum qüdrətimdir” deyərək XXI  əsrin müharibəsini igidliklə başa vura bildi; polad kimi dəmir yumruğu düşmənin boş başına çırpdı; onları ağ bayraq qaldırmağa məcbur etdi və zəfər bayrağımız qürurla Şuşada qaldırıldı. Ölkə başçımız sözünün üstündə dayandı. Səmayə anaya söz verdiyi kimi, polad yumruq “General Poladın” qisasını aldı. Şəhidlərimizin qanı yerdə qalmadi, müharibənın od-alovu içindən keçən əsgərlərimizin zəhməti itmədi. Allah şəhidlərimizə rəhmət, qazilərimizə şəfa, şəhid analarına və atalarına səbr versin. Siz tək deyilsiniz, dövlətimiz və xalqımız həmişə Sizin yanınızdadır.Başınızı uca tutun, ey halal övlad boyüdən gözəl insanlar!

Sual olunur, indiki gənclikdə  bu qədər Vətən sevgisi haradandır ki, onlar özlərini cəmiyyətdə təsdiq edə bildilər?  Elə başa düşülməsin ki, vətənpərvərlik ruhunda tərbiyə ancaq döyüş meydanları üçündür.Bir də ki, 30 ildirki,     ölkə rəhbəri başda olmaqla xalqımız işğal olunmuş torpaqlar ugrunda mübarizə aparır; qan tökülməsin deyə sülh yolu ilə mübarizə üçün çalışırdı dövlətimiz. Düşmənimizin nadanlığı üzündən bu mümkün olmadı, xalqın tam hazırlığı bəlli olandan sonra problemin  həlli aslan ürəkli  vətənpərvərlərə tapşırıldı. Həlli də bəyan oldu. Necə onlar vətənpərvər oldular?! Ailədə gedən söhbətlər,uşaq baxçalarinda,ümumtəhsil məktəblərində, ali təhsil ocaqlarında keçirilən tədbirlər vətənpərvərlik ruhunda tərbiyə üçün mühit yaratmaq demək idi. İndi də bu ənənələr davam etdirilir. Vətən müharibəsinin gedişizamanı və qələbə ilə əlaqədar 34 saylı tam orta məktəbin coğrafiya müəllimi Təranə Manafovanın, ibtidai sinif müəllimləri Nərgiz Ağayevanın və Şəfəq İbrahimovanın Virtual məktəb  proqrami çərçivəsində şagirdləri ilə birlikdə keçirdikləri onlayn tədbirlər təqdirəlayiq hesab edilə bilər. Belə tədbirlərin keçirilməsi vətənpərvərlik tərbiyəsi istiqamətində inkişafa təkan verir. Hərbi paradlar təşkil etmək, hərbi hissələrə, muzeylərə baş çəkmək, şəhidlər xiyabanını ziyarət etmək, Bayraq meydanına yürüşlər etmək, müharibə veteranlari,əmək veteranları ilə, müharibə iştirakçıları ilə görüşlər keçirməklə vətənpərvərlik tərbiyəsini inkişaf etdirmək olar. Unutmayaq ki, şagirdlərimiz sərhədlərimizi bilməli, şəhidlərimiz haqqinda məlumatlı olmalı, milli qəhramanlarımızı tanımalıdırlar. Onlar haqqında şer və mahnı müsabiqələrinin keçirilməsi, şəhidlərimizin həyat və fəaliyyətləriniəks etdirən albomların və lövhələrin hazırlanması, sənədli filmlərin çəkilməsi, rəsm müsabiqələri, xarici dildə “Səfirlərin görüşü”, “Jurnalistin müsahibəsi”, “Mənim galib Vətətənim”, “Bayrağımız qürurumuzdur!”vəbu kimi tədbirlərin keçirilməsi vacibdir.

Bu gün müstəqil Azərbaycan istənilən sahə üzrə uğurla, inamla inkişaf edir. Bu dinamik inkişafdan geridə qalmamaq üçün hər bir kəs öz üzərinə düşən vəzifəyə vicdanla yanaşmalı, məsuliyyətli olmalı, əməkdaşlıq etməyi bacarmalı, Vətəni də  onun vətəndaşını sevməlidir. Artıq döyüş meydanı yerini quruculuq meydanına verib; “Ağıllı Şəhər”, “Ağıllı Kənd” layihəsınə qoşulaq, quraq, yaradaq, elin həsrəti ilə çağlayıb-ağlayan bulaqlarımızı, qonaq əyləndirən sərin yaylaqlarımızı,barlı-bəhrəli meyvə bağlarımızı, solmayan gül bağçalarımızı cənnətə çevirək; əsl vətənpərvər olaq; təxribat formalı hər dedi-qoduya uymayaq; ölkə başçısının ətrafinda daha sıx birləşək; dəmir yumruğu  qızıl yumruğa çevirək; ona elə parıltı verək ki, parıltısı düşmənın və onun havadarlarının gözlərını bağlasın, bizi bəd nəzərdən qorusun. Haray kimi dünyaya yayılan mesaj qalibiyyət devizi kimi əbədi olaraq dünyanın yaddaşında qalsın: “Qarabağ bizimdir!”, “Qarabağ Azərbaycandır!”, “Bütöv Azərbaycan bizimdir!”- Unutmayaq ki, onun göylərində əcdadlarımızın ruhları dolaşır; torpağı isə halal və pak şəhid qanı ilə örtülüb. Sevindirək onların ruhunu! Allah bizə yar olsun!

Bağdagül Hüseynova,

Sumqayıt şəhəri,34saylı tam orta

məktəbin sabiq ingilis dili müəllimi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Xeyale Elirzayeva
    Mart 2, 2021 - 12:45

    Chox hormetli,her kes uchun deyerli ve eziz olan,senetinin vurgunu,menim ikinci anam Bagdagul muellime,istifade etdiyiniz her bir kelme,ishletdiyiniz her bir cumle insanda vetenperverlik eshqini daha da artirir.Allah size saglam omur versin.Novbeti meqalelerinizi oxumaq dileyile…

  • Sevinc Qasımova
    Mart 9, 2021 - 00:07

    Ürəyi həmişə vətən eşqi ilə döyünən gözəl insan,mehriban nənə və sənətinin vurğunu olan,şagirdlərinin sevimli müəlliməsi BAĞDAGÜL müəllimə!Bu qəhrəman oğullar həmişə qəlbimizdə yaşayacaq ,hər kəsi kövrəldən məqamlara toxunmusuz.Qələm tutan əlləriniz var olsun .Növbəti məqalənizi gözləyirik. Allah sizi qorusun!😘

  • Aysel
    Mart 16, 2021 - 23:22

    SİZİN KIMI müəllimənin bele Qəhrəman şagirdlərinin olmasi təəccüblü deyil. Ən gözəl insanı keyfiyyətlərə sahib pedaqoq tarix yazan qəhrəman yetişdirir. Allah sizi qorusun 🤲❤️

Aysel üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər