Prezident İlham Əliyevin 12 noyabr 2025-ci ildə Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbulu zamanı söylədiyi çıxış dövlət idarəçiliyinin mahiyyəti, regional inkişafın yeni hədəfləri, sosial ədalət prinsipləri və məmur məsuliyyəti ilə bağlı mühüm mesajlarla yadda qaldı. Prezidentin nitqi həm ölkənin bugünkü inkişaf mərhələsini dəyərləndirir, həm də qarşıdakı dövrdə region rəhbərlərinə strateji xəttin nədən ibarət olacağını dəqiq şəkildə göstərirdi. Dövlət başçısının vurğuladığı əsas məqamlar göstərir ki, ölkədə aparılan genişmiqyaslı islahatlar yeni mərhələyə keçib və bu mərhələdə əsas yük birbaşa bölgələrdə çalışan rəhbərlərin üzərinə düşür.
Prezident İlham Əliyev yeni təyin olunan məmurlara göstərilən etimadın böyük məsuliyyət tələb etdiyini vurğulayaraq qeyd etdi ki, hər bir rəhbərin birinci vəzifəsi xalqa xidmət etməkdir. Dövlət başçısı bildirdi ki, bölgələrdə çalışan məmurlar daim xalqla iç-içə olmalı, problemləri yerində öyrənməli və tapşırıqların icrasını operativ təmin etməlidirlər. Prezidentin sözlərinə görə, rəhbər şəxslərin təvazökar davranışı, şəxsi həyatlarında da nümunəvi mövqedə olmaları dövlətin siyasətinə dəstək baxımından mühüm amildir. O, təəssüflə qeyd etdi ki, bəzi məmurların təkəbbür, özbaşınalıq və korrupsiyaya bulaşmaları həm nüfuzlarına xələl gətirir, həm də dövlət siyasətinə zərər vurur. Prezident bir daha bildirdi ki, əyri yola gedən hər bir məmur qanun qarşısında cavab verir və verəcək.
Çıxışında xüsusi yer alan məsələlərdən biri korrupsiyaya qarşı mübarizə idi. Prezident bəyan etdi ki, Azərbaycanda mərkəzi icra orqanlarında aparılan islahatlar nəticəsində məmur korpusunda ciddi sağlamlaşma təmin olunub. Qanunsuz tapşırıqların verildiyi dövrlər artıq arxada qalıb, belə tapşırıqları verən və illər ərzində qanunsuz varlanmaya üstünlük verən məmurlar məhkəmə qarşısında cavab verirlər. Prezident həmçinin vurğuladı ki, əgər bundan sonra hansısa məmur qanunsuz göstəriş verməyə cəhd edərsə, bu barədə dərhal dövlət başçısına məlumat verilməlidir və həmin şəxslərə qarşı ən sərt tədbirlər görüləcək.
Dövlət başçısı bölgə rəhbərlərindən tələb etdi ki, kadr siyasətində dürüst, mənəvi cəhətdən təmiz, peşəkar kadrları irəli çəksinlər. Rəhbərlər öz fəaliyyətləri ilə dövlətin onlara göstərdiyi etimadı doğrultmalıdırlar.
Prezident İlham Əliyev son illər bölgələrdə həyata keçirilən infrastruktur layihələrinin miqyasını xatırladaraq bildirdi ki, demək olar, bütün əsas istiqamətlər üzrə vəziyyət tam sabitləşib. Elektrik enerjisi təminatının gücləndirilməsi, magistral və şəhərlərarası yolların yenilənməsi, kənd yollarının 70–80 faizinin keyfiyyətli şəkildə təmir olunması, içməli su layihələrinin bütün şəhərlərdə icrası, kəndlərdə suvarma və su infrastrukturu ilə bağlı görülən işlər – bütün bunlar regionların sosial-iqtisadi inkişaf proqramlarının nəticələridir.
Prezident İlham Əliyev qeyd etdi ki, ölkənin bütün bölgələrində, eləcə də işğaldan azad edilmiş ərazilərdə müasir infrastruktur yaradılıb və bu, regional inkişafın davamlılığını təmin edir. Vuğulandı ki, bölgələrdə əhalinin narahat edən məsələlərin həllində əsas prinsip sosial ədalət olmalıdır. O xatırlatdı ki, vaxtilə proseslərin mənfi istiqamətdə getməsinə səbəb məhz bəzi mərkəzi məmurların yanlış tapşırıqları, özbaşınalıqları idi. Bu məmurlardan artıq “əsər-əlamət qalmadığını” qeyd edən dövlət başçısı vurğuladı ki, bundan sonra bölgələrdə ədalət prinsipinin pozulmasına yol verilməməlidir.
Prezident bölgələrdə məşğulluğun artırılmasını əsas prioritet kimi göstərərək bildirdi ki, işsizliyin azaldılması istiqamətində genişmiqyaslı islahatlar aparılıb. Lakin buna baxmayaraq, böyük şəhərlərə miqrasiya hələ də mövcuddur və bunun səbəblərindən biri bölgələrdə kifayət qədər iş yerlərinin olmamasıdır.
Dövlət başçısı yerli rəhbərlərə tapşırdı ki, yeni iş yerlərinin yaradılması üçün aktiv çalışsınlar, sahibkarlar üçün əlverişli mühit formalaşdırsınlar, dövlət proqramları – o cümlədən özünüməşğulluq proqramı – daha geniş tətbiq olunsun. Kənd təsərrüfatının, turizmin inkişafı bölgələrin iqtisadiyyatında həlledici rol oynamalıdır.
Prezident İlham Əliyev ekoloji tarazlığın qorunmasını region rəhbərlərinin mühüm vəzifələrindən biri kimi qeyd etdi. Xüsusilə qanunsuz fəaliyyətlər – çayların məcrasının dəyişdirilməsi, qanunsuz tikinti materiallarının çıxarılması və digər ətraf mühitə ziyan vuran fəaliyyətlərlə bağlı dövlət başçısı ciddi xəbərdarlıq etdi. Qanunsuz fəaliyyətlərə qarşı sərt tədbirlər görüləcək və heç bir istisna olmayacaq.
Dövlət başçısı xatırlatdı ki, Bakı və Sumqayıt artıq ekoloji cəhətdən ən çirklənmiş şəhərlər statusundan çıxıb, parklar şəhərinə çevrilib. Eyni yanaşma bütün bölgələrdə tətbiq edilməlidir.
Sonda Prezident İlham Əliyev bildirdi ki, yeni təyin olunan rəhbərlər üzərlərinə düşən böyük vəzifəni layiqincə yerinə yetirməli, dövlətin onlara göstərdiyi etimadı əməli fəaliyyəti ilə doğrultmalıdırlar. Dövlət başçısı əmin olduğunu ifadə etdi ki, yeni rəhbər heyəti xalqa yaxınlığı, ədalətli idarəçiliyi, şəffaf fəaliyyəti ilə insanların rəğbətini qazanacaq.
Hümbət Quliyev, Sumqayıt şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri


Müzakirə qapadılmışdır.