Prezident İlham Əliyev Sumqayıtda avtomobil istehsalı zavodunun açılışında iştirak etdi

368

Azərbaycan Prezidenti İlham Əliyev, həmçinin “Az-Tex-İmport” MMC-nin “IVECO” markalı yük və xüsusi təyinatlı avtomobil istehsalı zavodunun açılışında iştirak etdi.

“Az-Tex-İmport” MMC 2022-ci ilin aprelində Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Bu müəssisənin təməli də elə həmin il dövlətimizin başçısı tərəfindən qoyulub.

Müəssisə İtaliyanın “IVECO” markalı yük və xüsusi təyinatlı avtomobillərinin yığımını həyata keçirəcək. Layihənin ikinci mərhələsində avtomobillərin kuzalarının istehsalı da nəzərdə tutulur. Zavodda ildə 100 ədəd yük avtomobili və xüsusi texnika, 300 ədəd kuza istehsal olunacaq. Hər iki mərhələ üzrə müəssisədə 150 yeni iş yerinin yaradılması planlaşdırılır. Artıq layihənin birinci mərhələsi üzrə 96 nəfər işlə təmin edilib.

Dövlətimizin başçısı müəssisəni işə saldı.

Zavodda istehsal ediləcək məhsulların daxili bazarda satılması ilə yanaşı, xarici bazara çıxarılması da nəzərdə tutulur. “Az-Tex-İmport” MMC də Sumqayıt Sənaye Parkının rezidentlərinə verilən bütün vergi və gömrük güzəştlərindən faydalanıb.

Ümumi investisiya dəyəri 19,2 milyon manatdan çox olan layihə Sumqayıt Kimya Sənaye Parkında 4 hektar ərazini əhatə edir.

Yeni müəssisələrin fəaliyyətə başlaması ölkəmizdə qeyri-neft sektorunun inkişafını sürətləndirəcək, ölkənin ixrac coğrafiyasını genişləndirəcək, iqtisadiyyatın şaxələndirilməsini sürətləndirəcək, məşğulluğun artırılmasına mühüm töhfə verəcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər