Prezident İlham Əliyev komitə sədrinə tapşırıq verdi: "Sumqayıt şəhərini nəzərə alın"

3294

“Gələn il biz köçkünləri mümkün qədər çox yerləşdirməliyik”.

“Report”un məlumatına görə, bunu Prezident İlham Əliyev oktyabrın 18-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevi qəbul edərkən deyib.

Rövşən Rzayev: Gələn ilin proqramını biz üç variantda işləmişik. İcazənizlə, mən Sizə bu variantları bir-bir məruzə edim. Deməli, biz gələn il Abşeron rayonunda əlavə olaraq 1890 ailəlik, Goranboy rayonunda isə 552 ailəlik qəsəbələr sala bilərik. Bunlar üç variantdır, Sizin diqqətinizə çatdırırıq, tapşırıqlarınızı gözləyəcəyik. Gəncə şəhərində 1512 ailəlik qəsəbə sala bilərik. Bunların hamısının vəsaiti Sizin tərəfinizdən ayrılıbdır. Qaradağ rayonunun “Ümid” qəsəbəsində də 500 ailəlik şəhərcik sala bilərik. Şəmkir rayonunun ərazisində 375 məcburi köçkün ailəsi üçün yeni qəsəbə tikə bilərik. Bu, bizim təqdim edə biləcəyimiz ikinci variantdır. Üçüncü variantımız – məcburi köçkünlər üçün Binəqədi rayonunda ayrılmış torpaqlarda 800 ailəlik, Gəncə şəhərində 1512 ailəlik və Samux rayonunun ərazisində 200 ailəlik qəsəbələr sala bilərik.

Prezident İlham Əliyev: Əgər biz bunu həll etsək, ümumiyyətlə, nə qədər köçkün ailəsi yerləşdiriləcək?

Rövşən Rzayev: Bununla bağlı biz üç variantda sənəd hazırlamışıq, icazənizlə, diqqətinizə təqdim edim. Birinci variantda toplam 6989 ailənin, ikinci variantda 6934 ailənin, üçüncü variantda isə 7059 ailənin yerləşdirilməsi nəzərdə tutulub.

Prezident İlham Əliyev: Məncə biz üçüncü variant üzərində dayanmalıyıq. Gələn il biz köçkünləri mümkün qədər çox yerləşdirməliyik. Siz bu proqrama yenidən baxın, xüsusilə Bakı və Sumqayıt şəhərlərini nəzərə alın. Çünki ən çox köçkünlərin məskunlaşdığı şəhərlər Bakı və Sumqayıtdır. İndi biz bölgələrdə vəziyyəti böyük dərəcədə yaxşılaşdıra bilmişik. 2007-ci ildə bütün çadır şəhərcikləri ləğv edildi və Azərbaycanın rayonlarında 100-dən çox şəhərcik salınmışdır. Ona görə bu proqramı mən bütövlükdə təsdiqləyirəm. Ancaq buna əlavələr edilməlidir, daha böyük həcmdə evlər tikilməlidir. O ki qaldı, buna lazım olan vəsaitə, biz vəsait taparıq. Çünki bu, bizim üçün ən prioritet məsələdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər